Dünya mediası Azərbaycanla Ermənistan arasındakı hərbi münaqişədən yazır
“Qarabağ konfliktinin eskalasiyası Rusiya və Türkiyə kimi ölkələrin münaqişəyə birbaşa cəlb olunma riskini artırır”,- dünya mediası bildirib.
“Strateji dəyəri az olan bir dağlıq ərazi üçün yerli bir müharibə kimi görünən məsələ əslində Rusiya və Türkiyə kimi daha böyük gücləri cəlb etmək potensialına görə böyük əhəmiyyət kəsb edir”, – “The New York Times” (NYT) çərşənbə axşamı nəşr edilmiş məqaləsində qeyd edib.
NYT bildirir ki, Liviya və Suriya kimi beynəlxalq münaqişələrdə qarşı tərəfləri dəstəkləyən Rusiya və Tükiyə Cənubi Qafqazda da eyni siyasi xətti izləyir. Rusiya Ermənistanla qarşılıqlı müdafiə razılaşmasına sahib güc olaraq konflikt ikincinin torpağına sıçradığı an hərəkətə keçə bilər.
“NATO müttəfiqi olan Türkiyə isə Azərbaycanla “qardaş ölkədir” və bu səbəbdən Rusiyanı – qarşılıqlı enerji və ABŞ-ı hiddətləndirmək məqsədilə hərbi əlaqələrə sahib olduğu üçün – qarşısına almadan Azərbaycanı dəstəkləməyə davam edəcəkdir”, dünya mediası vurğulayıb.
“Biz Ermənistan və ya başqa bir ölkənin təcavüzünə qarşı Azərbaycan xalqının və Azərbaycan hökumətinin yanında olmağa davam edəcəyik”,- Prezident Rəcəb Tayyip Ərdoğan çıxışında bildirib.
“Son döyüşlər zamanı Türkiyə istehsalı olan pilotsuz təyyarələrin Dağlıq Qarabağdakı hədəfləri vurması anklavdakı proksi döyüşlərin spekterini artırır”, – NYT əlavə edib.
Moskvanın Karnegi Mərkəzinin direktoru Dmitri Trenin “Keçmiş Sovet ərazisinə silahla daxil olmaq Rusiyanın yaxşı baxacağı bir iş deyil”,- deyə qeyd edib. “Bu, əvvəllər baş vermədiyi üçün “qırmızı xətt”i keçə bilər”,- Trenin deyib.
İllərdir münaqişənin hər iki tərəfini silahla təmin edən və Minsk adlı beynəlxalq vasitəçilik qrupunda önəmli yer tutan Rusiya bazar günü başlayan döyüşlərdən sonra hər iki tərəfə çağırış edərək, atışmaların dayandırılmasını tələb edib.
“Bu dəfə isə Rusiyanın Dağlıq Qarabağda artan şiddətə son qoyma çağırışlarına Türkiyənin Qafqazda yüksələn regional güc olaraq həssas tarazlığı dəyişməsi sayəsində məhəl qoyulmayıb”,- “Financial Times” son məqaləsində vurğulayıb.
“Financial Times” qeyd edir ki, Ankaranın qonşusu Azərbaycanı dəstəkləməsi və on illərdir davam edən təşviqedici ritorikası ilə Moskvanın regional hegemonluğuna meydan oxuması Rusiya prezidenti Vladimir Putin üçün əhəmiyyətli baş ağrısına çevrilib.
“Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan son illərdə getdikcə daha iddialı xarici siyasət yürüdür”, – məqalədə qeyd edilir.
“Xaricdəki hərbi genişlənmələrdən tutmuş göstərişli ritorikadan istifadə edərək Türkiyə daxilində millətçilik hissini oyatmasıyla və eyni zamanda Ermənistan rəhbərliyinə qarşı çıxışları və Azərbaycana hərtərəfli dəstək verməsi Qafqazdakı hazırkı döyüşləri öncəkilərdən fərqli edir”, – “Financial Times” əlavə edib.
Analitiklərin fikrincə, Türkiyənin münaqişədə Azərbaycana dəstəyi Bakını cəsarətləndirib və Moskvanın Azərbaycan rəhbərliyi üzərindəki təsirini azaldıb.
“Bu, Türkiyə siyasətində böyük bir dəyişiklik olduğunu göstərir”, – bölgə üzrə mütəxəssis Tomas de Vaal qeyd edib. “Türkiyə hər zaman Azərbaycana siyasi dəstək təklif edib, lakin eyni zamanda münaqişənin sülh yolu ilə həll edilməsi lazım olduğunu bildirib. Bölgədə geopolitik tarazlıq olub. İndi birdən-birə əsas regional aktyorlardan biri Azərbaycanı dəstəkləyir”,- de Vaal əlavə edib.
Ermənistan Xarici İşlər Nazirliyi bazar ertəsi günü Türkiyəni silahlar və döyüş təyyarələri də daxil olmaqla münaqişəyə “birbaşa müdaxilə etməkdə” günahlandırıb. Ankara türk hərbi ekspertlərinin və Türkiyənin dəstəklədiyi suriyalı muzdluların münaqişədə iştirak etməsi iddiasını “əsassız” adlandırıb və ittihamları rədd edib.
“Guardian” suriyalı muzdluların Türkiyə vasitəsilə münaqişəyə cəlb edilməsini yenidən gündəmə gətirib və suriyalı üsyançı döyüşçülərin Azərbaycana göndərilməsi üçün özəl Türkiyə təhlükəsizlik şirkəti tərəfindən qeydiyyatdan keçdiyi qeyd edilib.
“Guardian” suriyalı üsyançılardan üç nəfərlə söhbət edib və onların təxminən on illik müharibə və yoxsulluqdan sonra özəl bir Türkiyə təhlükəsizlik şirkəti ilə müqavilə imzalamaq məcburiyyətində qaldıqları qeyd edilir. “Onlar hazırda Azərbaycana getməzdən əvvəl quru yol ilə Türkiyəyə səyahət etməyi gözləyirlər”, – “Guardian” qeyd edib və əlavə edib ki, əcnəbi döyüşçülərin gəlişi Dağlıq Qarabağ bölgəsi uğrunda Yerevanla Bakı arasında başlamış döyüşlərə mürəkkəblik qatacaq.
“Muzdluların potensial yerləşdirilməsi Türkiyənin xaricdə güc formalaşdırmaq üçün artan iştahasına işarədir”, – “Guardian” qeyd edib və əlavə edir ki, Ankaranın bu addımı “Moskva ilə regional rəqabətdə üçüncü bir tamaşaya yol açır”.
“Ankara və Moskva hazırda Suriya və Liviyadakı qarşıdurmalarda rəqabətdədir və ikili arasındakı gərginlik artıq Dağlıq Qarabağa keçə bilər”, – “Guardian” bildirir.