Yasəmən Salıyevanı boğan Sevinc Hüseynova polisə təslim olub.
Martın 29-da M. Ə. Rəsulzadə qəsəbəsi Musabəyov küçəsində yaşayan Yasəmən Salıyeva mənzilində ölü tapılıb. Bu barədə APA Bakı şəhər baş polis idarəsinə istinadən məlumat yayaraq xəbər verir ki, Yasəmən Salıyevanı öldürən Sevinc Hüseynova martın 30-da könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə gələrək təslim olub.
Yasəmən Salıyeva Vətən Müharibəsi Əlillər birliyinin üzvü idi və üçüncü dərəcəli Qarabağ əlili Ağdamda döyüşüb. Meydan TV-yə bu barədə məlumat verən birliyin sədri Firiddun Məmmədovun bildirdiyinə görə, Sevinc Hüseynova ilə Yasəmən Salıyeva uzun müddət rəfiqə olublar. “Bu qətl hadisəsi bizim üçün anlaşılmazdı. Bildiyimə görə aralarında mübahisə yaranıb və bunun nəticəsində Sevinc Yasəməni boğaraq öldürüb”. Firiddun Məmmədov bildirdi ki, hazırda o Hacıqabulda Yasəmən Salıyevanın dəfn mərasimindədir. “Yasəmən xanım birliyin ən fəal üzvlərindən olubdur. Yəqin ki, Sevinc Hüseynova törətdiyi əmələ görə cəzalandırılacaq”.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.