Qanadlarından xəbərsiz böcək

Geriyə çevrilmə zərurəti?

Source:


Bu gün söhbəti Azərbaycanda baş verən (qeyri-)ictimai hadisələrdən bir qədər kənarda, ədəbiyyatla başlamaq istəyirəm, hərçənd ki, öncələr dediyim kimi ölkəmizdə baş verənlər istənilən incəsənət növünü qatdayıb qoyub dizinin altında.

Düz 100 il bundan öncə, 1915-ci ildə bütün gələcək mədəniyyətdə (istər XX əsr, istər XXI) öz dərin izini qoyacaq hadisə baş vermişdi. Dünya Müharibəsinn çox ağır, ikinci ili gedərkən yəhudi əsilli Praqa alman qrupunun nümayəndəsi, Franz Kafkanın, yəqin ki, dünya ədəbiyyatının ən məşhur hekayəsi və XX əsrin bəlkə də ən böyük öncəgörməsi olan “Çevrilmə” dərc edilmişdi.

XX əsr çox antiutopiyalar yaradıb: ilklərdən olan Yevgeni Zamyatin (“Biz” romanı), sonra məşhur ingilis fantastı Herbert Wells (“Zaman maşını” və “Yatanlar oyananda” romanları), təqdimata ehtiyacı duyulmayan George Orwell (“1984” və “Heyvanat bağçası” romanları), məşhur amerikan fantastları Ray Bradbury (“Fahrenheit – 451” romanı) və Robert Sheckley (bir çox hekayələri), məşhur polyak futuroloq və filosofu Stanisław Lem (“Ulduzlardan Dönüş” romanı), bundan başqa az qala bütün XX əsr boyu qapalı ölkə olmuş Sovet İttifaqında yazıb-yaradan Arkadi və Boris Struqatski qardaşları və İvan Yefremov da antiutopik əsərlər yaratmışlar. Antiutopiya təsviri incəsənət və kinematoqrafda kifayət qədər geniş dairədə təsdiqini tapıb.

Beləcə yazıçılar və ümumiyyətlə sənət adamları bütün XX əsr boyu antiutopik əsərlər yaratmaqla daima Kassandra kompleksi yaşamışlar. Nə idi buradakı Kassandra kompleksi? Antik əfsanəyə görə, Troya çarı Priamusun qızı Kassandra Apollonu öz gözəlliyi ilə heyran edir və ondan hədiyyə kimi öncəgörmə vergisi alır. Lakin onu rədd etdiyindən Apollonun qəzəbinə tuş gəlir və onun tərəfindən lənətlənir. Lənətin mahiyyəti bu idi ki, Kassandra heç bir zaman öz müstəsna vergisindən istifadə edə bilməsin. Kassandranın lənəti öncədən baş verəcək hadisələrin olacağına heç bir kimsəni buna inandırmaq, bu proqnozların həqiqiliyini anlatmaq mümkünsüzlüyü, hadisələrin gedişinə və nəticəsinə isə əsla təsir edə bilməməsində idi. Kassandra kompleksi – gələcəyi bilən, öncəgörməsi olan, lakin baş verəcək hadisələri heç cür əngəlləyə və verdiyi proqnozların real olduğunu başqalarına inandıra bilməyən insanın lənəti kimi tarixə yazılmışdır.

Lakin bütün bunların başlanğıcı məhz Kafkanın “Çevrilmə” hekayəsi idi.

Nə baş verir bu hekayədə? Əsərin baş qəhrəmanı, adi kommivoyajör işləyən Qreqor Zamza bir gün səhər yuxudan ayılarkən özünün böyük bir eybəcər həşərata (yazar onun məhz hansı həşərata çevrilməsinin dəqiq təfsilatını vermir) çevrildiyini görür. Bir adam özü də xəbərsiz, çevrilib həşərat olmuşdur. Prosesi necə baş verdiyi yazılmır, bizə verilən yalnız nəticədir.

Bu günlərdə mətbuatda ilginc bir məlumata rastladım – Özbəkistanın Fərqanə vilayətində insanları yığılmış pambığı yapışqanla yenidən kollara yapışdırmaq göstərişi verilmişdi. Çünki oraya ölkənin baş naziri təşrif buyuracaqmış. Vilayətin hakimi nazirin gözünə pambıq dolu gözəl tarlalar göstərilməsi üçün dərhal bu əmri verib, camaat da icra edib, yığılmış pambığı yapışdırıb yenidən kollara. Burada məşhur “Nə gündəsən Niyamətdin?” sualı gündəmə gəlir. Bunlar necə bu günə gəlib çıxıblar, Kafkanın “Çevrilməsi” kimi qarşımızda yalnız fakt durur, bu yolun necə olması haqda isə minlərlə fikir ola bilər. Ən maraqlısı da sonda olur – baş nazir ümumiyyətlə ora gəlmir. Pərdə enir, son. Heyf, Beckett də cavan getdi, yoxsa bunu eşidib xarakiri elərdi, uspet eləmədi, hayıf, hayıf, min hayıf.

Qayıdaq hekayəyə. İstənilən əsər alleqoriyalardan ibarətdir, deyilmi? Demək, Qreqor həşərata çevrilir, bu zamana qədər onun məvacibi ilə dolanan ailə üzvləri bundan dəhşətlənir, ondan iyrənir, ona nifrət edirlər. Əvvəl atası onu yaralayır, ona atılmış almalar belində çürüyüb iyrənc iy verir, sonra isə, evə kirayənişinlər (yəni alleqorik desək, xaricilər) gəlir. Öncələr bir qədər də olsa, mərhəmətlə yanaşan bacısı belə ona nifrət edir. Əsərdə ona nisbətən yumşaq yanaşan və ona bir az yemək verməyə iyrənməyən qulluqçu qadın (yəni cəmiyyətin aşağı təbəqəsi) olur. Qreqor Zamza bu hekayədə ölümünə qədər qapalı bir otaqda, çox ağır mənəvi-fiziki vəziyətdə yaşamalı olur. Yalnız onun ölümündən sonra hamı rahatlıq tapır, ata Zamza da deyir: “Bax, indi biz Allaha şükür edə bilərik”.

Görəsən, burada hansı alleqoriyanı görürük? Baş qəhrəmanın obrazını təcəssümü pambığı yenidən kollara yapışdıraraq ali təbəqənin bütün nifrət və eyni zamanda çimçəşmək hissini özündə cəmləşdirmiş xalq deyilmi? “Xalq demokratiyaya hazır deyil”, “Bizim səviyyəmiz ona çatmır”, “Hakimiyyət xalqın milli mentalitetinə uyğun olaraq, onu idarə edir” – bu söhbətləri neçə illərdir eşidirsiniz? Alt mesajı “sizə yaxşı olur, sizə bundan da çox edilməlidir” olan söhbətləri hakim dairələrdən başqa elə xalqın özünün ən parlaq, ən ağıllı ziyalıları səsləndirmirdimi uzun illər? Sabah bizimkilərə də yığılmış pambığı kollara yenidən yapışdırmaq əmri verilsə (zatən elə verilmiş kimidir), bunun haman icra ediləcəyinə kiminsə şübhəsi var? Bu söhbəti əsaslandıran bəs kim olacaq, yəni ona da şübhəniz var?

Hekayədə çevrilməsini görüb-anlayan baş qəhrəman: “Mənə, görəsən, nə olub?” – düşünür. Bu, yuxu deyildi.

Bizim cəmiyyətimizdən nəsə yazmaq artıq çox çətindir, çünki bizim “Çevrilmə” artıq baş verib. İyrənmə mərhələsini hələ də yaşayırıq, kirayənişinlər də gəlib-getdi, söhbət də deyəsən finala yaxınlaşmaqdadır axı…

P.S. Yuxarıda qeyd etdiyimiz kimi, Kafka öz qəhrəmanını məhz hansı həşərata çevrilməsinin dəqiq təfsilatını vermir, o üzdən bu məsələ ədəbiyyatşünaslıqda çox mübahisələrə səbəb olmuşdu, çünki bəziləri bunun sadəcə tarakan olduğunu iddia edir, etimologiyada başı çıxan Nabokov isə bunun cəfəngiyyat olduğunu, yazıçının təxmini təsvirlərinə görə böcək olduğunu demişdi. Bunu da əsərin ideyası ilə əsaslandırırdı, çünki Qreqor Zamza böcək olduğunu bilsəydi, onun qanadları olar və nəhayətdə özü-özündən bu qədər dəhşətə gəlməz, uçub harasa başqa yerə gedərdi. Nabokova görə bu əsərin həqiqi dəhşəti də məhz bu istifadə edilməyən imkanlarda idi…

P.P.S. Ən maraqlısı isə “Çevrilmə” əsəri dərc edildikdən sonra cəmiyyətə o qədər dərindən təsir etmiş olur ki, gənc şair Karl Brandt bu hekayənin ardını yazır “Qreqor Zamzanın geriyə çevrilməsi” (Rückverwandlung des Gregor Samsa, 1916). Kral Brandtın bu hekayəsində dirilmə ideyaları öz əksini tapır, o bu əsərdə qəhrəmanı bir prototip kimi yenidən həyata qaytarır. Novellanın sonunda yenidən insan qisimi (və eyni zamanda cismini) almış Qreqor, “Qalx. İndi isə get!” səsini eşidir. Brandtın bu əsəri dilimizə tərcümə edilməyib, amma görünür bərayi-ehtiyacı var…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəQanadlarından xəbərsiz böcək