Qan vurdurdu, Hepatit-C virusuna yoluxdu [ VİDEO ]


Balaca Nihat Vəlili doğuşdan talassemiya xəstəliyi ilə yaşamağa məcbur qalıb. Hər ay qan vurdurmalı olan Nihat, bu proseslərin birində Hepatit-C virusuna yoluxub. İndi o, yaşamaq üçün daha çox mübarizə aparmalıdır.


Valideyn Mərkəzi Qan Bankından şübhələnir

Futbol oynayır, məktəbdə “uşaqları yoluxdurar deyə” onu kənar etmək istəsələr də  o, dərslərini oxuyur. Qayğısız görünsə də 7 yaşlı Nihat iki xəstəliklə mübarizə aparır. O, 6 aylıq olanda talassemiya xəstəsi olduğu aydınlaşır. Həmin gündən sonra uşağın anası Sevinc Vəliyeva hər ay ona qan vurdurur. Qan, Mərkəzi Qan Bankından götürülür. 2012- ci ildə verilən növbəti analizdə uşağın Hepatit-C virusuna yoluxduğu aydınlaşır.

“Fikir verdim ki, uşaqda saralma gedir. Gözlərinin içi, rəngi saralır. Həkimə apardım, analiz verdirdim ki, Hepatit-C yoxlanılsın. Cavab gəldi ki, Hepatit-C müsbətdir”-uşağın anası Sevinc Vəliyeva deyir.

Valideyn bu hadisədən sonra Qan Bankına və Talassemiya Mərkəzinə üz tutub. Talassemiya Mərkəzindən deyiblər ki, onlar uşağa Hepatit-C virusu keçirə bilməzlər. Hər dəfə qan vuranda təzə iynə  açıblar və işi əlcəklə görüblər. Sevinc Vəliyeva deyir : “Qan Bankının müdiri Pərvanə xanım dedi ki, bizim imkanımız yoxdur sizə kömək edək. Bizdə ancaq qandır, başqa heç nə yoxdur. Biz qanı yoxlayıb, sertifikat vururuq. Bizim verdiyimiz qanlar tərtəmizdir, ondan Hepatit-C keçə bilməz”.

Sevinc Vəliyeva uşağının yalnız qan köçürmə zamanı hepatit C virusuna yoluxduğuna əmindir. O, bununla bağlı Səhiyyə Nazirliyinə şikayət məktubu göndərib. Valideyn hesab edir ki, Qan Bankının lobaratoriyasında qanlar dəqiq yoxlanılmır: “Talassemiya Mərkəzində Hepatit-C virusuna yoluxan uşaqlar çoxdur. Buna məncə bir çarə tapılmalıdır. Onsuz da talassemiya ağır xəstəlikdir, Hepatit-C ondan da ağırdır”.

Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyeva Meydan TV-yə deyir ki, uşağın hepatit c virusuna yoluxmasında Qan Bankı təqsirkar deyil. O, hər gün 70-130 nəfərin donorluğuna ehtiyac olduğunu deyir. Müdir bütün donor qanlarının yoxlanıldığını və sertifikat verildiyini bildirir: “Qan Bankının verdiyi qanlarda heç vaxt infeksiya ola bilməz. O valideyni tanıyıram. Uşağını dişinə qədər müalicə elətdirib amma deyir ki, qandan keçib”.

Pərvanə Hacıyeva 2006-cı ilə qədər mərkəzdə qanın dəqiq yoxlanılmadığını etiraf edir: “2006-cı ilə qədər burada qanın yoxlanılması, təhlükəsizliyi çox bərbad gündə olub. Bunu tək talassemiyalı xəstələr demir, Səhiyyə Nazirliyi də bilir. Amma 2006-cı ildən bu günə qədər burada qanın yoxlanılmasına çox ciddi nəzarət olunur. Hətta bu məsələ Səhiyyə Nazirliyinin xüsusi diqqətindədir”.

Qastroenteroloq Aqil Ağakişiyev xəstələrin yüzdə 97 faizinin Hepatit- C virusuna qan vasitəsilə yoluxduğunu deyir. O, virusun qeyri-gigiyenik qaydalarla işləyən tibb müəssisələrində yoluxdurulduğunu bildirir: “ Bu, laboratoriyaların nə qədər dəqiq yoxlanılmasından asılıdır. Əgər xəstə iddia edirsə ki, mən heç bir yerdən yox, yalnız qan köçürmədən bu virusa yoluxmuşam, o zaman şübhələnmək olar”.

Həkim deyir ki, talassemiyalı xəstələr hepatit virusuna yoluxanların içərisində risq qurupuna daxildirlər. Aqil Ağakişiyev hepatitə yoluxan xəstənin 18 yaşına qədər müalicəsiz qalmasını məsləhət görür. Əgər qaraciyərdə vəziyyət kəskinləşərsə, müalicə tətbiq oluna bilər.

Nihat Vəlili isə uşaqlığını yaşamaq istəyir. O, hepatitə görə pəhriz saxlamaq və talassemiya xəstəliyinə görə evdə futbol oynamaq istəmir.

Sevinc Vaqifqızı

Ana səhifəVideoQan vurdurdu, Hepatit-C virusuna yoluxdu [ VİDEO ]