“8 aydır ki, qardaşımın şəkəri normallaşmır”
Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri, həbsdə olan professor Qubad İbadoğlunun həyati təhlükəsinin davam etdiyi bildirilir.
Qubad İbadoğlunun qardaşı Qalib Toğrul bu haqda “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən təyin edilmiş həkimlərin müalicələri əks effekt verir.
Bu da Qubad İbadoğlunun sağlamlıqla bağlı təhlükəsini daha da artırır:
“8 aydır ki, qardaşımın şəkəri normallaşmır, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin endokrinoloqu Lalə Şamxalovanın müalicəsi əks effekt verir. Lalə Şamxalova martın 18-də qardaşıma “Ozempic” (0,5) iynəsi də yazıb və bildirib ki, bu mənim edəcəyim son addımdır. Əgər bu iynənin də effekti olmasa, mən heç bir əlavə müalicə təyin etməyəcəm”.
“Qardaşımın şəkərlə bağlı tibbi tarixçəsini bir neçə endokrinoloqla bölüşüb, məsləhət almışam. Onların yekdil qərarı belədir ki, “Ozempic” iynəsi obezite (piylənmə-red.) olan xəstələrə təyin edilir. Halbuki qardaşımda belə bir hal yoxdur. Hazırda qardaşımın çəkisi 89 kq-dır. Ancaq bu piylənmə sayıla bilmiz. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin endokrinoloqu hansı əsasla bunu təyin edib, bizə məlum deyil”, – Qalib Toğrul bildirib.
O, Qubad İbadoğlunun şəkərlə bağlı son göstəricilərinin yüksək olduğunu deyib:
“Nəzərə alsaq ki, son 8 ayda qardaşımın şəkəri bir gün belə normallaşmayıb, bu artıq daxili orqanlarda (ürək-damar, qaraciyər, böyrək, sinirlər, göz dibi və sair) çox ciddi neqativ proseslərin getdiyindən xəbər verir. Qardaşımın əllərində və ayaqlarında yanma hissi yaranıb ki, bu da diabetik polineyropatiyanın əlamətləridir. Bunun qarşısını almaq üçün 11-20 fevral 2024-cü ildə qardaşıma 10 günlük “Thiogamma” (Alfa lipoy turşusu, 50 ml) sistemi köçürülüb. Sistem bitdikdən sonra isə gündə bir tabletka olmaqla 1 ay dərman (600 mg, “Thiogamma”) qəbul edib”.
Qalib Toğrulun sözlərinə görə, 2024-cü il martın 18-də Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin nevropatoloqu tərəfindən analiz aparmadan Qubad İbadoğluna 10 ampul “Vitaneyron” (2 ml) iynəsi yazıb.
“Bu iynənin tərkibi B1, B6 və B12 vitaminlərindən ibarətdir. Qeyd olunan vitaminlərlə bağlı hər hansı analiz aparılmadan belə bir iynənin təyinində məqsəd nədir, bilmirik. Qardaşım iynənin vurulmasına imkan verməyib”, – Qalib Toğrul bildirir.
O əlavə edib ki, bu günə qədər aparılan bütün analizlərin cavabları saxtalaşdırılıb.
Qalib Toğrul qeyd edib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi Qubad İbadoğlunun müalicə müəssisəsinə köçürülməsi ilə bağlı ailəsinin və vəkillərin adından verilən bütün müraciətləri mənfi cavabalandırılır:
“Müalicə müəssisəsinə ehtiyac olmadığını deyirlər. Bütün cavab məktublarında qardaşımın şəkərinin yüksək olmasının səbəbi kimi dieta saxlamamasını göstərirlər. Məsləhətləşdiyimiz müstəqil endokrinoloqlar hazırki müalicə və mövcud saxlanma şərtləri daxilində qardaşımın şəkərinin düşməsini real saymırlar. Bildirirlər ki, şəkərin düşməsi üçün mütləq hərəkət lazımdır. Qardaşımın qanunvericiliklə hər gün 2 saatdan az olmamaqla gəzinti hüququ olsa da, ona bu imkan yaradılmır. Bu gedişlə qardaşımın daxili orqanlarının tamamilə sıradan çıxmasına elə də çox zaman qalmayıb”.
Qubad İbadoğlu nə vaxt həbs olunub?
London İqtisadiyyat Məktəbinin əməkdaşı, ADR sədri Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunub. Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur və ora özləri yerləşdirib, sonra da götürüblər.
Avqustun 25-də ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub.
Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.
Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.
2023-cü ilin iyulun 23-də saxlanılan siyasətçinin həbs müddəti bir neçə dəfə uzadılıb.