Qarabağ qazisi: Parkın məhvinə imkan verməyəcəyik

“Görəndə ki, niyyətlərindən əl çəkmək istəmirlər, üstümə benzin töküb özümü yandırmaq istədim”

Source:

Foto: Azadlıq radiosu
Foto: Azadlıq radiosu


“Görəndə ki, niyyətlərindən əl çəkmək istəmirlər, üstümə benzin töküb özümü yandırmaq istədim”

“Biz Yeni Günəşlidəki parkda ağacların kəsilməsinə və burada bina tikilməsinə etiraz edirik”. Bunu “Turan”-ın müxbirilə söhbətdə parkda ağac kəsilməsinə etiraz olaraq oktyabrın 5-də özünü yandırmaq istəyən Qarabağ müharibəsi əlili Rövşən Qafarov bildirib.

O deyib ki, bu ərazi Yeni Günəşlidəki 275 və 279 saylı məktəblərin yaxınlığında yerləşir. Onun sözlərinə görə, Abşeron Mənzil Tikinti Kombinatı parkda bina tikmək istəyir: “Bu parkın ərazisi təqribən 1 hektara yaxındır. Bu ilin mayında gəlib parkda 19-20 ədəd 30 illik ağacları kəsiblər, buna görə də hələ o vaxt Ekologiya Nazirliyi bu adamları 3 min manata yaxın məbləğdə cərimə edib”.

R.Qafarovun sözlərinə görə, o zamandan bu insanlar yoxa çıxıblar, bir də bu gün, yəni oktyabrın 5-də peyda olublar. R.Qafarov deyir ki, indi də təməl qoymaq üçün parkı çəpərləmək istəyirlər: “Buna etiraz edirik, özü də tək deyilik, 30-40-a qədər adam bu etirazda iştirakçı idi. Görəndə ki, niyyətlərindən əl çəkmək istəmirlər, üstümə benzin töküb özümü yandırmaq istədim. Polislər gəlib məni Suraxanı rayon 33 saylı polis bölməsinə apardılar. Mən də atdığım addımın səbəblərini izah etdim”.

Onun sözlərinə görə, Abşeron MTK parkda 6 bloklu 12 mərtəbəli bina tikmək istəyir. R.Qafarova görə isə bu, parkın bütünlükdə məhv edilməsi deməkdir.

“Bu, ətrafda bəlkə də yeganə parkdır ki, bu tərəfin adamları orada istirahət edə bilirlər. Anlaya bilmirəm, bina tikintisi üçün başqa bir yer yoxdurmu ki, hazır yaşıllıqlar məhv edilir?”

R.Qafarov bunu da bildirib ki, parkda bina tikintisinə icazə verən qurumlar həmin qərarı ləğv etməlidirilər, başqa bir yerdə tikintiyə icazə verməlidirlər. “İndi kimsə bina tikmək istəyirsə, Bakıdakı yaşıllıqları məhv etməlidirlər?”

Ana səhifəXəbərlərQarabağ qazisi: Parkın məhvinə imkan verməyəcəyik