Qadınlar niyə şuba sevir?

Görməmişlik, zövqsüzlük simvolu…

Source:

Şuba geyinmirəm. Heç vaxt şubam olmayıb. Almaq fikrim də olmayıb. İmkanla bağlı deyil. Şuba qarşısında ciddi kompleks keçirirəm. Elə bilirəm, şuba geyinsəm, hamı məni barmaqla göstərəcək. Elə bilirəm, çox gülməli görünəcəm. Bir sözlə, çox narahat hisslər keçirirəm, şuba adlı paltarın qarşısında.

Məsələ heyvan haqları, heyvan hüquqları kimi gəlişigözəl şeylərdə deyil. Ət yediyi halda, şuba geyinən qadınları heyvanlara hörmət etməyə, onların haqlarını qormuağa çağıran, şubalı qadınlara ikrah və nifrətlə baxanlar haqlı ola bilməzlər. Ət üçün kəsilən heyvanın öldürülməsinə razı olan qadınla, xəzini şuba edib, geyinmək üçün öldürülməsinə razı olan qadının arasında ciddi bir fərq yoxdur. Mən ətini yeyirəm, o xəzini geyinirsə, hansı haqqla mən özümü ondan daha heyvancıl hiss etməliyəm? Mən ətini yediyim üçün inəyin kəsilməsinə razı oluramsa, hansısa milyonçu arvadının 20 min dollarlıq çanta alması üçün 200 yaşlı timsahın kəsilməyinə razı olması məni qəzəbləndirməməlidir. Burada məsələ, fərq təkcə imkandadır. Mənim pulum 10 manatlıq ət almağa, onun imkanı 20 min dollara çanta, əlli minə şuba almağa çatır. Yəni, heyvan haqları uğrunda qadınları şubadan, xəz paltarlardan imtinaya çağırmaq riyakarlıqdır. Ciddi yanaşma deyil.  Kasıblığımızın acısını «heyvan haqlarını qorumaq» adı altında başqalarından çıxmayaq.

Mən ancaq vegetarianların xəz paltarlara etirazını səmimi qəbul edə bilirəm.

Gənclik illərində bir şairə rəfiqəm vardı. Bəzək-düzəyə, parıltıya, dəbdəbəyə bərk nifrət elədiyini deyirdi. Çox sadə, kasıb geyinirdi. Ərə gedəndə ər evi ona xeyli zinət əşyaları aldı. Belə şeylərə nifrət elədiyni deyən şairə xanım o zinət əşyalarını allahın var günü taxırdı. Məsələ sadəcə onda idi ki, subay vaxtı onun bunları almağa imkanı yox idi. İnd idə zinət əşyaları var idi. Yox idi, taxmırdı, sadəliyi təbliğ edirdi. Oldu, taxdı.

Bir neçə il əvvəl Moskvaya getmişdim. Qışın ən şaxtalı çağı idi. Moskvada yaşayan şairə, tərcüməçi, kinodramaturq, sevə-sevə baxdığımız «Şərikli çörək» filminin ssenari müəllifi Alla Axundova ilə görüşmək istədim. Zəngləşdik, məni evinə dəvət elədi. Moskvanı pis tanıdığımdan, bir tanışımdan xahiş elədim, maşını ilə apardı. Əynimdə təzə və isti, kifayət qədər də qəşəng palto vardı. Amma mən Alla xanımın qapısından içəri girən kimi, şairə az qala qışqırdı:

– Neynirsiz, Moskvada bu paltarda gəzmək olar? Sətəlcəm olub, ölərsiniz! Hanı sizin şubanız?!

Dedim ki, Alla xanım, mən şuba sevmirəm.

– Guya burda kim şuba sevir ki?! Şuba bəyəm sevmək üçündü? Moskvanın qışında şubasız adamı şaxta vurub, öldürər. Burda hamı şubanı ona görə geyinir ki, şaxtadan ölməsin.

Evdən çıxanda, maşına minməyə on dəqiqə gecikdik, açıq havada durub, Rusiya şaxtasının nə qədər gerçək olduğunu hiss etməyə çalışdım. Üç dəqiqədən sonra sümüklərimin hamısını bircə-bircə hiss edirdim. Şaxta dəhşətli idi. Qalın, təzə palto sanki yay paltarı idi o şaxtanın qarşısında. İndi yazdıqca o şaxtanı hiss edir və az qala donuram.

Hər yerin iqlimi, havası müəyyən geyim tələb edir. Səhrada günəş yandırmasın deyə ağ bürüncəyə bürünməlisən, cəngəllikdə paltarların kol-kosa ilişməsin deyə əynində mininum paltar olmalıdır. Şaxtalı ölkələrdə isə şuba zərurətdir. Durub, Qrenlandiyada, Alyaskada, Çukotkada yaşayan bir eskimosa necə demək olar ki, xəz, dəri paltar geyinmə? Onu heyvan haqlarına hörmət etməməkdə necə ittiham etmək olar? Onun başqa cür yaşaması, geyinməsi mümkün deyil axı. Amma etiraf edək ki, Azərbaycan o qədər də soyuq ölkə deyil. Günəşli ölkədi, hər üç-dörd qışdan bir də qotur bir qar yağır, gözümüzün biri görür, biri yox. Belə mülayim, ölüvay qışda şuba geyinməyə heç bir ehtiyac yoxdur. Heç bir ehtiyac olmadığı halda istifadə olunan şey isə, ən yaxşı halda qəribə, ən pis halda isə gülməli görünür.

İştirak elədiyim bir treninqin çox əjdaha bir təlimçisi vardı. Milliyyətcə türk, Britaniya vətəndaşı  Turan Əli. BBC-nin ssenaristlərindən biridir. Onun cəmiyyətə təsir, insanların fikirlərini, dünyagörüşlərini, baxışlarını dəyişməklə bağlı xüsusi nəzəriyyəsi var. Turanın nəzəriyyəsinin vacib komponentlərindən biri də simvollarla mübarizədir. Məsələn, əgər sənin ölkəndə beli düşük cins şalvarlar zövqlü, super oğlanlıq, dəb simvoludursa, onlara bildirmək lazımdır ki, bəzi həbsxanalarda belə şalvarları namusuna təcüvüz edilmiş, «sındırılmış» məhbuslar geyinirdi. Bunu bilən adam üçün dəblə geyinmək, zövqlü oğlanlıq simvolu bir anın içində alçaldılma, təhqir edilmə simvoluna çevriləcək.

Şaxtalı ölkələrdə şuba istilik, rahatlıq simvoludur. Bizim kimi şubaya iqlim, coğrafiya etibarilə ehtiyacı olmayan ölkələrdə isə şuba var-dövlətin, maddi rifahın, imkanların simvoludur. Bizim xanımlar kameraların, müxbirlərin müşaiyəti ilə bahalı maşınlara oturan xəzli dünya ulduzlarını, milyonçu xanımları, o təntənəli, dəbdəbəli həyatı görüb, şubanı bunların rəmzi kimi qəbul ediblər. Elə bilirlər ki, şubaları olsa, həmin həyata oxşar həyat yaşayacaqlar. Kimin əlinə bir az pul düşdü, qalanını da borc-xərc edib, şuba alır. Borca girib, şuba alan, kreditə girib, şuba alan, illərlə pul yığıb, şuba alan, pis yola düşüb, şuba alan…Daha düşünmürlər ki, onların gördükləri o şıq həyatda şuba elementlərdən ancaq biridi. Bunun «Limuzin»i var, lakeyi var, brilyantları var, kübar cəmiyyətə çıxma imkanları var, şouları var, mətbuatı var, bütün bunlara qədər keçən ömür yolu var…

Şuba geyinənlərə lağ eləmək, ələ salmaq, heyvan haqlarına hörmət etməyə çağırmaq əbəsdir. Zövqlü xanımlar, elmlə məşğul olan xanımlar, yaradıcı xanımlar, bir sözlə, insanların gözünə qəşəng görünən, zövq etalonu olan xanımlar şubadan imtina etsə, bəsdir. Zövqsüzlərin, görməmişlərin ümidinə qalacaq şuba onsuz da gözdən düşəcək. Görməmişlik, zövqsüzlük simvoluna çevriləcək. Lap çevrilməsə də, özləri bilərlər, geyinsinlər. Şuba geyinmək nə günahdır, nə cinayət. Belə isti ölkədə şuba geyinmək, sadəcə, mənasızdır.

Ana səhifəMənim FikrimcəQadınlar niyə şuba sevir?