”Qafqaz” dövlət universitetinə çevrilir

6000-dən çox məzunun diplomu Türkiyədə tanınmayacaq

Source:
Havar Məmmədov foto sosial şəbəkə


6000-dən çox məzunun diplomu Türkiyədə tanınmayacaq

“Qafqaz” Universitetinin ləğv olunması ilə bağlı xəbərə universitetin rektoru Havar Məmmədov aydınlıq gətirib.

Rektor “Azvision.az” saytına açıqlamasında deyib ki, yanvarın 9-da təsisçi Azərbaycan Beynəlxalq Təhsil Kompleksi tərəfindən universitetin fəaliyyəti dayandırılıb.

Rektorun sözlərinə görə, hazırda universitetdə əvəzetmə komissiyası işləyir. Universitetin adı dəyişdirilməsə də, dövlət universiteti olacaq:

“Təhsil Nazirliyi tabeliyində olan universitetlərə necə nəzarət edirsə, bu da elə olacaq. Yaxın vaxtlarda dövlət tərəfindən universitetin fəaliyyət sferası ilə bağlı qərar qəbul ediləcək”.

Rektor universitetin yerində qalacağını, tədris prosesinin davam edəcəyini bildirib: “Burada müəllimlər işləyir, tələbələr oxuyur. Təhsil proses olduğu kimi davam edir”.

Türkiyənin Ali Təhsil Şurasının (YÖK) qərarına əsasən 2016-cı ilə qədər “Qafqaz” Universitetindən məzun olan və təhsilləri davam edən tələbələrin diplomları Türkiyə tərəfindən tanınmayacaq.

Havar Məmmədov deyib ki, bu, 6000-dən çox tələbəyə təsir edəcək:

“Bu məsələ həm Təhsil Nazirliyi, həm də Türkiyədəki səfirliyimizlə dəqiqləşdirilib. Bugünə qədər universitetin 6000 məzunu olub. Bu məzunların içərisində Türkiyədən gəlib burada oxuyanlar da var. Belə qərarın qəbul edilməsi universiteti bitirib Türkiyəyə gedən məzunların narahatçılığına səbəb olur. Onlar bizə müraciət edirlər, amma artıq YÖK qərar qəbul edib”.

H.Məmmədov onu da vurğulayıb ki, universitetin rəhbər, professor-müəllim heyəti dəyişdirildikdən sonra qəbul olunan tələbələrin diplomları Türkiyə tərəfindən tanınacaq:

“Sentyabrdan univeristetin idarə olunması, professor-müəllim heyəti azərbaycanlılara həvalə edilib. Burada bir nəfər də kənar işçi yoxdur. Bundan sonra qəbul olunan tələbələrin diplomları tanınacaq. Hər ölkədə diplomların tanınma qaydası var. Hələlik bu diplomlar Türkiyə tərəfindən tanınmayacaq”.

12 yanvar 2017-ci il tarixində “Yeni Şafak” qəzetində Qafqaz Universiteti ilə bağlı xəbər dərc olunub.

Xəbərdə qeyd edilib ki, Türkiyə Respublikası Ali Təhsil Şurası (YÖK) tərəfindən 2016-2017-ci tədris ilində “Qafqaz“ Universitetinə qəbul olunan tələbələr məzun olduqdan sonra (yəni 4 il sonra) onların diplomları normal qaydada tanınacaq.

Ana səhifəXəbərlər”Qafqaz” dövlət universitetinə çevrilir