Qaz istismar sahələrində 900 qadın əməkdaş iş yerini itirib

Onlara “yuxarıların bundan xəbəri var” deyiblər

Source:

Onlara “yuxarıların bundan xəbəri var” deyiblər

Mayın 27-də “Azəriqaz” İstehsalat Birliyindəki iş yerlərindən ixtisara düşən 20-yə yaxın xanım əməkdaş Qadın Hüquqlarını Müdafiə Cəmiyyətində mətbuat konfransı keçiriblər.

İxtisara düşən xanımlar “Azəriqaz”ın Bakı rayonları üzrə qaz istismar sahələrinin əməkdaşlarıdır. Onlar qeyd ebiblər ki, bu “ixtisar” əməliyyatı təkcə Bakının rayonları ilə yekunlaşmayıb. Ölkə üzrə bütün qaz istismar sahələrini əhatə edib və respublika üzrə 900 qadın əməkdaş iş yerini itirib. Proses hələ başa çatmayıb, davam edir. Həm də ixtisara yalnız qadın əməkdaşlar salınır.

Onların söylədiklərinə görə, bu il martın 27-də rayon qaz istismar sahələrinini yenidən qurulması ilə bağlı iş yerlərinin ixtisara düşməsi haqda bildiriş alıblar. Sənəddə ixtisara düşdükləri halda başqa işlə təmin ediləcəkləri vədi də əksini tapıb. Əməkdaşlar könüllü olaraq işdən çıxmaq barədə ərizə ilə müraciət etməyiblər. Bu zaman sahə rəhbərləri əməkdaşlara könüllü ərizə yazdıqları halda əmək haqlarının 5 misli qədər ödəniş alacaqlarını nəzərə çatdırıblar. Əksinə, yazmadıqları halda ixtisara salınaraq yalnız 1 aylıq maaşlarının veriləcəyi xəbərdarlığı ediblər.

Bununla bağlı qadın əməkdaşlar “Azəriqaz” rəhbərliyi ilə görüşmək istəsə də, bu, baş tutmayıb. Amma İB-nin sədr müavini Ruslan Əliyev qadınlara “yuxarı”ların bundan xəbəri olduğunu bildirib. Bu zaman qadınlar ARDNŞ prezidenti Rövnəq Abdullayevə şikayət edəcəklərini bildirəndə R.Əliyev ARDNŞ prezidentinin də prosesdən xəbərdar olduğunu söyləyib. Bu ixtisar məsələsinin “yuxarı”dan verildiyini söyləyib. “Biz anlaya bilmirik ki, bu, nə deməkdir? Kişi əməkdaşlar ailə başçısıdır deyə işdə saxlanılır, qadınlar azad edilir. Bizlərdən də elələri var ki, ailə başçısını itirib, həyat yoldaşı, uşağı xəstədir, təqaüdə çıxmaqlarına 2-3 il qalanlar var, bu adamlar nə etsinlər?”, – deyə ixtisara düşənlərdən Arzu Nəcməddinova bildirib. Qadın əməkdaşlar baş verən ixtisarları özbaşınalıq, Əmək Məcəlləsini saymamaq, ayrı-seçkilik kimi dəyərləndiriblər. Bu məsələ haqqında Prezident Administrasiyasına, Ombudsmana müraciət etsələr də, hər-hansı cavab almadıqlarına diqqət çəkiblər.

Aralarında çalışdıqları sahə üzrə ali təhsillilər olmasına baxmayaraq, orta təhsilli, qeyri-ixtisas sahibləri işdə saxlanıblar. Qadın əməkdaşlar bir daha dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayıblar. Haqlarını müdafiə edə bilmək üçün məhkəmə perspektivini nəzərdə tutduqlarını bildiriblər.

Ana səhifəXəbərlərQaz istismar sahələrində 900 qadın əməkdaş iş yerini itirib