“Qarabağ” Fransa klubuna məğlub olub

Foto: “Qarabag”ın sosial media hesabı

“Pley-off”a vəsiqənin taleyinə Bakıda aydınlıq gələcək

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” oktyabrın 27-də UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

“Köhlən atlar” 5-ci tur çərçivəsində Fransada “Nant”ın qonağı olub. Bu oyunda əldə ediləcək qələbə və ya heç-heçə “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsinə çıxması üçün bəs edəcəkdi. Məğlubiyyət isə bütün suallara son turda aydınlıq gələcəyi demək olacaqdı.

Oyunda hesabı ilk hissədə “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin kobud səhvindən sonra Fransa komandası açıb. Amma fasilədən sonra Filip Ozobiçin penalti zərbəsindən sonra hesab bərabərləşib. Bundan sonra irəli atılan “Nant”ın futbolçuları oyuna əlavə olunmuş dəqiqələrdə qələbə qolunu vura biliblər. Fransa təmsilçisinin 2:1 hesablı qələbəsi “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmasına əngəl olub. İndi Ağdam komandası Bakıda keçiriləcək son turun oyununda Almaniyanın “Frayburq” klubunu məğlub etməlidir. Ya da bir xal alaraq, “Nant”ın Yunanıstan “Olimpiakos”u ilə görüşdə uduzmasına və heç-heçə etməsinə ümid etməlidir. İstənilən halda, “Qarabağ”ın taleyi öz əlindədir.

Foto: “Qarabag”ın sosial media hesabı

Qrupun digər oyununda “Frayburq” “Olimpiakos”u qəbul edib. Bu oyun 1:1 hesabı ilə başa çatıb.

Hazırda “Frayburq” 13 xalla qrupda birinci, “Qarabağ” 7 xalla ikinci, “Nant” 6 xalla üçüncü, “Olimpiakos” isə 2 xalla sonuncu pillədədir.

Ana səhifəXəbərlər“Qarabağ” Fransa klubuna məğlub olub