Deputat: “Turistlər bir-birindən soruşur ki, burada valyutadəyişmə məntəqəsi harada var”
“Biz valyutadəyişmə məntəqələrinin açılması üçün qanuna dəyişiklik etmişdik. Bununla bağlı heç bir problem yoxdur, amma bu gün Azərbaycanda bir dənə də olsun valyutadəyişmə məntəqəsi yoxdur. Bunun səbədi nədir?”
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən deputat Rüfət Quliyev belə deyib.
Onun sözlərinə görə, banklar şənbə və bazar günləri işləmədiyi üçün vətəndaşların və turislərin pul dəyişməsində problemlər yaranır:
“Vətəndaş xarici valyutada olan pulunu bəs necə xırdalasın? Biz qarşımıza turizmi inkişaf etdirməyi məqsəd qoymuşuq. Şəhərdə gəzən zaman görürük ki, turistlər bir-birindən soruşur ki, burada valyutadəyişmə məntəqəsi harada var. Onlar əlində olan pulu xırdalamaq üçün əziyyət çəkirlər. Nəyə görə bir dənə də valyutadəyişmə məntəqəsi yoxdur?”
Deputat bununla bağlı iclasda iştirak edən Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini, Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarova müraciət edib.
Azərbaycanda bütün valyutadəyişmə məntəqələri Mərkəzi Bankın qərarı ilə 2016-cı ilin yanvarında bağlanıb. Buna səbəb kimi, valyutadəyişmə məntəqələrinin 4 faizlik marjaya əməl etməməsi göstərilib. Sonradan Mərkəzi Bankın özü 4 faizlik marjanı ləğv edib.
2017-ci ildə “Valyuta tənzimi haqqında” qanuna yenidən dəyişiklik edilib və valyutadəyişmə məntəqələrinə nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirməsi müəyyənləşib. Qanuna dəyişikliyində valyutadəyişmə məntəqələrinin açılmasına qərar verilsə də, hələ də bu funksiyanı yalnız banklar həyata keçirir.