Qarabağı download edək

Qarabağın azadlığı ölkənin digər hissəsinin azadlığından keçir.

Source:

İyulun 31-dən avqustun 1-nə keçən gecə cəbhə xəttindən gələn xəbərlər hamını sarsıtdı. Bir gecədə 11 hərbçi şəhid olmuşdu. Bu atəşkəs zamanından bəri olmamış hadisəydi. İlk rəsmi məlumat beləydi ki, düşmənin diversiya qrupu postlara hücum edib və əsgərlərimiz onlara cavab verərkən qəhrəmanlıqla həlak olublar. Bu xəbəri eşidən və azacıq hərbi biliyi olan hər kəs təəccübləndi ki, necə ola bilər müdafiə olunan tərəf çox itki versin. Lakin MN bu barədə heç bir açıqlma vermədi. Daha doğrusu, aydınlaşdırmadı. Lakin hadisənin necəliyi sonra aydın oldu. Sən demə, olaydan əvvəl 3 erməni hərbiçisi öldürülmüşdü. Erməni tərəfi də bu itkilərin əvəzini çıxmaq üçün postlarımızdan birinə hücum edib. Əlbəttə, postlarda “ənənəvi” qaydada xidmət keçən əsgərlər bunu gözdəmirdilər. Ona görə ənənəvi sözünü dırnaq içində yazdım ki, cəbhə xəttində tv-lərdə göstərilən şəkildə xidmət keçmirlər. Nizamnamə və təhlükəsizlik qaydalarına obyektiv və subyektiv səbəblərdən tam riayət olunmur. Şəxsi təcrübəm əsasında deyirəm. Beləliklə, ermənilərin planında xəbərsiz olan əsgərlər də məsuliyyətsizliyi canları bahasına ödədilər. Postu basıb əsgərləri şəhid edən düşmən qüvvələri silahları və rabitə vasitələrini də götürüblər. Sonradan onların şəklini yayıb belə bir rəy yaratmaq istəyiblər ki, guya Azərbaycan hərbiçiləri posta hücum ediblər. Ancaq ara yerdə əsgərlərimiz mənasız səbəblərdən həlak oldular. Halbuki qaydalara riayət olunsaydı, düşmənin hücumunu daha az itkiylə dəf etmək olardı. Lakin onlar işə məsul zabitlərin vəzifələrini cinayətkarcasına yerinə yetirməməsi səbəbindən həlak oldular. Əsgərlərimizin şəhid olması və atəşkəsin daha tez-tez pozulması militarist əhval-ruhiyyəni göylərə qaldırdı. Sosial şəbəkələrdə profil şəkilləri qara lent və kamuflyaj rəsmlərilə əvəz olundu. Hamı bir ucdan özünü Vətənə fəda etməyə başladı. “Vətən-millət-Qarabağ” sədaları göydə uçuşdu. İnsanları hisslərlə yox, ağılla davranmağa dəvət edənlər düşmən olmaqda, erməni dəyirmanına su tökməkdə qınandı. Müharibə şeypurları var gücüylə üfürülməyə başlandı. Ancaq çox az adam savaşın necə bir şey olduğunu dərk edirdi.

Avstriyalı yazar Stefan Sveyqin “Dünənin dünyası” adlı əsərində maraqlı bir məqam var: Birinci Dünya Savaşı başlayarkən gənclərin necə həvəslə orduya yazıldıqlarını qeyd edir. Şəhərlərdə hərbi marşlar çalan orkestr gənclərin vətənpərvərlik hisslərini riqqətə gətirir. Qısa zamanda xeylisi səfərbərlik idarələrinə gedib ordu sıralarına qoşulurlar. Lakin ilk döyüşlərdən xəyal qırıqlığı başlayır. Vətənpərvərlik coşğusu əksəriyyəti üçün ilk qanı görənə qədər olur. Elə ki əsgər yoldaşını top mərmisi parçaladı, güllə yerə yıxdı, silkinib ayılır. Hara gəldiyinin fərqinə varmağa başlayır.

Yazar hospitallarda, sanitar qatarlarda və həbs düşərgələrindəki gənclərdə artıq müharibəyə hazırlaşanların əhvalından əsər-əlamət qalmadığını xüsusi vurğulayır. Dövr o dövr idi ki, xırda lokal savaşlar xaric Avropa artıq 100 ilə yaxın idi total savaşlar görmürdü. İnsanlar müharibənin nə olduğunu unutmuşdular. Ancaq ədəbiyyatdan, incəsənətdən öyrənirdilər. Gənclər cəngavərlik, fərdi şücaət göstərmək üçün fürsət axtarırdılar. Hənirtisi get-gedə yaxınlaşan Cahan savaşı onları narahat etmək əvəzinə, əksinə sevindirirdi. Sərgüzəşt axtaran bekarlar kimi çoxdandı arzusunda olduqları müharibəni gözləyirdilər.

Qarabağ savaşıyla 1-ci Cahan Müharibəsi arasında bəzi oxşarlıqlar görürəm. Fərqlər ciddi olsa da, bənzərliklər fikrimə haqq verir. Qarabağ qazisi olan bir tanışım ilk döyüşünü danışmışdı. Dediyinə görə, müharibə barədə bütün romantik təsəvvürlər ilk qanla dağıldı. Yanlarında güllə və mərmi yarası alıb yıxılan əsgər yoldaşları gözlərini daha da açırdı. Ən dəhşətlisi isə öz qanını görməkdi. Bir çoxunda həmin travma indiyə qədər davam edir. Bunu deməklə insanlarda təslimçilik əhvalı yaratmaq fikrim yoxdu. Sadəcə müharibənin oyuncaq olmadığını vurğulayıram. Savaş hər zaman cəmiyyətin ən zəif kəsimlərini hədəf alır. Maddi və sosial güclü olanlar hamını qızışdırıb özləri kənarda bundan mədət umarlar. Onların özləri, övladları, yaxınları müharibədən əziyyət çəkməzlər. Millətə “tırka” verən akifnağılar, eynullalar, mirşahinlər, vahidnaxışlar, aqilabbaslar müharibə deyəndə tabutların öz evlərinə gəldiyini düşünməzlər. “Vətəntorpağını şəhid qanıyla suvarmaq” onların anlayışında tanımadıqları ailənin övladlarıdı. Uzaqbaşı dəfnlərində iştirak edəcəklər, vətənşüvən nitqlər edəcəklər, onlar barəsində yazı yazıb, süjet hazırlayacaqlar. Çünki vətən oğlu onlara diri yox, ölü lazımdı.

Bununla bağlı öz kiçik təcrübəmi də yazım. 2003-cü ilin iyununda Goranboy istiqamətində xidmət zamanı birdən qarşı tərəfin hücumuna məruz qaldıq. Budəfəki sıradan atışma deyildi. Atəş o qədər güclü idi ki, səngərdən yuxarı qaldırılan ağacı belə vururdular. Filmlərdə gördüyüm səhnələr idi. Atışmada qəribə bir halın şahidi oldum. Ayrı vaxtı “borzu” gəzənlər, şux yeriyib başqalarını əzməyə çalışanlar, “mənəm-mənəm “ deyib ortalıqda gəzənlərin əvvəlki halında əsər-əlamət qalmamışdı. Səngərin divarına sıxılıb qorxudan titrəyib ağlayan, orda olduğuna səbəb olan hər kəsə lənət və söyüş yağdıran, burdan sağ çıxarkən namaza başlayacağını vəd edən, bir sözlə, ölüm qorxusu insanların gerçək simasını üzə çıxarmışdı. Ancaq hamının sakit, əfəl, “çurban” kimi tanıdığı əsgərlər elə bil dəfələrlə bu vəziyyətə düşmüşdülər. Çox rahat hərəkət edirdilər. Qorxusundan silahını atıb qaçan “borzu” çavuşu yarı yoldan qaytaran əsgər hərbiçi iyerarxiyasının ən aşağı yerində qərar tutan idi.

Anlayıram ki, istəmədən də olsa, cəlb edildiyimiz savaşda döyüşməliyik. Üstəgəl itirilmiş mövqeləri bərpa etməliyik. Ancaq belə yox. Düşmən qarşısında pulu olmadığı üçün başqa yerə özünü “saldıra” bilməyən çəlimsiz əsgərlər yox, peşəkar hərbiçilər durmalıdı. Düşmənin hər bir hərəkəti nəzarətə götürülməlidi. Orduda təminat sözdə yox, realda yaxşı olmalıdı. Döyüşə gedən hərbiçilərin gözləri arxada qalmamalıdı. Acı təcrübələr deyir ki, ölkəni idarə edən indiki rejim çətin şəhid və qazisinə sahib çıxsın. Özünü yandıran qazini yada salaq. Bundan əlavə, məmur qapılarında sürünən şəhid ailələrini. Hansılar ki, üzlərinə “biz göndərmişdik?”- deyilib. Bu sözü eşidib cavab qaytara bilməmək acısını çəkənləri anlayan nə qədər adam var görəsən? Ehtiyacdan fahişəliyə yuvarlanan şəhid yoldaşları barədə də az adam bilir. Bir çoxu o yola düşsə də, abırlarına qısılıb şəhid dulları olduğunu demirlər. Belə bir perspektiv necədi sizin üçün? Qarabağ savaşında şəhid və qazi olanlar tək torpaq suverenliyi üçün yox, həm də geri qalan hissəsində insan kimi yaşamağımız uğrunda döyüşdülər. Ölkənin bir qrup tərəfindən soyulması, digər hissəsinin isə zillət içində yaşamasına çalışmayıblar. Onlar savaşarkən orda-burda gizlənən tulaların babaları bahalı maşınlarını onların yetimlərinin üstünə sürmələrini istəməyiblər. Qarabağın azadlığı ölkənin digər hissəsinin azadlığından keçir.

Son hadisələr daha bir problemi qabartdı. İnformasiya qıtlığı şayiələrə bolluca şərait yaratdı. Ayın 1-dən sanki işarə verilibmişcəsinə ölkəni hərbi isterika bürüdü. Şayiələr göydə uçuşurdu: “səfərbərlik başlayıb”, “ölkədən 17-41 yaş aralığında heç kimi buraxmırlar”, “sərhədyanı kəndlərdə sakinlərə silah paylayırlar” və s. Hələ ölkə xaricində buraxılmış şayiələr də vardı. Bunlardan ən zırıltısı Qarabağda döyüşmüş türkiyəli qazinin adından yayılan məlumat idi: “Qarabağda savaş başlasa 100 minlik ordu yığıb savaşa qatılacağı”. Ən maraqlısı oydu ki, sosial şəbəkələri bürüyən isterika dezo məlumatlara “gəl-gəl” deyirdi. Bundan istifadə edən bir qrup geydirmə sayt, qəzet və informasiya agentliklər ağızlarına (ağıllarına da yox) gələn məlumatları yaymağa başladılar. Həmin donqili KİV-lər artıq Ağdam və Fizulini işğaldan azad etmişdilər. Üstəlik 70-dən çox düşmən hərbiçisini məhv etmişdilər. Cəbhə bölgəsindən məlumat verməklə vəzifələndirilmiş Müdafiə Nazirliyinin mətbuat xidməti israrla susurdu. Əvəzində sutka ərzində mövqelərin neçə dəfə atəşə tutulması barədə mənasız informasiyalar verirdi.

Bir çox hakimiyyət saytlarında dezo məlumatlar elə belə yayılmamışdı. Bir mərkəzdən bu cür xəbərlər buraxılaraq xalqın münasibəti öyrənilirdi. Öyrənib nə nəticəyə gəldilər bilmirəm, amma xeyli adamı xəyal qırıqlığına uğratdılar. Dezoların yayıldığı 6 avqustda bir çox insan Ağdam və Füzuli rayonlarının azad olunmasına elə inanmışdılar ki, bunun əksini deyənlərə çox aqressiv davranırdılar. Onları xain belə adlandırırdılar. Amma sonda bu məlumatların belə desək fıs çıxması millətdə psixoloji travma yaratdı. Bunun altını sonra çəkəcəyik.

Müharibə istəyənlər üçün bir sınanmış yol deyim. Çıxın meydana və dövlətdən tələb edin ki, artıq bəsdi atəşkəs rejimi. Biz savaş istəyirik. Ya müharibəyə başlayıb torpaqları azad edirsən, ya da müharibəyə başlayırsan. Üçüncü variant odur ki, yenə müharibəyə başlayırsan. Ancaq inanmıram böyük kütlə yığılsın. Öz şəxsi mənafeyi üçün etiraz edə bilməyən, sosial mitinqlərdən qorxanlar çətin ki, daha ali dəyər olan vətən üçün meydana çıxsın. Əli dəyənəkli polislə ilk təmas vətənpərvər qazını alacaq.

P.S. Orta əsrlərdə Rumuniyada kral müharibə əmrini vermək üçün birinci öz oğlunu öldürməli idi. Bunun da mənası odur ki, öz oğlunu belə qurban verməyə hazırdı.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəQarabağı download edək