”Qəbələ” Futbol Klubunun meneceri məhkəmədə ifadə verəcək

Cavid Hüseynov şahidin ifadəsini rədd etdi: ”Mən deməmişəm ki, xərclər mənlikdi”

Source:


Cavid Hüseynov şahidin ifadəsini rədd etdi: ”Mən deməmişəm ki, xərclər mənlikdi”

Aprelin 27-də Səbail rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Elmar Rəhimovdur.

Prosesi izləyən Meydan TV əməkdaşının məlumatına görə, şahid qismində Pərviz Qabilzadə ifadə verərək, ibtidai istintaqa verdiyi ifadəni təsdiq edib. O, bildirib ki, Elşən İsmayılov zəng edərək ona bir nəfərin söyüş söydüyünü və dalaşmaq üçün görüşə getdiyini deyib:”Mən də Samir Mustafayevə zəng etdim ki, Elşəngillə görüşsün”.

Daha sonra digər şahid Aydın Mahmudovun istintaq zamanı verdiyi ifadə prosesdə elan olunub. O ifadəsində bildirib ki, Rasim Əliyevlə dost olub:”Mən eşitdim ki, Rasimi döyüblər. Hadisə yerinə gedəndə Rasimi tapmadım. Sonra axtarmağa başladım. Atası mənə dedi ki, Rasim xəstəxanadadı. Mən də onun yanında getdim. Rasim baş verənləri mənə danışdı. Bir qədər sonra Cavid və meneceri gəldilər. Cavid Rasimə dedi ki, gərək sən onlarla görüşməzdin. Biz danışıb məsələni həll etmişdik. Dalaşanların kim olduğunu bilmirəm, lakin maraqlanacam. Bütün xərcləri isə mən qarşılayacam. Sonra həkim gəldi. Cavid həkimdən Rasimin vəziyyətini soruşdu və dedi ki, bütün xərcləri qarşılayacaq. Sonra polislər gəldilər. Lakin Rasim izahat yaza bilmədiyi üçün mən yazdım. Rasim isə imzaladı”. Cavid Hüseynov isə bildirib ki, belə bir şey olmayıb:”O ifadə yalandan yazılıb. Bizim menecer Səbuhi də təsdiq edə bilər. Mən deməmişəm ki, xərclər mənlikdi”.

Prosesdə vəkil Adəm Məmmədov “Qəbələ” FK-nun meneceri Səbuhi Səfiyarlının və Zəfər Şərifov adlı şəxsin şahid qismində məhkəmədə ifadə vermələri barədə vəsatət verib. Prokuror vəsatətin təmin edilməməsini istəyib. Bildirib ki, həmin şəxslərin ifadəsi iş üzrə heç bir əhəmiyyət daşımır və bu prosesi uzatmaqdır. Hakim isə vəsatəti təmin edib.

Proses mayın 4-də davam etdiriləcək.

Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir. Bu iş üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata verilib.

Ana səhifəXəbərlər”Qəbələ” Futbol Klubunun meneceri məhkəmədə ifadə verəcək