Qənimət Zahidin anasının və əmisi oğlunun evi axtarıldı

Ağasadıq Zahidov: “Qardaşımın divardan asılı paltarının cibindən narkotik maddə “aşkar” ediblər”

Source:


Ağasadıq Zahidov: “Qardaşımın divardan asılı paltarının cibindən narkotik maddə “aşkar” ediblər”

İyulun 24-də “Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” televiziya proqramının rəhbəri Qənimət Zahidin Şamaxı rayonunun Meysəri kəndində yaşayan anası Xədicə Zahidovanın, qardaşı Nemət Zahidovun oğlu Xəqani Zahidovun və Şamaxı rayonunun Qurdtəpə kəndində yaşayan əmisi oğlu Rövşən Zahidovun evlərində axtarış aparılıb.

Bu barədə Meydan TV-yə Qənimət Zahidin əmisi oğlu Ağasadıq Zahidov məlumat verib.  A.Zahidov bildirib ki, 5 gün əvvəl qardaşı Rövşən Zahidovu dələduzluq maddəsi ilə saxlayıb 25 sutka inzibati həbs veriblər: “Bu gün isə polislər evə basqın edib və onun divardan asılı paltarının cibindən narkotik maddə “aşkar” ediblər. Ancaq Rövşənin həyat yoldaşı narkotiki qoyanda görüb və etiraz edib. Maraqlıdır ki, narkotiki polislə birgə evə gətirilən hal şahidi qoyub. Halbuki, Rövşən heç siqaret də çəkmir, amma yoldaşının etirazına əhəmiyyət verilməyib. Təsəvvür edin ki, 15-dən çox polis və mülki şəxs gəlmişdi, evə heç kim buraxılmırdı”.

Ağasadıq Zahidov deyib ki, son bir həftədə Zahidovlardan 3 nəfər həbs edilib: “Rüfət və Tural Zahidovlar Qənimətin qardaşı oğlanlarıdır. Turala 30 sutka veriblər, onu Meysəri kəndində həbs etdilər. Onlara qarşı ittihamların heç bir əsası yoxdur, guya biri quldurluq edib, digəri polisi söyüb”.

Ağasadıq Zahidov onu da əlavə edib ki, Qənimətin anasının evindən kompüter götürülüb.

“Son bir həftədə bizə qarşı olan təqiblər Qənimət Zahidin jurnalist fəaliyyəti ilə bağlıdır, güman ki, bu təzyiqlər davam edəcək”,-deyə Ağasadıq Zahidov fikrini yekunlaşdırıb.

Qənimət Zahid də öz Facebook səhifəsində qohumlarının həbsi barədə yazıb: “İndi bütün qohum əqrabanın üstünə düşüblər ki, ərizə yazın ki, Qənimət Zahiddən imtina edirik. Nə gündəsiz?! Azərbaycan sizdən imtina edəndə hansı günə düşəcəyinizi bilirsinizmi? Bütün qohumlara müraciət edirəm: o ərizəni yazın!”

Meydan TV dəfələrlə əlaqə saxlasa da, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məsələyə münasibət öyrənə bilməyib.

Ana səhifəXəbərlərQənimət Zahidin anasının və əmisi oğlunun evi axtarıldı