Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri, professor Qubad İbadoğlunun istintaq getdiyi müddətdə girov müqabilində ev dustaqlığına buraxılması üçün vəkili məhkəməyə vəsatət vermişdi. Həmin vəsatətə oktyabrın 26-da Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəməyə Qubad İbadoğlu özü də gətirilib.
Vəkili Zibeydə Sadıqova Qubad İbadoğlunun səhhətindəki problemlərdən danışıb. Deyib ki, onun sağlıq durumu günü-gündən ağırlaşır:
“Qanda şəkərin miqdarı düşmür. Daim 360-dan yüksək olur. Vəziyyət o həddə çatıb ki, təcridxananın həkimi artıq insulin iynəsinə keçməyi məsləhət görüb”.
Partiya sədrinin ürəyində kəskin problemlər olduğunu vurğulayan vəkil bununla bağlı sənədləri də məhkəməyə təqdim edib. Bundan başqa, müdafiəçi müvəkkilinin səhhətindəki kəskinləşmə üzündən hərəkət etməkdə də çətinlik çəkdiyini hakimin diqqətinə çatdırıb.
Vəkil təcridxana şəraitində onun müalicəsinin demək olar ki, mümkün olmadığını bildirib.
Qubad İbadoğlu özü də çıxış edib. O, təqsirsiz olduğunu, saxta ittihamlarla həbsdə saxlandığını vurğulayıb. O, Amerika yazısıçı və filosofu Ralf Emersondan sitat gətirərək deyib:
“Günahsızların insanların həbs olunduğu dövlətdə ədalətli adamların yeri elə həbsxanadır”.
Lakin məhkəmə vəsatəti təmin etməyib.
Qubad İbadoğlunun qardaşı Qalib Bayramov Meydan TV-yə bildirib ki, bu qərardan apelyasiya şikayəti veriləcək. Qardaşının sözlərinə görə, Qubad İbadoğlunun belindəki ağrılar da şiddətlənib, o, hərəkət etməkdə çətinlik çəkir:
“Ağrılar o həddədir ki, ayağa qalxanda bir neçə dəqiqə gözləməlidir, özünə gəlsin, sonra hərəkət eləsin. Oktyabrın 13-də onu xəstəxanaya aparıb, ürəyini, belini müayinə eləmişdilər. Həmin MRT, KT-nin disklərini almaq üçün müraciət etmişdik. Lakin onları bizə verməkdən imtina elədilər. Deyirlər ki, ancaq həkim rəyini verə bilərik. Biz də rəyə inanmırıq, diskləri istəyirik. Niyə diskləri vermirlər?”
Qalib Bayramov əlavə edib ki, qardaşının vəkillərinə zəng etməsinə qadağa qoyulub. Bununla əlaqədar da məhkəməyə müraciət olunub. Həmin şikayətə oktyabrın 27-də Sabunçu Rayon Məhkəməsində baxılacaq.
Qubad İbadoğlu həm də London İqtisadiyyat Məktəbinin əməkdaşıdır. O, iyulun 23-dən həbsdədir. Həmin gün ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
ADR sədri öncə daha dörd nəfərlə əlbirlikdə ittiham olunurdu. Onların adları ilk dəfə Qubad İbadoğlunun həbsi ərəfəsində Türkiyə mediasında açıqlanmışdı. FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.
Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.
Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib. Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.
Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.
Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.
Avqustun 25-də ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub. Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.
Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.
Bundan başqa, avqustun 6-da Türkiyədə yaşayan və orada universitetdə işləyən azərbaycanlı alim Fazil Qasımov saxlanılaraq, Azərbaycana gətirilib. Avqustun 8-də Nərimanov Rayon Məhkəməsinin qərarıyla onun haqqında həbs qətimkan tədbiri seçilib. Ona qarşı da eyni maddə ilə ittiham irəli sürülüb.