Hörmətli, Qənirə xanım!
Bu məktubu yazmaqla sizi olduqca narahat bir vəziyyətə salmış, bəlkə də lap zərbə altına qoymuş oluram. İnanın ki, vəziyyət bu həddə çatmasaydı, belə bir şeyi ağlımdan da keçirməzdim. Amma indi buna məcburam.
Hörmətli Qənirə xanım, müraciətimin məqsədinə keçməzdən əvvəl, bir az sizin barənizdə danışmaq istəyirəm. İllər uzunu elədiklərinizi, addımlarınızı, imicinizi yadınınıza salmaq istəyirəm.
Azərbaycan xalqı sizin yeganə yaxşı, işgüzar, xalqa, xüsusilə də seçicilərinə can yandıran millət vəkili olduğunuza inanır. İnanır ki, bütün millət vəkilləri kimi, sizi də hakim ailə deputat təyin etməsəydi, düzgün, normal səsvermə olsaydı, doğma bölgəniz məhz sizi özünə millət vəkili seçərdi.
İllərdir ki, biz sizin xeyirxahlığınız barədə süjetlərə baxır, xəbərlər oxuyuruq. Siz şəhid ailələrinə kömək edir, yetimlərə əl tutur, xəstələrə yardım edir, evsizlərə ev, aclara çörək tapmağa çalışır və çox vaxt da tapırsınız. Ölkədə kimin nə dərdi olsa, birinci olmasa da, ikinci ümid yeri siz olursunuz. Və sizin o ümidləri doğrultmağınızla bağlı yüzlərlə misal gətirmək olar.
Siz insanları aclıq çəkən ölkələrə səfər edir, orda acları doyurur, uşaqlara nəvaziş göstərir, gözüyaşlı anaları bağrınıza basırsınız.
Sizin daha bir özəlliyiniz var: nəsr, şeir yazırsınız. Bunu illərdir, mütəmadi edirsiniz, dalbadal kitablar nəşr elətdirir, təqdimatlar keçirirsiniz. Ülvi, ali hisslərdən, insanın aliliyindən bəhs edən şeirlər yazırsınız. Klassik musiqidən, rəngkarlıqdan xeyli anlayışınız var. Hiss olunur ki, deputatlıq, millət vəkilliyi buxovu olmasaydı, özünüzü azad hiss edə bilsəydiniz, əsl şair, yaradıcı adam həyatı da yaşamaq istəyərdiniz. Yaradıcı insanlarla sıx ünsiyətiniz, onların çevrəsində özünüzü olduqca gözəl hiss etməyiniz açıq-aşkardır.
İnanıram ki, istedadınızdan arxayın olsanız, yaradıcılıq uğurlarınıza hansısa təminat olsaydı, siz millət vəkilliyinin başını buraxıb,özünüzü yaradıcı adam kimi aparar, yaradıcı insan həyatı yaşayardınız. Amma nə etmək olar ki, millət vəkilliyinin sizə açdığı qapılardan, verdiyi imkanlardan, nüfuzdan və daha nələrdən imtina etmək çətindir. Zatən bunu sizdən heç kim tələb eləmir.
Qənirə xanım, müraciətimin məqsədinə keçmək istəyirəm. Mətbuatı yaxşı izləyən bir adam kimi, artıq xəbəriniz var ki, bu gün NİDA Vətəndaş Hərəkatının qanunsuz həbs edilmiş 8 nəfər gənci düz 9 gündür ki, acdır. Onlar qanunsuz həbslərinə bu yolla etiraz edirlər. Əminəm ki, o uşaqların hər birini tanıyırsınız. Qənirə xanım, o uşaqlar doqquz gündür acdırlar. Bir ildir həbsdədirlər. Anaları, doğmaları, sevdikləri qadınların bir ildir gözləri yollardadır.
Prokuror o gənclərə 6 il yarım, səkkiz il yarım iş istəyir. Amma hamı çox gözəl bilir ki, onların məhkəməsi sadəcə bir şoudur. Prokuror, hakim, müstəntiq o şounun aktyorlarıdır. O hakimin onlara hansısa hökmü özündən, ya da hansısa qanunlara istinadən verməyi mümkün deyil. O gənclərin hökmü bir telefon zəngi ilə verilib. Hamı bilir ki, o hakim bu gənclərə tapşırılmayan hansısa «güzəşti» eləsə, onun özünün başına oyun açarlar. O gənclərin taleyi indi bircə adamın əlindədi. Və o adamın kim olduğunu siz bilirsiniz.
Siz bu ölkənin ən nufuzlu millət vəkilisiniz. Siz bu məsələyə öz etirazınızı bildirə bilər, Prezidentə müraciət edə, onların azadlığını tələb edə bilərsiniz. Bunun nə boyda risk, nə boyda təhlükə olduğunu çox gözəl anlayırıq. Amma yenə də bunu sizdən istəyirik. Bunu başqa millət vəkilindən deyil, məhz sizdən istəməyə isə özünüz şərait yaratmısınız. Əgər bu ölkədə ən xeyirxah obrazı olan, şair ürəkli, nəvaziş dolu millət vəkili kimi siz tanınmısınızsa, bizim başqasına müraciət etməyimiz doğru deyil.
Bu, sizin üçün bir təsdiq məqamıdır. O gənclərə, onların gözüyaşlı analarına görə müraciət edin. Bəli, özünüzü təhlükəyə atın. Əgər bunu etsəniz, indiyə qədər elədikləriniz səmimiliyinə hamımız inanarıq. İnanarıq ki, məmur yox, şair qəlblisiniz. İnanarıq ki, o şeirləri səmimi yazmısınız. İnanarıq ki, Somalidəki ac uşaqları yemək bişirəndə bunu ürəkdən eləmisiniz. İnanarıq ki, şəhid arvadlarına, kasıb ailələrə, xəstələrə, əlillərə əl tutanda, kömək edəndə səmimi olursunuz, bunu ürəkdən, ürəyiniz yandığı üçün edirsiniz.
Bu səkkiz nəfər gənc sizin şansınızdır. Bu şansdan istifadə edin. Başqa cür mümkün deyil. Somalidəki aclara ürəyi yanan qadının öz ölkəsində səkkiz nəfər gəncin aclığına dözməyi mümkün deyil. Şəhid analarının saçlarını sığallayan qadının dustaq analarının gözlərinin yaşına laqeyd qalmağı mümkün deyil. Dünyanın müxtəlif ölkələrində təhsil alan Azərbaycan gəncliyi ilə görüşlər keçirib, onların qayğısına qalan millət vəkilinin ölkənin ən intellektual gəncliyinin barmaqlıqlar arasında qalmağına sakit yanaşmağı mümkün deyil.
Əgər bu haqsızlığa, bu ədalətsizliyə səsinizi çıxarmasanız, öz rahatlığınızı, mandatınızı, imkanlarınızı itirməyə qorxsanız, bu o deməkdir ki, indiyə qədər elədiklərinizdə səmimi olmamısınız.
Bunu da nəzərə alın ki, elədiyiniz bütün yaxşılıqlar, xeyirxahlıqların hamısı hələ ki sözün əsl mənasında Şərə qulluq edir. Sizin indiyə qədər elədikləriniz yaxşılıqlar ölkənin başını qara bulud kimi almış Şərə yaxşılıq, xeyirxahlıq donu geyindirməkdən başqa bir şey deyil. Siz insanlara yardım etməklə, aclara, evsizlərə, əlillərə yardım əli uzatmaqla, nə qədər ziddiyyətli olsa da, Şəri təmsil edir, Şərə mənəvi baza qazanmış, Şərin ömrünü uzatmış olursunuz.
Qənirə xanım, bu ədalətsizliyə səsinizi çıxarın. Lap mandatınızdan imtina edin. Bacardığınız qədər səs-küy salın, etiraz edin. Təkrar edirəm, bunun hansı nəticələri verəcəyini bilirəm. Amma mən bunu deputat Qənirə Paşayevadan istəməzdim – bu sadəcə, mənasız və absurd olardı. Amma şairə Qənirə Paşayevadan bunu istəmək mümkündür. Əsl şairi şair edən yazdıqları deyil, əməlləridir. «Məndə sığar iki cahan, mən bu cahana sığmazam»ı Nəsimi yox, Anar Rzayev yazsaydı, hamı bu sözlərə tüpürərdi. Amma bu sözlərin arxasında Nəsimi mübarizəsi, Nəsimi əzabı, Nəsimi ömrü dayandığı yçün, bu sözlər belə möhtəşəmdir.
İnanın, sizin də nə, necə yazmağınızdan asılı olmayaraq, bu günlərdə cəsarətli bir jest eləməklə, ədəbiyyat tarixində yaxşı şairə kimi qala bilərsiniz. Öz şeirlərinizə, öz obrazınıza, öz şairəliyinizə sahib çıxın.
O gənclərin azadlığını tələb edin!
P.S. Unutmayın, bilərəkdən, ya da bilməyərəkdən Şərə qulluq edən insan – şair, yazıçı ola bilməz. Ədəbiyyat tarixi heç bir şairin, yazıçının Şərə qulluq eləməyini ona bağışlamayıb. Sizə də bağışlamayacaq…
Bu, sizin yeganə şansınızdır…
Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.