AXCP: “Həbsdəki cəbhəçilərin ailə üzvlərilə telefon danışığı və görüş hüquqları məhdudlaşdırılır”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qarabağ yürüşünə görə həbs olunan fəallarından İsmayıl Həsənovun aclıq aksiyasına başladığı bildirilir. Bu barədə Meydan TV-yə partiyadan məlumat verilib.
“İsmayıl Həsənov avqustun 17-də vəkili ilə görüşdə deyib ki, dünəndən (16 avqust) aclıq edir. Aclıq aksiyasına başlaması barədə istintaq təcridxanasının rəhbərliyinə də ərizə ilə yazılı şəkildə məlumat verib. Aclıq etməsinin səbəbi isə heç bir günahı olmadığı halda həbs edilməsi, üstəlik, həbsdə də hüquqlarının pozulmasıdır. İsmayıl Həsənovun həbsindən təxminən bir ay vaxt keçir, onun ailə üzvlərilə həftədə iki dəfə telefonla danışmaq, həftədə bir dəfə görüşmək hüququ təmin olumur”, – deyə partiyanın mətbuat xidmətindən bildirilib.
Partiyanın məlumatına görə, təkcə İ.Həsənov deyil, ümumiyyətlə, son aylarda həbs olunan bütün cəbhəçilərin telefon danışığı və görüş hüququ məhdudlaşdırılır: “Bu adamlar indiyə qədər ailələrinə zəng eləməyiblər, görüşməyiblər. Son vaxtlar ailələrin apardığı geyim və ərzağı qəbul eləsələr də, ünsiyyət hüququ yenə pozulur. İnsanlar öz yaxınları haqqında heç bir məlumat ala bilmirlər. Heç bilmirlər ki, göndərdikləri sovqat onlara çatdı, yoxsa yox”.
AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimovun da aclıq aksiyasını davam etdirdiyi bildirilir. Qardaşı Turan İbrahim bildirib ki, Mehdi səkkizinci gündür aclıq edir. Qardaşının sözlərinə görə, nə M.İbrahimov özü evə zəng edir, nə də vəkillərini onunla görüşməyə qoyurlar. Bu üzdən Mehdinin durumu barədə heç bir məlumat ala bilmirlər, narahatdılar.
Ombudsman Aparatının əməkdaşları da təsdiq edib ki, Penitensiar Xidmətin 3 saylı İxtisaslaşmış Müalicə Müəssisəsindəki görüşdə M.İbrahimov onlara qanunsuz həbs olunmasından şikayətlənib, buna etiraz olaraq aclıq edəcəyini deyib.
Xətai Rayon Məhkəməsində də M.İbrahimovun barəsində cinayət işi başlanmamışdan öncə onun beş gün polis bölməsində qanunsuz saxlanması barədə şikayətinə baxılıb. Lakin onun özünü məhkəməyə gətirməyiblər.
M.İbrahimovun vəkili şikayətdə göstərib ki, müvəkkili iyulun 15-də səhər saat 5 radələrində Qarabağ yürüşündən qayıdanda saxlanılıb və 37-ci polis bölməsinə gətirilib. O, bölmədəki kamerada 100-dən artıq saxlanılan şəxslə birlikdə olub. Günlərlə bu vəziyyətdə saxlanılıb. İyulun 19-da onu Baş Prokurorluğun İstintaq İdarəsində Qarabağ yürüşü ilə bağlı cinayət işi üzrə şahid qismində dindiriblər. Bir gün sonra isə onun koronavirus daşıyıcısı olduğu halda, küçəyə çıxıb, başqalarının həyatına təhlükə yaratması ittihamıyla cinayət işi başlanıb. Cinayət işinin materiallarında da iddia olunur ki, M.İbrahimov iyulun 20-də Nobel prospektində maskasız, SMS-icazəsi olmadığına görə saxlanılıb, bölməyə gətirilib, test nəticəsində virus daşıyıcısı olduğu müəyyənləşib: “Beş gün ağır şəraitdə bölmədə yüzdən artıq adamla birlikdə qanunsuz saxlanılıb. Əgər onda virus varsa belə, həmin müddətdə yoluxub. Hətta şübhə var ki, qəsdən yoluxdurulub, sonradan bu ittihamı versinlər. Məhkəməyə şikayətdə beş gün bölmədə saxlanmanın qanunsuz sayılması, onun qəsdən COVİD-19 infeksiyasına yoluxdurulmasının araşdırılması istənilib”.
Məhkəmədə vəkil iyulun 15-dən 20-nə qədər 37-ci polis bölməsindən kamera görüntülərinin alınması haqda vəsatət qaldırıb. Vəsatət təmin edilib, polis bölməsindəki kamera görüntüləri məhkəməyə təqdim olunmalıdır.
Penitensiar Xidmətdən AXCP funksioneri İ.Həsənov və M.İbrahimovun aclıq etməsi barədə deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.