“Qərar qəbul edənlərin dayanacağı bir dəyər yoxdu”


Əvəz Həsənov: “Azərbaycan hakimiyyəti tənqidi xoşlamır”

Dövlət başçısı İlham Əliyevin mayın 26-da imzaladığı əfv fərmanı birmənalı qarşılanmadı. Səbəb Monitorinq Qrupunu təmsil edən hüquq müdafiəçilərinin cəmiyyətdə bu əfv fərmanının siyasi məhbus problemini müəyyən qədər həll edəcək gözləntisi yaratması barədə açıqlamaları idi. Bu məqsədlə Monitorinq Qrupu ilə əməkdaşlıq edən  Humanitar Təhqiqatlar Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Əvəz Həsənovla söhbətimizdə fərmanın yaratdığı suallara cavab almağa çalışdıq.



Əvəz bəy, mayın 26-da imzalanan Əfv Fərmanı həmkarlarınızda məyusluq yaratdı, 3 nəfər azad edilsə də, bütövlükdə siyasi məhbus problemi həll olunmadı. Bu baxımdan Əfv Fərmanından razı qaldınızmı?

–         170-dən çox məhbusun azad olunmasını özündə ehtiva edən  fərmandan müəyyən gözləntilərimiz vardı. Amma daha çox məşhur siyasi məhbusların azad olunacağını gözləmirdik, şəxsən mən gözləmirdim.



Nə üçün?

–         İlqar Məmmədovun, Tofiq Yaqublunun, Anar Məmmədlinin və başqa siyasi məhbusların adları prezidentə göndərilən müraciətdə yer almışdı. Onların məhkəmə prosesi yekunlaşmadan həmin şəxslərin əfvi qeyri-realdır. Mən özüm də həmkarlarıma fikrimi bildirmişdim. Təbii ki, Hilal Məmmədovun, Əvəz Zeynallının, Nemət Pənahlının azad ediləcəklərini gözləyirdik. Ancaq məhkəmə prosesləri davam edən məhbusların Əfv Fərmanına düşəcəyini gözləmirdim.



Amma İlqar Məmmədov haqqında məhkəmə hökmü var…

–         Proses tam yekunlaşmadığı üçün gözləyəcəyik.



Siz Apellyasiya Məhkəməsini nəzərdə tutursunuz?

–         Bəli.



Ancaq Apellyasiya Məhkəməsi keçirmədən də məhbusların azad olunduğunun şahidi olmuşuq…

–         İlqar Məmmədov əfv ərizəsi yazmasa, ona belə yanaşılacaq.



Deməli, əfv olunmaq üçün məhbus ərizə yazmalıdır?

–         Ya ailəsi, ya özü, ya hüquq müdafiəçiləri tərəfindən nəsə bir müraciət olmalıdır. Xatırlayıram ki, dəfələrlə bu cür müraciətləri etmişik.



Hansı qanun və qaydalarda təsbit olunub ki, məhbus Əfv Fərmanına düşmək üçün əfv ərizəsi yazmalıdır?

–         Bilirsiniz, bu, prezidentin əlahiddə səlahiyyətidir. Prezident heç kimdən soruşmadan bu addımı ata bilər. Amma siyahı Əfv Komissiyası tərəfindən tərtib olunduğundan kimsə onların yadına salmalıdır. Biz vaxtilə avtomobil qəzası nəticəsində, yaxud aliment ödənməsi, müəyyən xəstəliklərə görə hərbi xidmətdən yayınan insanlar, xüsusən himayəsində azyaşlı olanların əfvi üçün müraciətlər edirdik. Yəni, plüralizm və cəmiyyətdə münasibətləri daha da yaxşılaşdırmaq baxımından prezident humanistlik göstərsin. Eyni zamanda, konkret şəxslərin də Əfv Fərmanına düşməsi üçün müraciətlər edirdik. Xüsusən siyasi məhbuslar hüquq müdafiəçilərinin siyahısında həmişə əks olunub.



Siz öhdəsində azyaşlı uşaq olan məhbuslardan danışdız, məhkəmə zalından azad olunan Gülər Əhmədova ilə bərabər həbsdə olan  jurnalist Əvəz Zeynallının, İlqar Məmmədovun, Nemət Pənahlının da öhdəsində azyaşlı uşaq var. O cümlədən, bu yaxınlarda məhkəmə zalında həbs olunan Bəşir Süleymanlının azyaşlı övladları var. Mövcud kontrastı necə izah edərdiniz?

–         Müəyyən ayrı-seçkilik var. Təbii ki, Gülər Əhmədovanın uşağı Bəşir Süleymanlının uşağı kimi azyaşlı deyil, ikincinin övladı daha körpədir. Hökumət bu məqamları nəzərə almalıdır. İkincisi, siyasi motivlərlə həbs olunanlar birinci dəfə ittiham hədəfinə gəlirsə, hakimiyyət o adamların ailə və sosial durumunu, cəmiyyətdəki statusunu, ictiimai inkişafda verdiyi xeyri nəzərə almalıdır. Təbii ki, Azərbaycan məhkəmələrində bunlara əhəmiyyət verən yoxdur. Biz hələ Anar Məmmədliyə 9 il, Bəşir Süleymanlıya 8 il cəza veriləcəyindən qorxurduq. Çünki qərar qəbul edənlərin dayanacağı bir dəyər yoxdur.



Ancaq mayın 26-dan sonra Azərbaycanda siyasi məhbusların sayı azalmaq əvəzinə artdı…

–         Təbii ki, bir neçə dəfə artdı. NİDA-çılara cəza kəsildi, eyni zamanda, həbs olunanlardan bir nəfər də özünü NİDA-çı elan edib. Daha sonra Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin iki rəhbər şəxsi həbs olunub, biri də şərti olaraq azadlıqdan məhrum edilib.



Bir müddət əvvəl siyasi məhbuslarla bağlı İşçi Qrupu yaradılmışdı. İşçi Qrupu hansı işlər gördü ki, siyasi məhbusların sayı artdı?

–         Gəlin, bu məsələyə başqa prizmadan baxaq. 2003-cü il prezident seçkilərindən sonra 615 nəfəri birdən-birə həbs etdilər. O zaman hüquq müdafiəçiləri DİN-lə, Ədliyyə Nazirliyilə və Prezident Administrasiyasının rəsmisi Fuad Ələsgərovla daim əlaqədə olub, onları inandırmağa çalışırdılar ki, həbs olunanları azad etmək lazımdır. Təbii ki, administrativ cəzalar vermisinizsə, siyasi status da verəcəksiniz. Təsəvvür edin ki, 2003-cü il məhbuslarından yalnız liderlər həbsdə qaldı, sonradan onlara Bayılda baş çəkdik. Demək istəyirəm, danışıqlar yolu ilə problemi həll etmək olar. Və qərara gəlindi ki, Fuad Ələsgərovun nəzarətində İşçi Qrup yaradılsın . Yaradıldı və tanınmış hüquq müdafiəçiləri də ora daxil oldu.



Siz də qrupa daxil idiniz?

–         Yox, mən daxil deyildim. Mən, ümumiyyətlə,çoxdandır siyasi məhbuslarla bağlı problemlə məşğul olmuram. Çünki Əsir və Girovlarla bağlı Beynəlxalq İşçi Qrupda işləyəndə həbsxanalara gedib insanların taleyini araşdırırdım və bundan sonra məni həbsxanalara buraxmadılar.



Qayıdaq siyasi məhbuslara…

–         O zaman Prezident Administrasiyasında İşçi Qrupu çərçivəsində məsələ müzakirə olunanda hökumət müəyyən qədər güzəştə getdi. Hətta hökumət siyasi məhbus termini ilə bağlı müəyyən razılıqlara getdi. Sonra İşçi Qrup nədənsə fəaliyyətini dayandırdı…



Səbəb nə idi?

–         Hakimiyyət başa düşürdü ki, QHT-lərlə yaxın təmasda olduqca, onlar çox şey istəyəcəklər.



Elə ondan sonra QHT-lərlə bağlı qanunvericilik sərtləşdi. Bu mənada hakimiyyətin bu yöndə siyasətinin dəyişdiyini demək olarmı?

–         Bəli, sərtləşmə oldu, amma ilk baxışdan prosesi qanunvericiliyin təkmilləşdirilməsi kimi qəbul etdik. Bildirildi ki, QHT-lər Maliyyə Nazirliyinə hesabat verməlidir, razılaşdıq və 2009-cu ildən belə də edildi. Sonra layihələr Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi gündəmə gəldi, razılaşdıq. İndi Ədliyyə Nazirliyinin bizə bildiriş verməsi gündəmə gəlib, bax, bunu başa düşmürük. Çünki nazirlik bildiriş verməsi prosesini aylarla uzada bilər.



Mən ona görə bu sualı verdim ki, hakimiyyətin siyasəti dəyişdi, mediaya təzyiqlər artdı, QHT-lər də o cümlədən. Bu fikirləri bölüşürsünüzmü?

–         Təbii ki, hökumət QHT-lərlə münasibətlərini qanuni tərzdə sərtləşdirib, yəni, fiziki təzyiq yoxdur.



Artıq QHT rəhbərləri, hüquq müdafiəçiləri prokurorluğa dindirilməyə çağrılırlar. Bu barədə nə düşünürsünüz?

–         Təbii ki, bəzi QHT-lərin fəaliyyəti hakimiyyəti qane etmir.



Nə üçün qane etmir, məgər, onlar qanunvericiliyə qarşı çıxır, insan haqlarını pozurlar?

–         Hökumət, ilk növbədə, qeydiyyatı olmayan QHT-lərin üstünə düşdü. Əgər Leyla Yunusun rəhbərlik etdiyi SDİ-ni və Anar Məmmədlinin sədrlik etdiyi SMDTM-ni nəzərə alsaq…



Ancaq Anar Məmmədlinin təşkilatının qeydiyyatını əvvəlcə ləğv etdilər…

–         Anar Məmmədlinin təşkilatının qeydiyyatı SMM kimi ləğv olundu, SMDTM-ni isə qeydiyyata almadılar. Leyla Yunusun təşkilatınınsa, ümumiyyətlə, qeydiyyatı yox idi. Hökumət qeydiyyatı olmayan təşkilatlara təzyiq etməklə mesaj vermək istəyirdi ki, qeydiyyatsız heç kim QHT işlətmək təcrübəsini həyata keçirə bilməyəcək.



Amma qeydiyyat məsələsində ayrı-seçkilik var, elə təşkilatlar var ki, qeydiyyatdan keçirilsə də, vətəndaş cəmiyyəti sektorunda fəallıqları görünmür…

–         Bəli, qeydiyyat ayrı-seçkiliyi ilə bağlı dediklərinizlə razıyam.



İşçi Qrupuna daxil olan hüquq müdafiəçiləri Kristofer Ştrasserin siyahısı və məruzəsi ilə razılaşmadılar, üzərlərinə götürdükləri öhdəlikləri də yerinə yetirmədilər. Belə çıxır ki, hökumət onlara da inanmır?

–         Ümumiyyətlə, QHT-lərin siyasi məhbuslar məsələsinə yanaşmasında konflikt 2000-ci ildən yaşanır, bəlkə də əvvəldən. Azərbaycan həmin ilin yanvarın 14-də Avropa Şurasına ərizə ilə müraciət edəndə qarşı tərəf siyasi məhbuslarla bağlı vahid siyahının tərtib olunmasını istəyirdi. O zaman mən də daxil olmaqla Leyla Yunus, Eldar Zeynalov, rəhmətlik Elmira Ələkbərova və Mirvari Qəhrəmanlının daxil olduğu Hüquq Müdafiəçilərinin Federasiyası 716 nəfərlik siyahı hazırladı. Monitorinq Qrupunun siyahısında olanların sayı 100 nəfərdən çox idi. Hər iki koalisiya arasında ideoloji müharibə gedirdi, yəni, siyahıları qəbul olunmurdu. Səbəb də o idi ki, bizim siyahıda mücahidlərin, separatçıların, Surət Hüseynovun, Əlikram Hümmətovun adamlarının adları vardı. Amma sonda Avropa Şurası bizim siyahını qəbul etdi və hökumətdən onların azad olunması üzərində işləməsini tələb etdi. Təbii ki, 715 nəfərin içərisində Monitorinq Qrupunun siyahısında olanlar da vardı. Problem həll olunsa da, sonrakı dövrdə hüquq müdafiəçilərinin hazırladıqları siyahılar arasında fərqlər qaldı. Amma Eldar Zeynalovun siyahısı daha çox Monitorinq Qrupunun siyahısı ilə üst-üstə düşdü. Bunun nəticəsində Leyla Yunusun siyahısı “şişməyə” başladı, məsələn, orda “Səid Dadaşbəyli dəstəsi” vardı.



Amma Novella Cəfəroğlu o adla həbs olunanları siyasi məhbus hesab edir…

–         Başqa dəstələr də vardı, dindarlar xüsusən, Monitorinq Qrupu onları siyasi məhbus kimi qəbul etmirdi.



Monitorinq Qrupu üzvləri siyasi məhbuslardan danışanda daha çox keçmiş məmur-oliqarxlardan danışırlar, məsələn, Əli İnsanov, keçmiş məhbus Fərhad Əliyev, nəinki siyasi fəaliyyətə görə həbs olunanların adlarını çəkirlər…

–         Niyə ki, Əvəz Zeynallının da adını çəkirlər.



Amma 26 may Əfv Fərmanı öncəsi Novella Cəfəroğlu və Səidə Qocamanlı Əli İnsanovun adını birinci çəkirdi. Bəlkə maddi maraq var?

–         Yox, ola bilsin ki, həbsxanaya gedib-gələn hər bir adamın kiməsə simpatiyası yaranır.



Həbsxanaların yolu uzaqdırsa, necə simpatiya yaranar?

–         İnsandır da…



Niyə Əvəz Zeynallıya, İlqar Məmmədova yox, sabiq səhiyyə naziri Əli İnsanova simpatiya yaranır?

–         Keçmiş səhiyyə nazirinin miqyası böyükdür axı. Məsələn, mən Elçin Əmiraslanovu Qobustan həbsxanasında görəndə, ona ürəyim yandı. Çünki ona qədər hökumətin təbliğatı altındaydım.



O cümlədən, Fərhad Əliyevə…?

–         Fərhad Əliyevlə görüşməmişəm.



Həmkarlarınız görüşüb ki…

–         Mən Hafiz Hacıyevi görmüşəm.



Sizin həmkarlarınız həbsdə olan sabiq oliqarx-məmurlara elə simpatiya bəsləyirlər ki, jurnalistlərə, gənc fəallara o cür münasibət görünmür…

–         Məncə, bir az düz deyil. Onlar Tofiq Yaqublu və digər siyasi yükə malik siyasi məhbusların təəssübünü çəkirlər.



O zaman konkret cavab verin, Azərbaycan hökuməti siyasi məhbus problemini həll etmək istəyirmi?

–         6 ayda Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcəyi dövrdə özünə ziyansız olan siyasi məhbusları azad etməyə çalışacaq.



Axı 6 ayda Əfv Fərmanı imzalanmayacaq…

–         Nə bilirsiniz nə vaxt olacaq?Qarşıdan başqa bayramlar gəlir.



Qanunvericiliyə görə, ildə iki dəfə Əfv Fərmanı imzalana bilər.

–         Amma Çingiz Qənizadə 19 iyunda fərman imzalanacağını demişdi.



Əgər Əfv Fərmanı mayın 26-da imzalanıbsa, 1 ay ötmədən növbəti fərman necə imzalana bilər? Bəlkə bu cəmiyyətdəki etirazların tonunu endirmək üçün gündəmə gətirilib…?

–         Təbii ki, hakimiyyət də Avropa Şurasında sualların olacağını başa düşüb və bu suallara uyğun olaraq tənqidlərdən qaçmaq istəyirlər.



Amma hakimiyyət müstəqil siyasət yeritdiklərini söyləyir…

–         Azərbaycan hakimiyyəti təbii ki, tənqidi xoşlamır.

Ana səhifəVideo“Qərar qəbul edənlərin dayanacağı bir dəyər yoxdu”