Qarabağı tədbirlərlə bərpa etmək olmaz

Yazar: Rövşən Hacıbəyli

Mənbə: Meydan TV

O mənasız xərclərin əvəzinə viran qoyulmuş Qarabağdan sənədli filmlər çəkib ardıcıl, sistemli şəkildə dünyaya yaymaq daha yaxşı olmazmı?

“Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb.

Forumda 44 ölkədən 130-dan çox nümayəndə, ümumilikdə isə 400 nəfərdən çox insan iştirak edir”.

Dünəndən hakimiyyətin bütün təbliğat vasitələrinin xəbər başlığı bu forumla bağlıdır. BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifin də qatıldığı bu tədbirin dağılmış, heç bir tikilisi qalmayan Ağdamda keçirilməsinin səbəbi guya qonaqlara şəhərin xarabalıqlarını göstərməkdir. Bu variantdan 2 ildir Şuşada istifadə edirsiz, bütün mümkün vasitələrlə dövlət büdcəsi bu yolla talanır. Heç bir ölkədə normal diaspor yarada bilməyən Diaspora Komitəsi dünyanın hər yerindən tanış-bilişi Şuşaya daşıyıb, müxtəlif adlarla tədbirlər keçirib büdcə pullarını dağıdır. Eləcə də büdcədən qidalanan başqa qurumlar – QHT Agentliyi, MEDİA Agentliyi, Yazıçılar Birliyi, Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi və s. adını “beynəlxalq” qoyduğu tədbirini Şuşaya salır. Hansı nəticələr var bu gün ortada? Nəyə nail olmuşuq? Diaspora güclənib? Azərbaycan həqiqətləri dünyaya çatdırılıb? Kimlərsə bizi müdafiə edib? Vaxtaşırı paylaşılan şəkillərdə gözə görünənlər budur: Komitə sədrinin və əməkdaşlarının xarici səfərləri zamanı kiçik məclislər qurulur, 5-10 adam yığışıb çalıb-oynayır, sonra bazarlıq edib evə qayıdırlar. Şuşaya gətirilənlər də eyni şeyi burda edir: yeyir, içir, keflənir, əylənir…

Aparılan siyasətin nəticəsi də budur: 30 il torpağı işğalda qalan ölkə bu gün dünyada təcavüzkar kimi tanınır, hər yerdən üstümüzə gəlirlər, hər tədbirdə tənqid edir, sanksiyalarla hədələyirlər. Bu savaşda yüz minlərlə sakini doğma yurdunda didərgin düşüb, minlərlə vətəndaşımız həyatını itirib, minlərlə itkinimiz var. Dünyanın vecinə də deyil, ancaq hər gün “erməni əsiri azad edin” çağırışları eşidirik… Qonşuya da 30 il boyunca bu çağırışların edildiyini eşitdinizmi? Tarixi abidələr bir yana, Qarabağda salamat bir yurd qalmayıb, ancaq bizi vandallıqda, erməni abidələrini dağıtmaqda ittiham edirlər. Niyəsi aydındır, Dispora Komitəsi də, diplomatlarımız da olduqları ölkədə ya ancaq şəxsi maraqlarından, ya da hakimiyyətin maraqlarından çıxış ediblər, dövlət marağı olmayıb onların düşüncəsində…

Dünyanın hər yerindən böyük pullar hesabına Şuşaya müxtəlif ad altında daşıdıqlarımızdan dövlət olaraq nə qazanmışıq? O mənasız xərclərin əvəzinə viran qoyulmuş Qarabağdan sənədli filmlər çəkib ardıcıl, sistemli şəkildə dünyaya yaymaq daha yaxşı olmazmı? Heç bir mətn olmadan, nifrət nitqi yaymadan, ittiham etmədən, sadəcə görüntüləri yaymaq, gerçəyi göstərmək…

İndi tədbirlər növbəsi Ağdama çatıb. Ağdamda həmin tədbiri keçirmək üçün o qədər xərc çəkməyə (zal quraşdırmaq, 400 nəfəri aparıb-gətirmək, onları yedizdirmək və s.) dəyərdimi? Təsəvvür edirsinizmi bir tədbir üçün nə qədər avadanlıq, tikinti materialı ora daşınır, sonra sökülür. Bunun əvəzində həmin vəsaiti Ağdamın bərpasına xərcləmək, bərpa-quruculuq işlərini daha da sürətləndirmək olmazdımı?

İlham Əliyev həmin tədbirdəki çıxışında Qarabağdakı dağıntılardan, tarixi abidələrimizin məhv edilməsindən, məscidlərimizin təhqir olunmasından xeyli danışdı, faktlar sadaladı. 44 günlük savaşdan keçən müddət ərzində 250-dən artıq vətəndaşımızın mina qurbanı olduğunu dedi. Ondan sonra çıxış edən əsas qonaq – BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərif isə bütün bunlarla bağlı bir kəlmə də demədi, Qarabağ xarabalıqlarından, viran qalmış şəhərlərdən danışmadı. Ola bilsin, tədbirdə çıxışa heç qulaq asmayıb, ya da Ağdama gələndə yol boyu mürgüləyib, viran qalmış yurdları görməyib. Çünki çıxışa başlayan kimi BMT-nin baş katibi Antonio Quterreşdən misal gətirdi: “Müharibə və münaqişələrdə qaliblər olmur, yalnız məğlublar olur”. Nə boyda xərc hesabına gətirdiklərimiz belə həqiqətləri burda deməkdən çəkinir, bizsə dayanmadan xaricdən adamları Şuşaya, Ağdama daşıyırıq ki, qayıdıb gerçəkləri desinlər…

Maimuna xanımın Quterreşin sözlərini səbəbsiz işlətmədiyi aydındır, görünür, Ağdama gedəndə yolda hardasa “Dəmir yumruq” abidəsi görüb…

Ana səhifəMənim FikrimcəQarabağı tədbirlərlə bərpa etmək olmaz