Qarabağın erməni icması yenidən Bakıya dəvət olundu

Foto: Rusiya MN

PA reinteqrasiya və infrastruktur layihələrini müzakirə etmək istəyir

Azərbaycan Prezidentinin Administrasiyası (PA) Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini aprel ayının birinci həftəsi Bakıda növbəti görüşə dəvət edib.

Bu barədə Prezident Administrasiyası martın 27-də məlumat yayıb.

Prezident Administrasiyası xatırladıb ki, bu, martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də göndərilən dəvətin davamıdır:

“Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə növbəti dəfə görüşə təklif edirlər”.

Martın 1-də deputat Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.

Yanvarın 13-də Azərbaycan Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət etmişdi. Ancaq erməni icması görüşün yalnız Rusiya sülhməramlılarının vasitəçililiyi ilə Xocalıda keçirilməsi şərti ilə rədd etmişdi.

2020-ci il noyabrın 10-da imzalanan atəşkəs müqaviləsindən sonra tez-tez tərəflər arasında atəşkəs pozulur və onlar bir-birlərini günahlandırırlar.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətQarabağın erməni icması yenidən Bakıya dəvət olundu