“Qarabağa Qayıdış” Təşəbbüs Qrupu hökumətdən şəffaflıq tələb edir

İşğaldan azad olunmuş ərazilər. Foto: AAYDA

“Layihələrin şəffaf və hesabatlı şəkildə aparılmaması narahatlıq doğurur”

“Qarabağa Qayıdış” Təşəbbüs Qrupu məcburi köçkünlərin torpaq və Konstitusiyada zəmanət verilən digər daşınmaz əmlak hüquqlarının pozulduğunu bəyan edib.

Bu barədə Təşəbbüs Qrupu martın 30-da açıqlama yayıb.

Bəyanatda ərazilərin tezliklə minalardan təmizlənəcəyinə, yaşayış məntəqələrinin bərpa ediləcəyinə və əhalinin qayıdacağına ümid etdiklərini bildirən Təşəbbüs Qrupu regionun bərpası prosesinin gedişatından narahatlıqlarını ifadə ediblər.

Dünən təsis olunan “Qarabağa Qayıdış” Təşəbbüs Qrupunda iqtisadçı Qubad İbadoğlu, İlham Məmmədli, Yelmar Mustafa, Mirəli Hüseynov, Elxan Nuriyev, Qalib Toğrul, Xaqani Cəfərli, Famil Süleymanov, Asif Talıboğlu, Nofəl Qasımov, Vahid Qazi, Elşən Nağıyev, Vaqif Əlisoy və Nəsimi Sadıqov təmsil olunur.

Bəyanatda məcburi köçkünlərin xüsusi mülkiyyətinə torpaqların verilməsi 1997-1999-cu illəri əhatə edən torpaq islahatı qaydalarına uyğun olaraq həyata keçirilməsinin vacibliyi vurğulanır:

“Ancaq təcrübədə kənd təsərrüfatı üçün yararlı olan sahələr iri holdinqlərin sərəncamına verilir. Qanunvericiliyə zidd olaraq, kiçik yaşayış məntəqələrinin bərpası zamanı onlar əvvəllər orada yaşamış insanların fikri nəzərə alınmadan birləşdirilir. Füzuli rayonunda iki, Qubadlı rayonunda dörd belə fakt müəyyən edilib”.

Təşəbbüs Qrupu hesab edir ki, qayıdış prosesinin 2040-cı ilədək yekunlaşdırılmasının nəzərdə tutulması məcburi köçkünlərin dədə-baba torpaqlarına qayıtmasına inamını azaldır:

“Azad olunmuş ərazilərdə dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilən minatəmizləmə, yolların, enerji xətlərinin çəkilməsi, qaz və su təchizatının təmin edilməsi, yaşayış məskənlərinin layihələndirilməsi və inşası işlərinin şəffaf və hesabatlı şəkildə aparılmaması narahatlıq doğurur. Həmçinin bərpa və məskunlaşma prosesinin planlaşdırılmasına işğaldan azad edilmiş ərazilərin sakinlərinin cəlb edilməsi və onların rəyinin nəzərə alınması gərəklidir”.

Təşəbbüs Qrupu işğaldan azad olunmuş ərazilərin illər üzrə məskunlaşdırılması qrafikinin tərtib edilməsini, vəfat edən məcburi köçkünlərin işğaldan həmin ərazilərdə yerləşən dədə-baba qəbiristanlıqlarında dəfninə icazə verilməsini də tələb edib.

İşğal azad edilən rayonlardan yalnız Zəngilan rayonunun Ağalı kəndinə əhalinin ilkin köçürülməsi baş tutub.

2021-ci ilin iyulunda başlayan köç prosesinin 4 mərhələdə həyata keçiriləcəyi və 41 ailənin, təxminən 200 nəfərin hər cür şəraitlə təmin olunacağını vurğulayıb.

İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib.

Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb.

Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Azərbaycan hökumətinin Qarabağda yenidənqurma və bərpa layihələrinə 4,8 milyard manatdan çox (təxminən 2,9 milyard dollar) vəsait ayrıldığı bildirilir.

Ancaq hansı ölkələrə məxsus şirkətlərin bu işlər üçün tender aldıqları və  o cümlədən, dost kimi tanınan İtaliya, İsrail və Böyük Britaniya şirkətlərinin tender qazanıb-qazanmadıqları ilə bağlı təfərrüatlar açıqlanmayıb.

İlkin məlumatlara görə, bunlardan ən çox Türkiyə şirkətləri faydalanır. Məsələn, Cengiz və Kalyon, Ərdoğan və hakim partiya ilə yaxın əlaqələri olan, o cümlədən, AKP hakimiyyəti dövründə əsas dövlət tenderlərinin əksəriyyətini qazanan “Beşli Banda”ya daxil olduğu bilinən iki türk firması bölgədə çalışır.

Ana səhifəSiyasət“Qarabağa Qayıdış” Təşəbbüs Qrupu hökumətdən şəffaflıq tələb edir