Bizimkilərdə çox iyrənc bir tendensiya var. İki-üç nəfər bir yerə yığıldı, başlayırlar qeybət etməyə. Sanki öz aralarında müqəddəs bir ritual yerinə yetirirlər. Bu adamlar elə bil and içiblər ki, tez-tez bir yerə yığılıb, bu ritualı yerinə yetirməliyik. Buna bir növ “mənfi enerjilərdən təmizlənmə” də demək olar. Amma proses məhz mənfi enerjinin mübadiləsidir. Bu insanlar qəlblərində hər gün, hər saat və hər dəqiqə formalaşan kin və təkəbbürün yaratdığı mənfi enerji burulğanını həmin o görüşlər zamanı qeybət vasitəsi ilə ətrafa püskürürlər.
Nədir qeybət? Qeybət bir insanın sizin yanınızda olmadığı halda, o şəxs haqqında onun xoşuna gəlməyən şeylər danışmaqdır. Burda məhz dalınca danışılan insanın həyat tərzi, davranışları, məhrəm həyatından tutmuş, ictimai həyatına qədər mənfi yanaşmadır. Əgər qeybət prosesində dalınca danışılan şəxsin etmədiyi-eləmədiyi fikirlər deyilərsə, bu, artıq iftira sayılır.
Bir çox tanışlarım və qohumlarım yanımda onun-bunun dalınca danışmağa başlayırlar. Öz qeybətlərinə məni də təhrik etmək istəyirlər. Hətta qəribədir, oğlanlar daha fəaldılar. Yazarkən belə, diksinirəm onların bu durumundan. Ərkim çatanlara açıq şəkildə qeybəti dayandırmaqlarını xahiş və tələb edirəm. Ərkim çatmayanda isə sadəcə mövzunu dəyişirəm. Hələ də anlamıram ki,qeybət etməyin insana hansı xeyri var?!
Ola bilər, yazını oxuyanlar qeybətə çox təbii yanaşa bilərlər. Yəni qeybətdi də, edirlər, burda nə var ki?! Bu cür yanaşan adamlar hələ anlamırlar ki, qeybət xaosun nüvəsidir. Mən bu istinadımı sırf cəmiyyət üçün deyirəm. Bu gün bizim cəmiyyətimiz ən bədbin, ən qütbləşmiş dövrünü yaşayır bəlkə də. İnsanlarımız bir-birindən çox uzaqlaşıblar. Çox az insanın üzündə gülümsəmə sezmək olur. İnsanlar aqresiyyadan dağılmaq üzrədilər. Aqresiyya qəzəbin ən ali formasıdır. Qəzəb olan ruhda isə mütləq qorxu olur. Bu işə tibbi tərəfdən yanaşmadır. Aqressiyalarını da sırf öz səviyyələrində bildiyi, gündəlik qarşılaşdıqları özləri kimi sıradan insanlara nümayiş etdirirlər. Bu sinifdən olan insanlar həyasızcasına qeybətə meyilli olurlar.
Amerkalı alimlərin son araşdırmasına görə, qeybət etmək ürək-qan-damar sisteminə zərər verir. Belə ki, qeybət zamanı insanın ürəyi sıxıntı içində olur. Orda əsəb, kin, nifrət, qorxu, təkəbbür, bir sözlə, bütün mənfi hisslərin qarışığı baş qaldırır. Bu hisslər insanın ürəyinin daha da pis sıxılmağına gətirib çıxarır.
Paxıl və qeybətçi kimsə hər hansı insanın tərifləndiyi və sevildiyini gördükdə, onun paxıllıq duyğuları qabarır və o kimsənin gözəl xüsusiyyətlərini məhv etmək üçün öz silahını (dilini) işə salıb qeybət edir.
Laqqırtı və boşboğaz insanlar bir-bir ilə rastlaşdıqda özlərini göstərmək laqqırtı və yaltaqlıq etmək üçün başqalarının qeybətini edərlər.
Qeybət edən şəxsləri içi zir-zibillə, nəcis və sidiklə dolu, qapağı açılmış kanalizasiyaya bənzədirəm. Bu insanlar ağızlarını açmasalar yaxşıdır. İnsanlar bekardılar. Qeybət onlar üçün hobbiyə çevirilib. Bu insanlar nə kitab oxuyurlar, nə də kinoya baxırlar. Bu insanlar teatra, kinoteatra getmirlər. Həmin insanların danışılası mövzusu olmadığı üçün qeybət edirlər. Mənə ən çox təsir edən isə son zamanlar kişi cinsinə mənsub olanların qeybətə olan marağının artmasıdır. Bu kişiciklər nə qədər şərəfsizləşib. Onun-bunun qızından- gəlinindən, sinif-iş yoldaşından dedi-qodu edərkən yaşı 60-ı keçmiş klassik məhəllə dedi-qoducusu qadınlardan betər olurlar. Qeybətçilərin arasında xüsusi potensiala malik “super qeybətçilər” də var. Bəli nə qədər qəribə səslənsə də belələri qeybət məclislərinin “göz bəbəyidirlər”. Onlar məclisin qızışmasında, mövzu bolluğunda əvəzsizdirlər.
Əhalisinin 90%-ni müsəlmanların təşkil etdiyi ölkəmizdə, özlərini müsəlman adlandıran, sayan insanların qeybətə bu qədər meylli olmağı məni çox təəccübləndirir. Müsəlmanların müqəddəs kitabı sayılan Qurani-Kərim qeybət edənlərə “yamyam” (adam əti yeyən qəbilə) kimi yanaşır. Həmin müqəddəs kitabda qeybət edənlər öz qardaşının cəsədini yeyənlərlə bərabər tutulur. Bəli, nə qədər diksindirici, qeyri-insani çıxır. Hansı insan öz qardaşının çiy ətini yeyər?! Amma özünü müsəlman zənn edən insanlar yalandan “Allahdan qorxuram” deyib, öz qardaşlarının cəsədini yeyirlər.
Qeybət cəmiyyətimizdə sosial dayağı və bərabərliyi məhv edən əsas amillərdən biridir. Zatən ən bəlalı yerimiz- xalqımızın birliyinin olmamağıdır. Qeybət var ikən, heç bir bərabərlikdən söz gedə bilməz. Qeybət mənəvi cinayətdir. Çünki o qeybət edən şəxsin şərəf və hesiyyatını məhv etmək üçün atılan və çalışılan addımdır. Qeybət edən insan ən rəzil məxluq sayılır.
Bilmirəm təsir edəcək yazdıqlarım qeybətçilərə ya yox?! Amma, onlara bir mesajım da var.
Utanın!