Qəbələdəki hərbi şəhərcikdə ev davası

“Məmurlar evləri zəbt edərək, kirayəyə veriblər”

Source:


“Məmurlar evləri zəbt edərək, kirayəyə veriblər”

İcra Hakimiyyəti: “Narazılar 2012-ci ildən sonra ordakı evlərə icazəsiz, açarını sındırıb girənlərdir”

“3 ildir yaşadığımız evlərdən bizi çölə atırlar. Deyirlər, “ya 3-5 min verin, ya da xoş getdiniz””, – Qəbələnin Zarağan kəndində yerləşən hərbi şəhərciyin sakinləri belə deyir.

Sakinlər Meydan TV-yə göndərdikləri məktubda bildirirlər ki, 2012-ci ildə Qəbələ RLS-in fəaliyyəti dayanandan sonra rus hərbiçilərinin Zarağan kəndində yaşadıqları hərbi şəhərcik boşaldılıb. Həmin evlər 2013-cü ilin martından Qəbələ rayon İcra Hakimiyyətinin tabeçiliyinə keçib.

“Camaata “3 min – 5 min manat ödəməsəniz, sizi çölə tökəcəyik”- deyirlər”

Məktubda deyilir ki, sahə müvəkkili, MİS həmin evlərin bir qismini illərdir ev növbəsində olan dövlət qurumları işçilərinə verib:

“Orda 700-dən çox ev var. Kiçik hissəsi ehtiyacı olan insanlara verildi. Qalanı Qəbələdəki məmurlar, icranın işçiləri, polis, imkanlı şəxslər arasında bölüşdürüldü. Bu bölgüdən hərəsinə 7-8 mənzil düşdü. İndi həmin mənzilləri kirayə verib pul qazanırlar”.

Sakinlər onların pul qazanmasına etiraz etmir. O vaxta qədər ki, icranın işçiləri onları 3 illik evlərindən çıxarmağa çalışdı:

“Sadə vətəndaşları prokuror və icra hakimiyyəti mənzillərindən çıxarırlar. Deyirlər: “3 min – 5 min manat ödəməsəniz, sizi çölə tökəcəyik”. Polislər hərbi şəhərcikdə kasıbçılıqla dolananları, evsiz-eşiksizləri bu qışın, qarın günündə evlərindən çıxarmağa çalışırlar”.

“Qəbələdəki məmurlar hərbi şəhərciyin evlərini zəbt edərək kirayə verir”

Sakinlər onu da bildirirlər ki, şəhərcikdə vəzifəli məmurların özləri tərəfindən zəbt edilib, kirayə verilən mənzillər var:

“Qəbələnin bələdiyyə sədri Ramin Əliyev 62-ci binadakı, 2 və 3 və 8-ci mənzilləri, “Gilan Holdinq”in trast (trust) mühafizə şirkətinin rəisi Kənan adlı şəxs 6 mənzili, şəhərciyin Mənzil İstismarı İdarəsinin müdir müavini Eldar Dəmirov 62-ci binadakı, 22 və 23-cü mənzilləri zəbt edərək kirayə verir. Şəhərcikdə yaşayan polis əməkdaşı Vüqar Məmmədov 74-cü binadakı 38 və 39-cu mənzilləri, Ramiz Bilalovun kürəkəni Elnur Nəzirov 74-cü binadakı 53 və 54-cü mənzilləri, Müsəddin Həmidov 31-ci binadakı, 10-11- ci mənzilləri,

Zəminə Sultanova 31-ci binada qapı nömrəsi bilinməyən 2 mənzili kirayə verib. Bununla bitmir. MİS-in müdiri Eldar Dəmirovun katibəsi Natəvan Dəmirova 73-cü binadakı 50-54-cü mənzillərə, Ağamurad Muradov isə 3 mənzilə sahibdir. Daha bir məmur Azər Alxasov 62-ci binada 2 mənzilə, Qəbələ Diaqnostika Mərkəzinin müdir müavini Kamil həkim 3 mənzilə sahiblənib. Ancaq ehtiyacı olan camaatın əlində olan bircə ev onlara çox görünür”.

Məktubda icra başçısı Səbuhi Abdullayevin evləri açıq satışa çıxardığı da qeyd edilib. Qiymətlərə görə, 1 otaqlı ev 2 min, 2 otaqlı ev 3 min, 3 otaqlı ev isə 5 min manata satılır.

“Orada özbaşına məskunlaşmış insanlar isə oradan çıxarıla bilər”

Məsələyə münasibət öyrənmək üçün Qəbələ Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Növbətçi hissədən bildirdilər ki, orada ev satmaq, kirayə verməkdən söhbət gedə bilməz:

“Narazılar 2012-ci ildən sonra ordakı evlərə icazəsiz, açarını sındırıb girənlərdir. Həmin evlər də dövlətin mülkiyyəti olduğundan onlara bu evlərdən çıxmaları gərəkdiyi deyilib. Hələ RLS çalışdığı dövrlərdə orda təkcə rus ailələri deyil, RLS-də çalışan azərbaycanlı ailələr də yaşayırdı. 2012-ci ildə ruslar çıxıb getdilər. Əvvəldən orada yaşayan azərbaycanlı ailələrə nəsə deyən yoxdur. Sonradan orada özbaşına məskunlaşmış insanlar isə oradan çıxarıla bilər”.

Ana səhifəXəbərlərQəbələdəki hərbi şəhərcikdə ev davası