Baş nazir istefasının səbəblərini detallı açıqlamayıb
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili istefa verdiyini bildirib.
Bu barədə İrakli Qaribaşvili yanvarın 29-da keçirdiyi brifinqdə açıqlama verib.
Amma istefasının səbəbini deməyib.
2021-ci ildən Baş nazir olan Qaribaşvili “Gürcü Arzusu” Partiyasının sədri postunu tutacağını deyib.
O bildirib ki, partiyanın hazırkı rəhbəri İrakli Kobaxidze ölkənin Baş naziri postuna namizəd olacaq.
“Sizdən gizlətməyəcəyəm ki, Siyasi Şura mənim yaya, yəni seçki kampaniyası başlamazdan əvvələ qədər vəzifədə qalmağımı müzakirə edib, lakin mən bu qərarı indi vermək qərarına gəldim”, – deyə Qaribaşvili əlavə edib.
Gürcüstan mediasının yazdığına görə, Baş nazirlə yanaşı, müdafiə, xarici işlər, ədliyyə və səhiyyə nazirliklərinin rəhbərlərinin də dəyişdirilməsi nəzərdə tutulur.