Veteranlar bunu adi bayram ritualı kimi, politoloqlar isə mənfi qiymətləndirilər.
Meydan TV-nin reportyorları Nərimanov rayonunda 9 may Qələbə Günü münasibəti ilə keçirilən tədbirdə döşlərinə “Georgi lenti” bağlayan uşaqlara və gənclərə rast gəlib. İki həftə əvvəl hakimiyyəti dəstəkləyən “İrəli” İctimai Birliyinin 9 may Qələbə Günündə “Georgi lenti” aksiyası keçirəcəyi bildirilsə də, təşkilat sonradan məlumatı təkzib etdi. Bildirildiyinə görə, bu günkü aksiyanı keçmiş “İrəli” üzvü Fərhad İbrahimov təşkil edib.
Müharibə veteranı Səfər Qurbanov “Georgi lenti”ni taxmaqda bir qəbahət görmədiyini bildirib. Onun sözlərinə görə, lent faşizm üzərində qələbənin rəmzidir: “Biz 9 may Qələbə Gününün əvvəlki ildönümlərində də həmin rəmzdən istifadə etmişik”.
Olayla bağlı müraciət etdiyimiz politoloqlar hadisəni mənfi qiymətləndirdilər. Sabiq dövlət müşaviri Vəfa Quluzadə bildirdi ki, gərək buna yol verilməyəydi:
“Çünki Azərbaycan cəmiyyəti idarəolunan cəmiyyətdir. Görünür, Rusiyanın xoşuna gəlmək üçün buna yol veriblər. Axı “Georgi lenti” 1945-ci il ikinci dünya müharibəsində qələbənin rəmzi yox, Krımın işğalı rəmzidir”.
Həmkarının fikirlərini bölüşən politoloq Zəfər Quliyev isə hesab edir ki, əgər bu kütləvi xarakter daşıyırsa, deməli, təşkil olunub:
“Bu kampaniyanın Rusiyayönümlü adamların keçirəcəyi söylənilirdi. Amma fotolar varsa, demək bu, hakimiyyət dairələri tərəfindən təşkil olunur. Nəzərə alın ki, Moskvanın özündə “Georgi lenti”ni gəzdirənləri Putinin tərəfdarları hesab edirlər. Ona görə Bakıda Moskvaya bununla nümayiş etdirilir ki, Azərbaycanda da Putinin siyasətini dəstəkləyənlər çoxdur”.
Politoloq bildirdi ki, bəziləri anlamadan “Georgi lenti”ni 9 may Qələbə Günü ilə bağlayırlar. Lakin bu lent aksiyasında siyasi mənanın ön plana keçməsi məlumdur. Belə bir halda baş verənlər çox təhlükəli tendensiyadan xəbər verir.
Haşiyə:
“Georgi lenti” Müqəddəs Georginin adından götürülüb, hərbi orden və Georgi Xaçının rəmzi hesab olunur. 1854-55-ci illərdə Rusiya imperiya ordusunun əsgərləri Sevastopol döyüşlərində həmin fərqlənmə və Georgi nişanını əldə edə bilməyəndə, hərbi formalarından bu lenti taxıblar. Birinci Dünya müharibəsində də çar ordusunun hərbiçiləri həmin lentdən istifadə ediblər. İkinci dünya müharibəsində lentdəki narıncı rəng od, qara rəng isə kül mənasında yozulub.