Vaşinqtonun mayın 16-da Vyanada prezidentlərin görüşünün keçirilməsi haqqında hazırki təşəbbüsü, çətin ki, Ermənistan-Azərbaycan qarşıdurması gündəliyinə dəyişikliklər etsin…
Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ, Rusiya və Fransa xarici işlər nazirlərinin vasitəçiliyi ilə keçirilən Vyana danışıqlarının yekunlaşmasını iki düşmən Qafqaz ölkəsinin silahlı qüvvələri top və yaylım atəşi ilə qarşılayaraq, hər bir tərəfdən bir əsgəri qurban veriblər.
“Mayın 17-də qoşunların təmas xəttində Ermənistanın atəşkəs rejimini pozması nəticəsində Azərbaycan SQ-nin hərbi qulluqçusu, əsgər Natiq Tahirli həlak olub”, deyə AR Müdafiə Nazirliyinin bəyanatında bildirilir. “Saat 0:50 (Moskva vaxtı ilə 23:50) radələrində cənub istiqamətində düşmənin açdığı atəş nəticəsində Dağlıq Qarabağın Müdafiə Ordusunun müqavilə əsasında xidmət edən hərbi qulluqçu ölümcül yaralanıb”, deyə Ermənistan MN məlumat yayıb.
Qarabağda Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində hərbiçilərin bu reaksiyası Vyanada atəşkəsi davam etdirmək haqqında vədlərinə baxmayaraq, Bakıda və Yerevanda yuxarıların ATƏT Minsk Qrupu həmsədrlərinin yekun bəyanatında bəhsi keçən sülh danışıqlarını davam etdirməyə hazır olmadıqları haqqında fikir yaradır.
Vyanada danışıqlar bazar günü axşam başlayıb və iki saat davam edib, ictimaiyyətə Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağ probleminin hərtərəfli həlli haqqında danışıqların bərpa edilməsi məqsədilə iyunda birlikdə razılaşdıracaqları yerdə danışıqların növbəti raundunun keçirilməsi barədə razılıq əldə etdikləri çatdırılıb.
Əvvəlki kimi, 1994 və 1995-ci illərin atəşkəs haqqında sazişlərinə riayət edilməsi bu gün də əsas məsələ olaraq qalır. “Zorakılığın davam etdirilməsi riskini azaltmaq üçün onlar (tərəflər – red.) ən qısa zamanda ATƏT-də araşdırma aparılması mexanizmini yekunlaşdırmaq razılığına gəliblər. Prezidentlər həmçinin ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi idarəsinin mövcud mandatının genişləndirilməsi barədə razılıq əldə ediblər. Və nəhayət, onlar 2014-cü ilin oktyabrında Paris sammitində prezidentlərin qərara gəldikləri BQXK-nin himayəsi altında itkin düşmüşlər haqqında məlumat mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.
Xatırlamaq olar ki, aprelin əvvəllərində lokal qanlı döyüşlərdən sonra da tərəflər həmsədr ölkələrin vasitəçiliyi ilə atəşkəsə sadiq olduqlarını bəyan edirdilər, amma hər iki tərəfin yaydığı məlumatlar atəşkəs rejiminə bir dəfə də olsun riayət olunmadığını göstərir. Odur ki, iyun görüşünə qədər – belə görüş keçirilərsə – atəşkəs rejiminə, çətin ki, riayət olunsun.
İyun görüşünün özünə gəlincə, onun ideyalarının həyata keçirilməsi şübhəli olaraq qalır, belə ki, 31 mart-16 may tarixləri arasında tərəflərin bəyanatları hələki Qarabağ nizamlanmasının hərbi kartları ilə oynayan strateqlərin ağlında sülh prosesinin yetişdiyinin əlamətini belə göstərmir. Qarabağda fəal hərbi əməliyyatların prezidentlər Əliyev və Sarkisyanın Vaşinqton səfərindən və orada da atəşkəs rejiminə riayət olunması haqqında 1994-cü il sazişinə riayət olunması haqqında vədlər verməsindən dərhal sonra başlaması da iyunda sülh görüşü ilə bağlı ümidlərin zəif olduğunu göstərir.
Vaşinqtonun mayın 16-da Vyanada prezidentlərin görüşünün keçirilməsi haqqında hazırki təşəbbüsü, çətin ki, Ermənistan-Azərbaycan qarşıdurması gündəliyinə dəyişikliklər etsin, əsasən ona görə ki, düşmən tərəflər görüşdə yanaşmaları yaxınlaşdıra bilməyiblər. Azərbaycanın qısamüddətli aprel qələbəsi ilə əlaqədar güclənən yanaşması müəyyən dərəcədə aydındır – Dağlıq Qarabağa yüksək muxtariyyət statusu müqabilində sülh. Hansı dəyişikliklərə məruz qaldığı çox da aydın olmayan Ermənistan versiyası – Qarabağ ermənilərinin müstəqilliyi müqabilində sülh. Amma Serj Sarkisyan görüşdən sonra deyib ki, o və həmkarları nəticələrdən məmnundurlar və münaqişənin hərbi yolla həllindən daha çox sülh yolu ilə həllini hədəfə alıblar.
“Biz konstruktiv təklif etdik. Söhbət ATƏT Minsk Qrupu həmsədrlərinin atəşkəs rejiminin qorunub saxlanması istiqamətində monitorinqinin təsdiq edilməsindən getdiyi üçün biz təklif etdik ki, monitorinq bizim görüşümüzə qədər təsdiq edilsin. Bu, tərəflərin nümayiş etdirdiyi konstruktiv yanaşma olacaq”, deyə Sarkisyan bildirib.
Aprelin əvvəllərində Azərbaycan ordusunun sarsıdıcı əks hücumundan sonra Ermənistan siyasi dairələrində və diasporasında gedən intensiv məsləhətləşmələrlə əlaqədar prezident Sarkisyan başqa “konstruktiv təklif” də verə bilərdi. Bu, əsrin əvvəllərindən etibarən Qarabağ mövzusunda Ermənistandaxili ilk məsləhətləşmələr idi. Amma görünür, onlar Əliyevə çox da toxunmayıb. Mayın 17-də günorta Azərbaycan prezidenti hələ də danışıqların nəticələrinə münasibətini bildirməyib. Bu isə o demək ola bilər ki, o, Sarkisyanın təşəbbüsləri ilə bağlı şübhə içindədir və Vaşinqtonun iki vasitəçilik səyi arasındakı müddətdə əldə etdiyi strateji təşəbbüsü əldən vermək niyyətində deyil.