***
Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin (MMBM) Xaçmaz meşəbəyliyinin 3 saylı dolayında baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və FHN-nin işçilərinin səyləri nəticəsində sentyabrın 4-də gecə saat 4 radələrində tam olaraq söndürülüb.
Məlumatı
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
yayıb.
Bildirilir ki, Qəbələ MMBM-nin Bum meşəbəyliyinin Abrıx, Dandık, Solquca kəndləri ətrafındakı meşə sahələrində isə yanğın nəzarətə götürülüb, onun tam söndürülməsi üçün ETSN-nin və FHN-nin hadisə yerində olan canlı qüvvəsi və texnikası operativ tədbirləri davam etdirir.
Hazırda Abrıx və Solquca kəndləri ərazisində yanğının irəlilədiyi xətt üzrə gərgin fəaliyyət göstərilir, həmin xətt boyunca yanğının qarşısının alınması istiqamətində çalışılır.
***
”Havanın isti və küləkli olması yanğının söndürülməsinə çətinlik yaradır”
Qəbələ rayonunda yanğının söndürmə işləri üç istiqamətdə – Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşəlik ərazilərdə aparılır. Burada əsasən quru ot, sıx kollar (moruq, böyürtkən və s.), qurumuş ağaclar, onların qalıqları və qismən ağaclar yanır.
Yanğının baş verdiyi ərazi dəniz səviyyəsindən, təqribən, 1000 m hündürlükdə yerləşir. Havanın isti və küləkli olması yanğının söndürülməsinə çətinlik yaradır. Eləcə də, ərazi yüksək dağ massivində və mürəkkəb relyefdə yerləşdiyindən, texnikanın həmin əraziyə qalxmasında çətinliklər yaranıb.
Fövqəladə Hallar Nazirliyi
nin məlumatına görə, ümumilikdə, 520 nəfər şəxsi heyət, 36 ədəd texnika və 1 ədəd yanğınsöndürmə helikopteri yanğının söndürülməsinə cəlb olunub. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin 50 nəfər canlı qüvvəsi, Rayon İcra Hakimiyyətinin 19 ədəd müxtəlif təyinatlı texnikası və yaxın yaşayış məntəqələrinin əhalisindən ibarət könüllü dəstələr yanğının söndürülməsi işlərində iştirak edirlər.