Qardaşı: Aslan Qurbanovun səhhəti günbəgün pisləşir

“Cənab İlham Əliyev, Aslan haqsız yerə içəridədir”

Source: Facebook


Yaxınları prezidentə müraciət edib

Həbsdəki bloger Aslan Qurbanovun səhhətinin günbəgün pisləşdiyi deyilir. Bu barədə Meydan TV-yə blogerin qardaşı Əbusalam Qurbanov məlumat verib. Onun sözlərinə görə, qardaşı ilə görüşdükdə onun vəziyyətinin yaxşı olmadığını görüb:

“Aslan epilepsiyadan əziyyət çəkir. Hər dəfə xəstəliyi tutanda vəziyyəti daha da ağırlaşır. Ona iki maddə də veriblər – qaçmağa cəhd və intihara cəhd. Halbuki Aslan nə ordan qaçmağa cəhd edib, nə də intihara meyllənib. Hər saatın tamamına 5 dəqiqə qalmış onu yoxlayıb sənədə imza atdırırlar ki, sağlamdır və ordadır. Bu da ona çox pis təsir edir və xəstəliyini ağırlaşdırır”.

Ə.Qurbanov qardaşının xəstəxanaya yerləşdirilməsini və bu yoxlamalara son qoyulmasını istəyir:

“Üzümü cənab prezidentə tuturam. Cənab İlham Əliyev, Aslan haqsız yerə içəridədir. Xahiş edirik ki, o azad olunsun. O, tezliklə xəstəxanaya yerləşdirilsin, üzərindəki ittihamlar götürülsün. İnanırıq ki, tezliklə səsimizə səs veriləcək”.

Həftəsonu olduğundan Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Aslan Qurbanovu 2020-ci ilin iyulunda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həbs edib. Aprelin 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun 7 il azadlıqdan məhrum edilməsi barədə hökm

çıxarılıb

. Hökmə əsasən, Aslan Qurbanov Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (kütləvi informasiya vasitələrindən istifadə olunmaqla milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələriylə təqsirli bilinib.

İddia olunur ki, bloger “Facebook”, “İnstagram” kimi sosial media platformalarındakı hesablardan dövlət əleyhinə təbliğat aparıb, milli ayrı-seçkilik ehtiva edən paylaşımları olub. Bloger talışların hüquqlarının pozulması, onların ayrı-seçkiliyə məruz qalması haqda həqiqətə uyğun olmayan materialların yayımında ittiham olunur.

Məhkəmənin hökmündə göstərilib ki, o, özünü qismən təqsirli bilir. Amma yaxınları onun ittihamları qəbul etmədiyini, özünü təqsirli bilmədiyini deyir.

Ana səhifəSiyasətQardaşı: Aslan Qurbanovun səhhəti günbəgün pisləşir