Əkrəm Həsənov: ””Beynəlxalq Bank”ın özəlləşdirilməsi sürətlənəcək”
Son günlər mətbuatda “qara bazar”ın arxasında bankların durması ilə bağlı yazılara tez-tez rast gəlirik. Bu barədə ekspert fikirləri də var. Kimi bu fikri dəstəkləyir, kimi də razılaşmır.
İqtisadçı Natiq Cəfərli “Facebook”-da bu barədə fikirlərini bölüşüb. Bildirib ki, əgər ölkədə qara valyuta bazarı varsa, deməli, həmin ölkənin bank sistemində, iqtisadiyyatında ciddi problemlər var:
“Qara bazar istənilən ölkənin ayıbıdır. Normal maliyyə-bank sistemi olan ölkədə, bazar iqtisadiyyatının, heç olmasa, əlifbası olan ölkələrdə qara bazarın yaranması mümkün deyil.
Valyuta da bir əmtəədir, tələb-təklif prinsipi bu sahədə də keçərlidir. “Valyuta dəllalları” kimi Sovet anlayışını qəbul etmirəm. Məsələn, məhəllələrdə kiçik marketlər, bazarlar var, səhər tezdən dükan sahibi Məhəmməd dayı gedir “yaşıl bazara”, oradan pomidorun kilosunu 1 manata alır, gətirir məhəlləyə və bizə 1,3 manata satır. Biz Məhəmməd dayıya “pomidor alverçisi, möhtəkiri, dəllalı” demirik axi?! Ona qalsa, Məhəmməd dayı da “qara pomidor bazarı” möhtəkiri sayılmalıdır. Hətta Sovetlərdə sayılırdı da. Başqa bir misal, Tükəzban xala gedir “Sədərək” bazarına, 10 corabı topdan 5 manata alır, sonra məhəllədəki öz kiçik dükanında hər corabı 1 manata satır. Belə çıxır ki, Tükəzban xala “qara corab bazarı” dəllalıdır?!”
“Sərbəst valyuta alış-satışı olsa, qara bazar yaranmazdı”
Natiq Cəfərli deyir ki, bu gün bank rəsmi məzənnənin üzərinə 4 faiz qoyub sata bilər. Formal olaraq kimsə bu fərqlə dolları 1,79-a alıb (məsələn, 100 min), 1,82 satsa, bazar iqtisadiyyatı məntiqi ilə o corab-pomidor satan kimi hərəkət edir, heç bir fərq yoxdur. Dövlətin borcudur ki, sərbəst valyuta alış-satışını təşkil etsin, o zaman qara bazar da yarana bilməz:
“Birdəfəlik anlamaq lazımdır ki, dünyada nə ideyanın, nə pulun qarşısını almaq mümkün deyil, SSRİ 70 il bunu etməyə çalışdı, alınmadı, dağıldı. Bu hadisədən dərs çıxarmaq lazımdır…”.
“Ölkədə 2 dövlət bankı olsun və hər ikisi də dövlətə, xalqa daim xəyanət etsin”
Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov isə deyir ki, neçə vaxtdır bu barədə danışılır:
“Qara bazarın arxasında banklar durub. Çünki bu qədər valyuta yalnız onlarda ola bilər. Təbii, ən çox da 2 dövlət bankında: “Beynəlxalq Bank”da və “AzərTürkBank”da. Elə məhz onların da rəhbərləri dünən buna görə vəzifəsindən kənarlaşdırıldı. İndi təsəvvür edirsinizmi, bank sistemimiz nə gündədir?!
Ölkədə 2 dövlət bankı olsun və hər ikisi də dövlətə, xalqa daim xəyanət etsin – buna nə ad verəsən? Səbəbi isə odur ki, dövlət qurumlarında vəzifələrə əsasən bacarıq və dürüstlüyə görə deyil, şəxsi münasibət əsasında işçi təyin edilir”.
“Maliyyə Nazirliyi tabeliyində olan bankların öhdəsindən gələ bilmədi”
Əkrəm Həsənov deyir ki, “Beynəlxalq Bank”ın yeni rəhbərliyinin mənfi fəaliyyəti haqda dəfələrlə yazıb. İlin əvvəlindən isə “Texnika Bank”ı viran qoymuş keçmiş rəhbəri Ülvi Mansurovun “Beynəlxalq Bank”ın sədr müavini olmasının düzgün olmadığı barədə bir neçə dəfə açıqlama verib:
“Bu bankdakı durumun acınacaqlı olduğu göz qabağında idi və bu barədə təbil çalırdıq. Tədbir vaxtında görülməyəndə belə şəxslər elə bilir ki, əməllərini görən yoxdur və daha pis əməllərə əl atırlar…”.
Ekspert bildirir ki, baş verənlərdən sonra ölkənin ən iri bankı olan “Beynəlxalq Bank”ın özəlləşdirilməsi sürətlənəcək. Bu bankın möhətəşəm tarixi arxada qalacaq:
“İkinci mənfi nəticə Maliyyə Nazirliyinin nüfuzdan düşməsidir. Ölkədə qismən də olsa nüfuzlu maliyyə orqanı həmin nazirlik idi. Amma tabeliyində olan iki bankın belə öhdəsindən gələ bilmədi”.