Tokayev bu qərarın Kabillə iqtisadi əlaqələrin inkişaf etdirilməsi ilə bağlı verildiyini deyib
Qazaxıstan Əfqanıstanla iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədilə “Taliban”ı terrorçular siyahısından çıxarıb.
Bu barədə iyunun 3-də Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) parlament sədrləri ilə görüşündə danışıb.
“Qazaxıstan müasir Əfqanıstanla ticari-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə və bu rejimin uzunmüddətli amil olduğunu başa düşərək “Taliban” rejimini terrorçular siyahısından çıxarıb”, – deyə Tokayev bildirib.
O deyib ki, Əfqanıstanın regionlararası əlaqələrə fəal cəlb olunması indi strateji vəzifədir.
Həmçinin qərar digər məsələlərlə yanaşı, “Taliban”ın BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu kimi tanınan təşkilatlar siyahısında olmaması ilə izah edilib.
Ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, “Taliban”ın terror təşkilatları siyahısından çıxarılması təşəbbüsü obyektiv reallığı əks etdirir:
“”Taliban” Əfqanıstanda real gücdür və Moskva buna biganə deyil”.
“Taliban” 2021-ci ildən Əfqanıstanı tam nəzarətə götürüb.
Həmin il də ABŞ hərbi kontingentini Əfqanıstandan çıxararaq bu ölkədəki 20 illik hərbi missiyasını bitirib.