Layihə plenar iclasa tövsiyə edilib
İyunun 5-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında
“Terrorçuluğa qarşı mübarizə haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsi müzakirə edilib. Sənədin birinci maddəsində nəzərdə tutulmuş “terrorçu” və “terror təşkilatı” anlayışları genişləndirilir.
Hazırda qüvvədə olan variantda terrorçu – hər hansı bir formada terror fəaliyyətinin həyata keçirilməsində iştirak edən şəxs hesab edilir.
Dəyişikliyə görə isə “Terrorçu” – hər hansı formada, birbaşa və ya dolayısı ilə, qəsdən terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı, təhrikçi, köməkçi və icraçı qismində iştirak edən və ya bu cür aktları hazırlayan və ya onların törədilməsinə cəhd edən, habelə əvvəlcədən əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin terror fəaliyyətini həyata keçirməsinə bilə-bilə yardım göstərən fiziki şəxsdir.
“Terror təşkilatı”nın anlayışı hazırda belədir: “Terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə yaradılan və ya öz fəaliyyətində terrorçuluqdan istifadəni mümkün hesab edən təşkilatdır. Əgər struktur bölmələrindən biri təşkilatın hər hansı bir rəhbər orqanının razılığı ilə terror fəaliyyəti ilə məşğuldursa, həmin təşkilat terror təşkilatı hesab edilir”
Təklif olunan dəyişiklikdə isə “Terror təşkilatı” – hər hansı formada, birbaşa və ya dolayısı ilə, qəsdən terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı, təhrikçi, köməkçi və icraçı qismində iştirak edən, terror aktlarını hazırlayan və ya onların törədilməsinə cəhd edən, habelə əvvəlcədən əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin terror fəaliyyətini həyata keçirilməsinə bilə-bilə yardım göstərən terrorçu şəxslərin qrupu və ya öz fəaliyyətində terrorçuluqdan istifadəni mümkün hesab edən təşkilatdır.
Sənəd parlamentin plenar iclasına tövsiyə edilib.