”Qara libaslı qadın”

Kitabı sanki nəfəs almadan oxuyurdum

Source:

Syuzan Hillin “Qara libaslı qadın” (The woman in Black) romanını iki gecədir yuxum qaçdığı halda elə yatağımdaca uzanıb oxudum. Dəhşət (horror) və triller janrında qələmə alınan bu əsər mənə gecənin müdhiş sakitliyi ərzində bir xeyli təsir etdi. Romandakı mistika ilə gecə vaxtı ara-sıra çöldən gələn avtomobil və küçə itlərinin səsləri sanki bir-birinə qarışmış, qəribə tandem yaratmışdı. Kitabı sanki nəfəs almadan oxuyurdum.

Oradakı hadisələr məndə böyük həvəs yaratmışdı və həmin baş verənlərin öz sehrli təsirinə düşdüyümü hiss edirdim.

Məndə bu təəssüratı yaradan səbəb nəinki romanda baş verən hadisələr, həm də yazıçının iti və cəlbedici yazı üslubu idi. Əsərin təhkiyəsi o qədər xoşuma gəlmişdi ki, elə bil yazıçı özü mənə hadisələri nəql edirdi.

Tərcümənin səviyyəsi də kitab barədə müsbət qənaətə gəlməyimə səbəb olmuşdu.

Nədənsə romandakı dəhşət dolu məqamlar məni birbaşa qorxutmadı. Adətən əsərə belə köklənib oxuyanda oradakı hadisələr mənə daha dərindən təsir edir və əyani nəticəni öz hisslərim üzərində aydın şəkildə duyuram.

Gecənin bir yarısı yuxum gəldi və kitabı bağlayıb, kənara qoydum ki, yatım. Elə bu düşüncələr və əsərdən aldığım zövqlə yerimi rahatlayıb yatmaq istəyəndə gözüm qəflətən başım üzərindəki balaca yaşıl işığa sataşdı.

Bir anlıq qorxdum. Sonra nə görsəm yaxşıdır?! Demə, başım üzərindəki kondisionerin işığı imiş. Bunu dərk edəndən sonra gülməyə başladım və gecikmiş qorxunun nəhayət ki, bir formada üzə çıxdığına əmin oldum.

Əsərdəki hadisələr XIX əsrdə İngiltərədə cərəyan edir. Romanın baş qəhrəmanı londonlu gənc vəkil Artur Kipsdir. O, təyinatla paytaxtdan ölkənin başqa bir əyalətinə yollanır. Buna səbəb yenicə vəfat etmiş missis Elis Drablounun vəsiyyətnaməsi olur. Müəyyən mal-mülkə sahib mərhum missis Drablou Artur Kipsin çalışdığı agentliyin müştərisi olur. Ona görə də Arturun həmin əyalətə getməsinin səbəbi qadının evindəki lazımi sənədləri saf-çürük edib vəsiyyətnaməni tapmaqdan ibarət olmalı idi.

Missis Drablounun dəfnində iştirak edən Artur orada könülsüz şəkildə iştirak edən yerli məmurdan başqa heç kimi görmür. Hətta onların arasında qadının heç bir dost-tanışı və ya bircə yaxın qohumu da olmur.

Dəfn mərasiminin sonuna yaxın Arturun gözünə orada iştirak edən xəstəhal, vahimə saçan qara libaslı qadın görünür. Nədənsə qadın sonra yoxa çıxır və Artur onun kim olduğunu öyrənə bilmir. Dəfndə iştirak edən məmur da ona bu barədə məlumat verməkdən boyun qaçırır.

Daha sonra Artur tərki-dünya sayılan qadın missis Drablounun tək-tənha yaşadığı və canını tapşırdığı yerə – tez-tez qatı dumana bürünən bataqlığın ortasında yerləşən və yerli əhalini vahiməyə salan İl Marş malikanəsinə yollanır.

Yerli əhali ayrıca kiçik ada sayılan bu ərazidə missis Drablou və həmin qadınla bağlı nə varsa, bu haqda danışmaqdan boyun qaçırır. Ona görə də Artur ora getməklə özü məsələni aydınlaşdırmağa qərar verir.

Artur dəfn mərasimində gördüyü qadına həmin ərazidə də rast gəlir. Ona doğru qaçıb çatmaq istəsə də, qadın yoxa çıxır. Özünü buna inandırmamağa çalışsa da, həmin qara libaslı qadının kabus olduğu üzə çıxır.

Artur qorxu içində bütün gecəni missis Drablounun evində sənədləri tapıb araşdırmağa çalışır ki, vəsiyyətnamə məsələsini həll edə bilsin. Lakin kabusun və onun yaratdığı qorxunc avtoritetinin təsir dalğası gənc vəkilin işləməyinə mane olur.

Artur baş götürüb həmin malikanədən qaçmağa qərar verir. Bir müddət irəlilədikdən sonra, qatı duman onun qarşısını kəsir, oriyentasiyanı müəyyənləşdirməsinə mane olur. Malikanəyə aparan yeganə tökmə yol demək olar ki, hər gün qabarma nəticəsində su altında qaldığı üçün bu ərazi öz-özlüyündə vahiməli aura yaradır. Artur geri dönüb, malikanəyə doğru gedəndə sıx dumanda at arabasının aşıb, bataqlığa düşdüyünü yalnız səslə duya bilir. Bununla bərabər orda qəzaya uğrayan at arabasının içindən möhkəm uşaq qışqırtısı aləmə yayılır.

Qorxuya düşən Artur bu səsin haradan gəldiyini və oradakı adamların kimliyini heç cür müəyyən edə bilmir.

Əsər oxucuya Arturun təhkiyəsi ilə ötürülür. Qəhrəman başına gələnləri öz dilindən nəql edir. Olduqca maraqlı təhkiyəsi olan əsər, mütaliə edən şəxsi kitaba bağlıyıb saxlaya bilir.

Yazıçı elə bir intriqa yaradıb ki, oxucu baş verəcək hadisələri həyəcanla sonacan izləmək və sonda nələrin olacağını həvəslə öyrənməyə can atır. Mən isə sonda nələrin yaşandığını yazmayacam ki, bunu özünüz oxuyub zövq ala biləsiniz.

Bu əsər insanın emosiyalarına təsir etməklə yanaşı, onu mistik aləmə də aparır. Bizim fantastika saydığımız şeylərin real həyatda olacağı təqdirdə necə davranmalı olduğumuzu da bir növ bizə çatdırır.

Onu da qeyd edim ki, Syuzan Hillin eyniadlı əsəri əsasında 2012-ci ildə rejissor Ceyms Uotkins tərəfindən film də çəkilib. Film də izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Ana səhifəMənim Fikrimcə”Qara libaslı qadın”