Noyabrın 20-də baş verən Qarakənd faciəsi ilə Azərbaycan-Ermənistan müharibəsinin başlanmasının əsası qoyuldu
1991-ci ilin noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində Ermənistan həbiçilərinin Azərbaycan hərbi helikopterini vurması nəticəsində bir çox dövlət xadimləri və jurnalistlər həlak oldular.
Məlumata əsasən, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri saat 14:42 dəqiqədə vuruldu. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır. Lakin nə qədər maraqlı olsa da, bu faciə haqqında xəbər Xankəndindən erməni dilində yayımlanan “Vətən və vətəndaş” verlişinin xəbərlər bölümündə saat 15:30-də yayımlanmışdı.
Bu gün faciədən 24 il ötür.
Həlak olanlar arasında Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, DQMV-nin prokuroru İqor Plavski, DQMV Daxili İşlər İdarəsinin rəisi Vladimir Kovalyov, Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi Sergey İvanov, fövqəladə vəziyyət rayonunun komendantı Nikolay Jinkin, Qazaxıstan DİN-in müavini Sanlal Serikov, milis general-mayoru Mixail Lukaşov, polkovnik-leytenant Oleq Koçerev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, telejurnalist Alı Mustafayev, AzTV-də işıqçı Arif Hüseynzadə, operator Fəxrəddin Şahbazov, helikopter heyətinin komandiri Vyaçeslav Kotov, helikopter heyətinin üzvləri Gennadi Domov və Dmitri Yarovenko var idi.
Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.
Qəzanın səbəbləri barədə əvvəl rəsmi variant səsləndi: helikopter dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bir neçə il lazım oldu. Lakin Mi-8-in son uçuş tarixində həddindən artıq çox “ağ ləkələr” var. İndiyə qədər hələ də məlum deyil ki, niyə içində dövlət katibi, daxili işlər naziri, baş prokuror, prezidentin mətbuat katibi və bir çox məsul şəxslər olan, hərbi əməliyyat zonası üzərindən uçan Mi-8-i silahlı mühafizə helikopteri müşayiət etmirdi? Niyə onların hamısı bir helikopterdə idi -sadəcə elə bu fakt bütün mümkün və qeyri-mümkün təhlükəsizlik qaydalarına ziddir.
Qarakənd faciəsi ilə Azərbaycan-Ermənistan müharibəsinin başlanmasının əsası qoyuldu.
Təəssüf ki, bugün faciənin istintaqı dayandırılıb.