Qaydaya uymayanlar

Onlar buna hazır deyillər…

Source:

Hər yerdə gözə dəyməsə də, Bakının bir çox yerlərində yeni gətirilmiş avtobuslar artıq sərnişinlərin xidmətindədir. Həmin avtobuslar bütün standartlara cavab verir, bir sözlə-hər şey öz qaydasındadır. Ən əsası isə gecikmələr, dayanacaqdan kənarda saxlamaq, digər xətt üzrə gedən avtobuslarla vaxt yarışmaları, bir-birini ötüb, sürücülərin öz dilləri ilə desək, “sərnişin oğurlamaq” kimi xoşagəlməz hallar olmur.

Bütün bunlar ona görə deyil ki, hər şey qanun çərçivəsində olur. Hələ də başqa avtobuslarda bu hallar təkrarlanır. Əgər bunları edən sürücüyə sual versən ki, “niyə belə edirsən?”, “Niyə bir sərnişin artıq götürəcəksən deyə, həyatımızla oyun oynayırsan?” ilk verdiyi cavab buna məcbur olduğunu deməsi olacaq.

Çünki, sistemin özbaşnalıqları sürücünü buna məcbur edir. Bir də, sərnişinlərin bu özbaşnalıqlara susması və belə də olmağını qəbul etməsi. Belə desək, daha yaxşı olar: baş-başa verib bütün qanunları pozmaqları…

İndi həmin avtobuslarda hər şey öz qaydasındadır. Hətta bu qaydalarla bağlı bir çox yerlərdə videoroliklər və ya yazılı şəkildə xəbərdarlıqlar da olub. İlk günlərdə vətəndaşlar əməl etmək istəməsələr də, artıq demək olar ki, bu qanunlara alışıblar. Amma yenə də narazıdırlar, sadəcə, məcbur qalırlar.

Hərdən müşahidə üçün həmin avtobuslardan istifadə edirəm. Hər şey çox gözəldi, avtobus yalnız dayanacaqda dayanır və normal qanunlarla idarə olunur. Amma yollarda baş verən hadisələr yenə ürəkaçan deyil. Yəni sən nə qədər rahat bir avtobusda əyləşib, yol getsən də, mütləq yolda qəza şəraiti yaradan, yol qaydalarını pozan sürücülər sənin rahatlığını pozacaq. Ya da elə sərnişinlərin bir-birinə qarşı etdikləri kobudluqlar, bir-birini ayaqlamaq və s.

Məsələn, həmin avtobuslarda ön  qapılardan minib, arxa qapıdan düşmək lazımdır. Amma sürücü hər dayanacaqda ən azı on dəfə avtobusa daxil olandan sonra sərnişinlərə arxaya getməsini xahiş edir. Yenə də alınmır.

Məsələnin digər tərəfində hələ dəyişməyən, yollarda tökülüb-itən, dövrünü çoxdan başa vurmuş avtobusların qalması da var. Hansı ki, mən özüm hər gün o avtobuslarla yol gedirəm. Baxın, problem oradan başlayır. Öz növbəsində, artıq o avtobusların da bəzi qaydalara əməl etməsi gözə çarpır. Sürücü nə olsa da, dayanacaqdan kənarda saxlamır, çünki saxlasa, cərimə kəsilir. Amma vətandaş buna hazır deyil.

Onlar istəmirlər ki, hər şey öz qaydasında olsun. Sürücünü buna məcbur edirlər, hətta dəfələrlə sürücünün döyülməsinin, söyülməsinin şahidi olmuşam. Artıq bir aydan çoxdur ki, avtobuslar yalnız məlum dayanacaqlarda dayanır, amma bir aydır ki, mən sərnişinlərin dayanacaqdan kənarda avtobus gözlədiyinin, avtobus saxlamayanda isə yenidən dayanacağa doğru qaçdığının şahidi oluram.

Görünən odur ki, əslində, insanlar bu problemlərin həllini özləri ləngidib, hansı ki, çox asanlıqla həll oluna bilərdi. Bu qədər əsəb, gərginlik, deyingənlik və üzündən-gözündən kin yağan bu insanlar əslində özləri-özlərini bu yükün altına salıb. Öz problemlərindən zövq alırlar. Əgər kimsə onlara hər şeyin yolunu göstərsə, çaşıb qalacaqlar, çünki istəmirlər belə yaşamağı.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəQaydaya uymayanlar