Erməni tərəf iki hərbçinin həlak olduğunu bildirir
Qarabağda atəşkəsin pozulduğu haqda məlumatlar var. Özünü “Dağlıq Qarabağın Müdafiə Nazirliyi” adlandıran qurumun yaydığı məlumatda bildirilir ki, martın 25-i günorta saatlarından başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub:
“Azərbaycan tərəfi odlu silahlarla yanaşı, zərbə vuran PUA-lardan, o cümlədən “Bayraktar TB2” pilotsuz uçuş aparatından istifadə edir. Müdafiə Ordusunun 2 müqaviləli hərbçisi həlak olub”.
Ermənistanın “News.az” saytının saat 14:00-a olan məlumatına görə, Dağlıq Qarabağın (ermənilər Artsax adlandırır) şərq sərhədində “əməliyyat-taktiki vəziyyət son dərəcə gərgin olaraq qalır”.
Azərbaycan Müdafiə Nazirliyindən isə “Report”a bildiriblər ki, ermənilərin informasiya təxribatı davam edir:
“Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır”.
“Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir”, – nazirlikdən qeyd olunub.