Qərb Bakıya hansı təklifi edib?

Source:


Müxalifət liderləri, jurnalistlərin və hüquq müdafiəçilərinin həyatı təhlükədədir

Azərbaycan hakimiyyətinin dünyaya meydan oxumaq taktikası bumeranq effekti verdi. Avropa Parlamentinin məlum qərarından sonra, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosun seçkiləri müşahidədən imtina etməsi düşündürücüdür. Bakı Qərblə bütün bağlılıqlarını qırmaqda və Rusiyaya doğru reveransını davam etdirməkdədir. Qərb isə rəsmi Bakını sərt təzyiq altında saxlayır. Azərbaycan ətrafında hansısa planların qurulduğu və onların həyata keçmək ərəfəsində olduğu ehtimalları yüksəlməkdədir. Bu gün araşdırmaçıları belə bir sual düşündürür – Azərbaycandan nə istəyirlər? Bakıya elan edilən amansız savaşın arxasında nə dayanır?

Bütün bunların başvermə səbəbinin yalnız  bir Şərq ölkəsində insan haqlarının vəziyyətinin acınacaqlı durumda olması ilə bağlı ola bilməz. Belə olan təqdirdə, yenə eyni sual yaranır – Bakıya hansı təkliflər edilib ki, ondan imtina bu dərəcədə aqressiya yaradıb?! Yəqin ki, bu suala cavab verə bilməkdən ötrü Azərbaycan ətrafında yaranan geosiyasi durumu təhlil etmək gərəkdir. Bu “soyuq müharibə”nin arxasında Amerika Birləşmiş Ştatlarının dayandığını nəzərə alsaq, məsələ bir qədər sadələşir. Yəqin ki, söhbət ABŞ üçün Azərbaycan cəmiyyətinin demokratikləşməsindən daha vacib məsələdən gedir.

Xəzər dənizinin ABŞ geosiyasətində olduqca mühüm rol oynadığını əlavə şərh etməyə ehtiyac yoxdur. Son zamanlar Vaşinqton bu bölgədə daha da möhkəmlənmək üçün konkret addımlar atmaq niyyətindədir. Enerji layihələri ilə zəngin olan Xəzər hövzəsi amerikalı ideoloqların qənaətinə görə, Rusiya üçün bağlı olmalıdır. Amerikanın Xəzər hövzəsində NATO bazasını yerləşdirmək cəhdləri Vaşinqtonu daha fəal gedişlər etməyə sövq edir. Bu baxımdan, ABŞ hərbi bazalarının Xəzərə qısa bir zamanda buraxılması tələb olunan məsələlərdən ola bilər. Bu məsələdə Bakının tutacağı mövqe Vaşinqton-Moskva savaşının qalibini müəyyən edə bilər. Rəsmi Bakı supergüclərin qarşıdurmasından faydalanmaq niyyətindədir. Ancaq daha çox ruslarla əməkdaşlığa üstünlük verir. Moskvadan son günlər Bakıya edilən səfərlər və hakimiyyətin Rusiya ilə yaxınlaşmaq cəhdlərini nümayiş etdirməsi amerikalıları düşünməyə vadar edir ki, Bakı ruslarla əməkdaşlıq edə bilər.

Demokratiya ilə bağlı təzyiqlər də Azərbaycanı Rusiya ilə əməkdaşlığa sövq edir. Bu təzyiqlərdən yayınmaq üçün Bakı Rusiya ilə əməkdaşlığa gedə biləcəyini nümayiş etdirir. Moskva demokratiyanın yayılmasını Amerika təsirinin artması kimi qəbul edir. Azərbaycanın cızığından çıxacağı an ABŞ demokratik qüvvəyə dəstək verə bilər. Belə bir hakimiyyətlə isə ABŞ əməkdaşlığa hazırdır.

Son günlər Qərbin Azərbaycanla bağlı planlarının işə düşməsi Bakını seçim etməyə vadar edir. Qərb Bakıya NATO ilə əməkdaşlıq, həm də Rusiya məsələsində birmənalı qərbpərəst mövqe tələb edir.

Qərbin təzyiqlərini bu dərəcədə artırması Azərbaycana birmənalı Qərbyönlü diplomatəiyaya üstünlük verməsinə çağırış kimi də dəyərləndirilə bilər. Sanki rəsmi Bakıya belə bir mesaj verilir ki, əks təqdirdə, daha müdhiş  qərar qəbul edilə bilər və bu zaman ABŞ baş verəcək proseslərdə əsas katalizator rolunu oynaya bilər. Nümunə kimi Yaxın Şərqdəki proseslər göstərilir.

Lakin indi belə bir sual meydana çıxır. “Ərəb inqilabları” həmin ölkələrdə demokratik dəyişikliklərə gətirib çıxartdımı və yaxud silah yolu ilə gələn hakimiyyətlər nə dərəcədə demokratik ola bilər?

Əlbəttə ki, Yaxın Şərq diktatorlarının yıxılması təqdir olunan haldır. Lakin bunun demokratiyanın təntənəsi kimi qələmə verilməsi də anlaşılan deyil. Tarix boyunca, silahlı yolla hakimiyyətə gələn heç bir siyasi qüvvə demokratik ənənələrə sahib çıxmayıb. İnqilab isə daima yeni diktatorlara yol açıb. Bu gün devrilən ərəb diktatorları da bir zamanlar xalqlarının müəyyən hissəsinin müdafiəçisi kimi silaha əl ataraq hakimiyyətə gəlmiş, darmadağın olunan demokratik təsisatları isə bərpa etmək barədə fikirləşməyiblər. Onlar sadəcə olaraq, supergüclərə istədiklərini vermiş, saxlanma müddətləri bitdikdən sonra isə devrilməyə məhkum olublar.

Qeyri-məhdud hakimiyyət hətta ən humanist insanı belə monstra çevirməyə qadirdir. Odur ki, dövlət rəhbərlərinə verilən səlahiyyətlərin azaldılması dünyada ən çox müzakirə olunan mövzulardandır. “Haqlı güclü olmayanda, güclü haqlı olur”. Silahların əsas  arqument sayıldığı zamanlarda diktatorların at oynatmağı üçün şərait də yaradılır.

Vurğulayaq ki, ərəb ölkələrində baş vermiş inqilab dalğası ilə Azərbaycanda baş verə biləcək proseslərin oxşar cəhətləri olsa da, fərqli cəhətləri də az deyil. Söhbət yalnız bölgədəki proseslərin Rusiyaya və İrandakı proseslərlə birbaşa bağlı olduğundan da getmir. Burada milli birlik formasının tapılması son dərəcə önəmlidir.

Ümumilikdə, Azərbaycanda münasibətlər sisteminin tamamilə dəyişdirilməsinə ehtiyac var. Bakı beynəlxalq  təzyiqlərə duruş gətirmək imkanında deyil. Bir tərəfdən də, neftin qiymətinin aşağı düşməsi ciddi problemlər yaradır və prosesləri xaos müstəvisinə sürükləyir. Azərbaycan hakimiyyəti təzyiqlərə hikkə ilə cavab verir. Odur ki, yaxın zamanlarda Azərbaycanda faciələr yaşana biləcəyi ehtimalı meydana çıxır. Bunu istənilən xarici kəşfiyyat orqanı və yaxud ölkədəki qruplaşma həyata keçirə bilər. Aparıcı müxalifət partiyalarının liderləri,  aparıcı jurnalistlərin və hüquq müdafiəçilərinin həyatı təhlükədədir. Vəziyyət son dərəcə kritikdir. Hakimiyyət təcili şəkildə siyasi məhbusları azad edib, cəmiyyətlə danışıqlara başlamasa, situasiya daha da ağırlaşa bilər…

Ana səhifəXəbərlərQərb Bakıya hansı təklifi edib?