Qətlə görə məhkəmə hakimləri cəzalandırıldı

Foto: Meydan TV

Bəraət alan şəxs qətlə yetirilib

Paytaxtda qisasçılıq zəminində baş vermiş qətl hadisəsinə görə dolayısıyla Bakı Ağır Cinayətlər Məhkəməsinin üç hakimi günahkar sayılıb. Yəni onlar yanlış qərar verməsəydilər, bu qətl hadisəsi də baş verməyəcəkdi.

Söhbət kriminal aləmdə “Lotu Qulinin yaxın adamı” və “Emin 444” (avtomobilinin nömrəsinə görə) kimi tanınan Emin Səfərovu öldürməkdə ittiham olunaraq həbs edilən Zaur Yusifovun bəraət alıb azadlığa buraxılması, daha sonra onun özünün də qətlə yetirilməsindən gedir. 2021-ci ilin oktyabrında həbsdən buraxılan kikboksinq üzrə dünya çempionu Zaur Yusifov 2022-ci ilin martında odlu silahla qətlə yetirilib.

Onun qətlinə görə isə Emin Səfərovun xalası oğlu Samir Şirəliyev həbs olunub.

Emin Səfərovun qətlinə görə Zaur Yusifovla yanaşı Həsən Tağıyev də həbs olunmuşdu. Bakı Ağır Cinayətlər Məhkəməsində İlham Mahmudovun sədrliyilə, Faiq Qəniyev və Səbuhi Hüseynovdan ibarət hakimlər kollegiyası aylarla bu işə baxıb. Zaur Yusifov məhkəmədə çıxışlarında bildirib ki, Emin Səfərovun qətlinə heç bir aidiyyəti yoxdur. Əksinə, o, Həsən Tağıyevlə Emin Səfərov arasındakı problemi yoluna qoymaq, onların münasibətlərindəki gərginliyi aradan qaldırmaq istəyib. Bunun üçün dəfələrlə çalışıb.

Həsən Tağıyev özü də deyib ki, Emin Səfərovu təkbaşına qətlə yetirib, bu işdə Zaur Yusifovun günahı olmayıb. Onun sözlərinə görə, qarşı tərəfin hərəkətlərindən bezdiyi üçün bu addımı atmağa məcbur olmuşdu.
Lakin Emin Səfərovun anası iddia edirdi ki, onlar yalan danışır, baş verənlərdə nəinki Zaur Yusifov, hətta onun ailə üzvlərinin də rolu olub.

Araşdırmalardan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Zaur Yusifov haqqında bəraət hökmü çıxarıb, onu məhkəmə zalından azad etmişdi. Həsən Tağıyevə isə 18 il həbs cəzası kəsilmişdi.

Hökmdən narazı qalan prokurorluq da, zərərçəkmiş tərəf də apelyasiya şikayəti vermişdi. Şikayətə Bakı Apelyasiya Məhkəməsində baxıldığı vaxtda nəticəni gözləmədən Zaur Yusifov qətlə yetirildi və Emin Səfərovun xalası oğlu həbs olundu. Samir Şirəliyev istintaqa ilkin ifadəsində cinayəti qisas məqsədilə törətdiyini bildirib.

Emin Səfərovun qohumları hələ Bakı Ağır Cinayətlər Məhkəməsində üzünü hakimlərə tutaraq demişdi: “Əgər siz ədalətli qərar çıxarmasanız, ədaləti biz özümüzü bərpa edəcəyik…”.

Bugünlərdə Bakı Apelyasiya Məhkəməsi də sözügedən qətl hadisəsilə bağlı qərarını elan edib. Habil Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü Zaur Yusifova bəraət verilməsi hissəsində ləğv edib. O, Emin Səfərovun qətlində təqsirli bilinib. Lakin öldüyünə görə barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

Həsən Tağıyevə aid hissədə isə 18 illik azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.
Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsində hökmü vermiş üç hakim – İlham Mahmudov, Faiq Qəniyev və Səbuhi Hüseynov haqqında xüsusi qərar çıxarılaraq, Məhkəmə-Hüquq Şurasına göndərilib. Məhkəmə-Hüquq Şurası da həmin üç hakimin intizam məsuliyyətinə cəlb olunmasına qərar verib.

Zaur Yusifovun vəkili Ceyhun Yusifov isə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış hökm qanuni və ədalətli olub. Vəkil Zaur Yusifovun təqsirsiz olduğunu vurğulayıb. Onun sözlərinə görə, Bakı Apelyasiya Məhkəməsində müvəkkilinin təqsirliliyi sübuta yetirilməyib. Vəkil qərardan şikayət vermək niyyətindədir.

Ana səhifəSosialQətlə görə məhkəmə hakimləri cəzalandırıldı