Günlərdən şənbəydi. Noyabrın son şənbəsi. Şəhərə giriş dairəsinin göründüyü məsafədən yolu keçməliydim. Düşdüyüm qəzadan sonra hərəkət edən hər növ texnikadan qorxuram, o günləri də yol boşalıncaya qədər gözlədim. Qarşı tərəfə çathaçatda böyrümdən sürətlə keçən avtomobilin küləyi balaca vücudumu silkələdi. Ani olaraq qara avtomoilin sükanında oturmuş eynəkli adımın üzünü gördüm. Avtomobilin arxasınca baxmadan sadəcə özümü qarşı həyətin qapısından içəri saldım. Toxtamaq üçün cığırın yanındakı kötüyün üstündə oturmuşdum ki, birdən avtomobildəki adamı hardasa gördüyümü xatırladım. Onda bəs harda? Birdən yaddaşımda bizim tərəflərdə uzun illər adı hallanan məşhur adam canlandı. Eynən o idi! Amma belə bir təsadüf mümkünmü? Əslində təsadüf niyə, adamın ev-eşiyi, biznesi burda, daha durub piyada gəzəsi deyil ki? Mən də ki, havadan qəza axtaran adam. Niyə də olmasın? Bu məntiqlə təsəlli tapıb evə qalxdım.
…Səkkiz il öncə də noyabr idi. Ömrümün ən dolğun illərini yaşadığım vaxtlarda qəfil üstümə şığıyan bir bəladan bütün varlığım param-parça oldu. O vaxtdan qırılıb gödəlmiş ayağımla, beynimdə yaranan səslərlə, güclə döyünən ürəyimlə həyatımdan qopan o parçaları axtarıram. Həm də tapmayacağımı bilə-bilə. Bu mənasız axtarış yaşam səbəblərimə çevrilsə də, artıq çox yorulmuşam. O qədər ki, o günləri iri-xırda daha bir qəzadan qurtulmağıma sevinə də bilmədim…
Bəlkə böyrümdən şütüyən avtomobili yüksək çinli başqa bir məmur idarə edirdi. Dünya bir-birinə bənzəyən insanlarla doludur. Həm də böyük Tolstoy demişkən “bütün xoşbəxtlər eyni cür xoşbəxtdirlər”. Hərçənd yarımçıq və uğursuz sitat oldu. Tolstoyu bu söhbətə qatmaq heç doğru olmadı. Amma vallah, bizim ölkədə xoşbəxtlik vəzifə ilə, sərvətlə ölçülür, bədbəxtlər haqqında isə danışmağa dəyməz. Yəni, o möhtəşəm avtomobildə hansısa bir yoxsulun oturması mümkün deyildi. Əgər oxşatmışıqsa, deməli, zənnimizi çaşdıran adam da cənab nazirin zümrəsindən imiş. Di gəl ki, hələlik ilk ehtimala üstünlük verirəm. Nə də olsa, böyük-kiçik var. Yeri gəlmişkən, mən də cənab nazirdən bir yaş böyüyəm, üstəlik ikinci qrup əliləm də. Bu yerdə söz mənə düşər…
O vaxtlar məni şil-küt edən sürücü yalnız əməliyyatdan sonra yanıma gəlib “evimizdə çörək yoxdu, uşaqlar acdı”, deyib ağlamsınmışdı. Balışımın altına dost-tanışın qoyduğu “yardımdan” bir kisə unun pulu ilə bir daha mənə dəyməyə gəlməsin deyə xahiş edərək onu yola verdim. Çünki o balışın altında daha heç nə qalmamışdı. Qəza yerindən xəstəxanaya gətiriləndə dağılmış çantamı toparlayıb içindən üç manat pul tapmışdılar.
Əməliyyatdan sonra dövlət xəstəxansından daha bir neçə ay yataq rejimi resepti və üç mindən artıq borc-xərclə bomboş evə qayıtdıq. Naşükürlük kimi çıxmasın, o halda inkişaf etmiş bir vətəndaş olaraq qəzadan sağ çıxdığıma kifayət xoşbəxt ola bilmədim. Özü də hələ manatın dolları doladığı, milli nöyütümüzün düşmən gözü çıxartdığı kulminasiya dövründə.
Onda tez-tez düşünürdüm ki, Allahım, sənə qurban olum, yolda-irizdə bu qədər imkanlı adam ola-ola məni bu yetimmi vurmalıydı? Qəzanın zülmünü çəkdik, heç olmasa vuranın dərdinə yüklənməyəydik. İndi şans bircə addımlığımdan quş kimi uçub gedəndən sonra beynimdə sadəcə şirin suallar dolaşır:
– O avtomobil məni vursaydı və sükan arxasındakı təxmin etdiyimiz kimi cənab nazir olsaydı, nə dəyişəcəkdi? Nəhayət, bəxtim gətirəcəkdimi? Təzə xəsarətlərlə bərabər köhnə sınıqlara da əl gəzdirəcəkdilərmi? İkiqat zərərçəkmişə balaca, rahat, isti bir daxma ayıracaqdılarmı? Və yaxud dünyadan birdəfəlik canım qurtarsaydı?
Təntənəli dəfn mərasimi, qonaqlar üçün ulduzlu otellərdə lüks nömrələr təşkil edəcəkdilərmi? Hələ şeirlərimdən birinə əlüstü musiqi bəstələyib mərasimdə yerli pianolarımızın müşayiəti ilə səsləndirməzdilərmi? Kim bilir, hətta bəlkə hansısa küçənin qənət-quyruğundan bir az kəsib adıma verərdilər də. Və o kövrək payız günü məni vurmayan qara avtomobil bütün bu gözəl xəyalların üstündən keçdi…
Həmin günün axşamı mağazadan qayıdanda yolüstü məni götürən taksi qəfil qarşıdan çıxan tanış qara avtomobilə işarə edib dilləndi:
“Halal olsun kişiyə, o boyda adam “oxran”sız gəzir!” “O boyda adamın o boyda avtomobildə “oxran”a nə ehtiyacı?” – deyə soruşmadım. O boyda adam o adam idisə, taksiçi haqsız sayılmaz. Məsələn, həmin gün o avtomobil mənə dəyib zədələnərdi və sahibi də kim olur-olsun, yüngül psixoloji xəsarət ala bilərdi… Bütün ehtimallarda Allah qorusun! Çünki qəza yaman şeydir. Vuran və vurulandan asılı olmayaraq hər hansı qəzanın hasili ağrılı, ağır nəticəyə nisbətdə sıfıra bərabərdir… Özümüzü bütün növ qəzalardan qorumağa çalışaq. Təbii, qəza vəziyyətində olan ölkədə bunu nə qədər bacara bilsək…
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.