Qərb müxalifətdən niyə üz çevirdi? (Təhlil)

Azərbaycan müxalifətinə Qərbin dəstəyinin yetərincə olmaması yalnız geosiyasi amillərlə və yaxud neft maraqları ilə bağlı deyil

Source:


Azərbaycan müxalifətinə Qərbin dəstəyinin yetərincə olmaması yalnız  geosiyasi amillərlə və yaxud neft maraqları ilə bağlı deyil

Azərbaycan avtoritar idarəçilikdən totalitarizmə keçməyə başlayıb. Ölkədə fərqli düşüncənin özü yasaqlanıb. Müxalifət, mətbuat, vətəndaş cəamiyyəti demək olar ki, tamamilə sıradan çıxarılıb. Bütün bunlar Qərbin susqunluğu fonunda həyata keçirilir. Ara-sıra verilən “narahatıq” bəyanatları ilə müsbət dəyişikliklərə nail olmaq imkansız görünür.

Maraqlıdır, Qərb digər post-sovet məkanı ölkələrindəki proseslərə daha diqqətlə yanaşır. Məsələn, Ukraynadakı son proseslər müxalifət üçün uğurla nəticələndi. Bunun başlıca səbəblərindən biri də xarici dəstəyin müxalifətin yanında olması ilə bağlı oldu. Proseslər başlayan gündən nüfuzlu beynəlxalq təşkilatlar, ABŞ və Avropa ölkələri demokratik hərəkatın yanında oldular. Qərb diplomatları hətta Kiyevdəki mitinqlərdə çıxışlar da etdilər, Ukrayna müxalifətinə maliyyə və siyasi dəstək verdilər. ABŞ dövlət katibi Con  Kerri açıq bəyan etdi ki, Ukrayna müxalifəti öz səylərinə və cəsarətinə görə ABŞ prezidenti Barak Obamanın və Amerika xalqının tam dəstəyinə ümid edə bilər. ABŞ dövlət katibi Ukrayna hakimiyyətinin razılıq verdiyi güzəştlərin “böhranı aşmaq üçün kifayət etmədiyini” də vurğuladı. C.Kerri Almaniyada Ukrayna müxalifətinin liderləri – “Batkıvşina”nın rəhbəri Arseni Yatsenyuk, “UDAR” partiyasının sədri Vitali Kliçko, müxalifəti dəstəkləyən biznesmen Pyotr Poroşenko və “Eurovision” mahnı müsabiqəsinin qalibi Ruslana Lıjiçko ilə görüşlər keçirdi, onlara tam dəstək verdi.

Azərbaycanda isə bütün bu illər ərzində müxalifət Qərbin hətta mənəvi dəstəyini əldə edə bilməyib. Əgər, Ukraynadakı proseslərə Qərb müdaxilə etməsəydi, müxalifət repressiyalara məruz qala bilərdi.  Lakin Kiyevdə demokratiya qalib gəldi.  Düzdür, yüzlərlə insanın qanı töküldü. Ukrayna xalqı azadlığını qanı hesabına əldə etdi.  Qərbin proseslərə fəal müdaxiləsi, müxalifətin ardıcıl, savadlı mübarizəsi sayəsində Ukraynada hakimiyyət dəyişikliyi ilə sonuclandı.

Azərbaycanda isə bu illər ərzində Qərbin dəstəyi olmayıb. Müxalifət isə prosesləri dəyişmək iqtidarında deyil.

Qərbin Azərbaycan müxalifətinə bu dərəcədə sayğısız yanaşmasının çoxsaylı səbəbləri də mövcuddur. Əlbəttə ki, növbəti dəfə neft maraqlarından, din amilindən, geosiyasi maraqlardan danışmaq mümkündür. Azərbaycanın Avropanın bir hissəsi olaraq qəbul edilmədiyi barədə ehtimallar da irəli sürmək olar. Lakin bu təqdirdə yuxarıda verilən suala birmənalı cavab tapmaq mümkün olmayacaq. Deməli, Qərbin Azərbaycan müxalifətindən üz çevirməsinin başqa səbəbləri də mövcuddur.

Azərbaycanda hakimiyyət dəyişikliyi baş verərsə belə, Bakı xarici siyasətində ciddi dəyişiklik etməyəcək. Yəni, ABŞ-ın enerji maraqlarına, Əfqanıstan və s. məsələlərdə əməkdaşlığına yeni gələn iqtidar  son qoymayacaq.

Görünən budur ki, istənilən hakimiyyət mövcud xarici siyasi kursu davam etdirməli olacaq. Milli demokratik qüvvələr isə Qərblə əməkdaşlıqda daha cəlbedici görünürlər. Bir sözlə, ən pis halda oyunçular yerlərini dəyişəcək, rokirovkalar baş tutacaq, Qərbə yönəlik siyasi kurs isə mövcud olduğu kimi dəyişməz qalacaq.

Göründüyü kimi, Azərbaycan müxalifətinə Qərbin dəstəyinin yetərincə olmaması yalnız  geosiyasi amillərlə və yaxud neft maraqları ilə bağlı deyil.

Kənardan görünən budur ki,  Azərbaycan müxalifəti Qərbin etimadını itirməyə başlayıb. Diplomatik mənbələrlə sıx bağlılığı olan ekspertlər vurğulayırlar ki,  Azərbaycan müxalifətinin tanınmış və əsas simalarından kimlərinsə son anda hakimiyyətlə razılığa getməyəcəyi ilə bağlı Qərbdə əminlik yoxdur. Bir sözlə desək, Qərb Azərbaycan müxalifətinin sona qədər qətiyyətli və ardıcıl  mübarizə aparacağına o qədər də inanmır. Son 20 ildə müxalifət ardıcıl mübarizə aparmayıb. Seçki öncəsi yaranan birliklər seçkidən dərhal sonra dağlıb və müxalifət seçki saxtakarlığının baş qəhrəmanı olan iqtidara qarşı deyil, bir-birinə qarşı nifrət püskürüb. Analoji vəziyyətdə Ukrayna müxalifəti öz tərəfdarlarını hakimiyyətə qarşı qanlı savaşa səsləyirdi.

Burada incə bir məqam mövcuddur. Azərbaycan müxalifəti yenilənmir və sanki inhisara götürülüb. Nəzərə almaq laızmdır ki, nə Şərqi Avropada, nə də ki post-sovet məkanında 20 il ərzində müxalifətdə olan siyasi qüvvə qalmayıb. Nəsil dəyişikliyi baş verib və siyasi müstəvini tamamilə yeni simalar doldurublar. Milli-azadlıq və demokratiya savaşının iştirakçısı olan siyasi qüvvələr artıq Şərqi Avropada və keçmiş SSRİ məkanında siyasətlə məşğul olmurlar. Onlar öz missiyalarını həyata keçirərək, yerlərini yeni müxalifətçilər nəslinə verərək, özləri yoxa çıxıblar. Ukrayna, Gürcüstan və digər məxməri inqilablar baş vermiş ölkələrdə Qərbin dəstəyi məhz yeni müxalifətə olub, milli-azadlıq dövrünün qəhrəmanlarına isə yalnız fəxri yerlər ayrılıb.

Daha bir məqam mövcuddur. Qərb siyasi dairələrində belə fikir formalaşıb ki, Azərbaycan siyasi müstəvisi hələ də Moskva ilə bağlıdır. Qərb siyasi dairələri ondan ehtiyat edirlər ki, Rusiya asanlıqla və istədiyi zaman Azərbaycandakı siyasi proseslərə müdaxilə edə bilər. Moskva hər iki düşərgədəki nüfuz agenturası və möhkəm mövqeləri vasitəsilə siyasi prosesləri öz  nəzarətinə ala bilər. Belə bir təhlükə mövcud olduğu zamanda Qərbin açıq dəstəyindən danışmaq da yersiz görünür.

Bir zəruri xatırlatmaya da ehtiyac var. 2003-cü ildə “London anlaşması”na nail ola bilməyən müxalifət, 2013-cü ildə strategiyasında ciddi səhvə yol verdi. Belə ki, 2013-cü ilə qədər milli demokratik düşərgədə Rusiyanın adamı və komandası açıq fəaliyyət göstərə bilmirdi. Marginal qruplar istisna olmaqla, müxalifət anti-Rusiya bəyanatları ilə diqqəti çəkirdi. Son seçkilər zamanı isə müxalifətin Avrointeqrasiya məsələsinə yetərincə fikir verməməsi, “Rusiya layihəsi”  imicini dağıtmaması, prinsipsizlik nümayişi Qərbi daha ehtiyatlı mövqe nümayiş etdirməyə vadar etdi.

Ən acınacaqlısı isə odur ki,  Qərb siyasi dairələrində Azərbaycan müxalifətinin müəyyən hissəsinin marginal, korrupsiyaya uğramış və sistemsiz olması barədə rəy formalaşıb. Belə imic nə qədər ki, mövcuddur, Ukraynada müxalifətə edilən dəstəkdən danışmaq da mənasızdır.

Daha bir önəmli amil ondan ibarətdir ki, Qərb Azərbaycan müxalifətinə demokratik cəmiyyət quruculuğu üçün ayrılmış dəstəyin səmərəsiz və təyinata uyğun olmayan istiqamətlərdə sərf olunduğunu öz təcrübəsindən bilir. 1993-cü ildən başlayaraq müxalifətə yaxın QHT-ə ayrılan qrantlardan artıq əsər əlamətin belə olmaması buna bir sübutdur.

Bu gün hakimiyyət QHT sektorunu tamamilə darmadağın edib, hüquq müdafiəçiləri repressiyalara məruz qalıb, lakin uzun illər boyunca milli-demokratik düşərgəyə yaxın QHT-ə heç də az olmayan məbləğ ayrılıb. Bu pullar bir sıra hallarda demokratiyanın inkişafına deyil, sədrlərin rifah halının yaxşılaşdırılmaısna yönəlib. Qonşu Gürcüstanda müxalifət liderləri alınan qrantları demokratiyanı öyrənməyə sərf edəndə, Azərbaycanda pulların mənimsənilməsi halları mövcud olub.

Daha bir amil ondan ibarətdir ki, Qərb Azərbaycan müxalifətinin ölkənin inkişafı proqramının olmasına inanmır. Müxalifət son illər ərzində bu sahədə olduqca passiv görünür. Nə sosial-iqtisadi, nə də siyasi islahatlarla bağlı təkliflər zərfini müzakirələrə çıxartmır. Müxalifət son seçkidə mənasız vaxt itkisi ilə yanaşı, problemlərə fundamental yanaşdığını nümayiş etdirə bilmədi. Bunun isə fəsadları olmalı idi. Necə ki, oldu.

Daha mühüm bir amil ondan ibarətdir ki, Qərb Azərbaycan müxalifətinin birləşə bilməyəcəyini və birləşsə də, həlledici məqamda parçalanacağı təhlükəsini nəzərə alır. Hər seçkidən sonra parçalanan və bir-birinə qarşı mübarizə aparan müxalifət bunun nə ilə başa çata biləcəyini öncədən düşünməli idi. Şüurlu, ya şüursuz şəkildə müxalifət özünü Qərbin dəstəyindən məhrum etdi.

Qərbin Azərbaycan müxalifətinə dəstəyi ilk növbədə vətəndaş cəmiyyətinin reanimasiyası ilə başlaya bilər. Bu istiqamətdə isə hələ heç bir addım atılmayıb.

Qərb avtoritar Azərbaycan iqtidarından məmnundur.  Öz xalqına qarşı qəddar olan Azərbaycan hakimiyyəti xarici güclər qarşısında acizlik nümayiş etdirir. Sərt bəyanatlara baxmayaraq, iqtidar Qərbin strateji arzularına qarşı bircə addım belə ata bilmir. Bu səbəbdən də Qərbi demokratiya maraqlandırmır. Korrupsiyaya uğramış Azərbaycan hakimiyyəti xarici təzyiqləri dəf edə bilməkdən ötrü, böyük miqdarda rüşvət paylayır. Azərbayacan hakimiyyəti beynəlxalq təşkilatları da “kürü diplomatiyası”na dadandıra bilib. Lakin Qərb paytaxtları Azərbaycanda vəziyyəti dəyişməyə qərar versələr, bu amil ciddi rol oynamaya bilər.

Digər amil isə İranla bağlıdır. Qərb texnoloqlarında belə bir fikir var ki, Əliyev rejimi getsə, İran amili siyasətdə güclənəcək. Rəsmi Bakı belə bir fikrin yaradılmasına nail ola bilib – İranın İslam ekspansiyasından Azərbaycanı və regionu qoruyan yeganə güc bu iqtidardır. Ən əsası isə Azərbaycan iqtidarı İsrail yəhudiləri ilə iç-içədir. Bu, onlara böyük dəstək təmin edir.

Qərbi üçün Azərbaycanda yeni əmlak bölgüsü təhlükəsi də narahatedicidir. Məmurların əlində olan milyardların müsadirəsi üçün mexanizm yoxdur. Müxalifət isə inqilab edib, oğurlanan pulları geri qaytarmağı düşünür. Qərb isə  inqilab istəmir. Qərbi maraqlandırmaq, hakimiyyət dəyişikliyinin vacibliyinə inandırmaq isə fəza ağlı tələb edir. Ənənəvi taktika ilə buna nail olmaq mümkün deyil. Lakin imkansız da deyil. Əsas odur ki, istək və səmimiyyət olsun…


Azər RƏŞİDOĞLU

Ana səhifəXəbərlərQərb müxalifətdən niyə üz çevirdi? (Təhlil)