Qadına atılan namus yüklü daş

“İntihar etməzdən iki gün öncə həyat yoldaşının əmisi oğlanları onu kəndin ortasında, hər kəsin, uşaqlarının belə gözü qarşısında qəddarcasına döyüblər”

Source:

“Ölümündən bir saat əvvəl Xanımdan niyə belə etdiyini soruşdum. Cavab verdi ki, özü də bilmir. Ona çay süzüb, bulağa su gətirməyə getdim. Qayıdanda gördüm ki, həyətimizdəki daxmada özünü asıb. Süzdüyüm çayı da yerə tökmüşdü”.

Gürcüstanın Saqareco rayonunun Qaraçöp kəndində yaşayan Yetər Əhmədova, 30 yaşlı qızı Xanım Ceyranovanın bir il öncə özünə qəsd etməsi olayından danışır. Göz yaşlarını boğa bilməyən ana, qızını bu addımı atmağa cəmiyyətin qınağının vadar etdiyini deyir. İntihar etməzdən iki gün öncə həyat yoldaşının əmisi oğlanları onu kəndin ortasında, hər kəsin, uşaqlarının belə gözü qarşısında qəddarcasına döyüblər. Buna səbəb isə onların Xanımı qonşu kənddən olan bir gənc oğlanın maşınında əyləşərkən görmələri olub.

Gürcüstanda, xüsusən də azərbaycanlıların kompakt yaşadığı regionlarda hələ də qadınlara qarşı şiddət və zorakılıq hallarına rast gəlinir. Bölgələrdə bəzən qadınların  azadlıqları yaşadıqları kəndin hüdudları, cəmiyyətin yazılmamış qanunları ilə ölçülür. Bu səbəbdən də hər il neçə qadın namus cinayətlərinin qurbanı olur. Yalnız ötən il Gürcüstanda 27 qadın müxtəlif səbəblərdən qətlə yetirilib. Gürcüstan İctimai İşlər Universitetinin tələbələrinin yerli mediaya əsasən apardığı monitorinqdən məlum olub ki, ölüm hallarının 10-u Tbilisidə, 17-si isə bölgələrdə qeydə alınıb.

Beynəlxalq insan haqları təşkilatı “Amnesty İnternational” qeyd edir ki, namusun üstünlük verildiyi  toplumlar rəhmsiz olur və bu cür cəmiyyətlərdə qadına özünü müdafiə hüququ verilmir. Cəmiyyətin qınağından qurtulmaq, üzərlərindəki ləkəni təmizləmək üçün başqa alternativlər tanımayan ailə üzvləri nəticədə qadına hücum çəkirlər. Etnik azərbaycanlıların yaşadığı əksər əyalətlərdə olduğu kimi Qaraçöp kəndində də qohum-qonşu insanların şəxsi həyatına rahatlıqla müdaxilə edə bilir.

Yetər xanım deyir ki, qızı 16 yaşında ikən qaçırılıb və 13 illik evlilikdən iki oğul övladı dünyaya gəlib. Bu vaxtacan ailədə ciddi bir problem yaşanmayıb, kasıb olsalar da əl-ələ verib dolanıblar. Lakin başqalarının, cəmiyyətin onların həyatına müdaxiləsi bir ailənin faciəsi ilə nəticələndi. Xanımı özünü intihara məhz bütün kənd əhlinin gözü qarşısında rüsvay olunması vadar etdi. Onun ölümündən sonra da ailə camaatın təqiblərindən, qınağından qurtula bilməyib:

“Hadisədən üç ay sonra qızımın əri, Hacı, Qaraçöpdə çayçıda olan zaman kənd sakini Əfqan Deyxanov Xanımın ünvanına təhqiramiz ifadələr işlədib. Aralarında  mübahisə düşüb. Hacı da onu odlu silahla vurub, yaralamışdı”.

Hacı Həsənov məhkəmənin qərarı ilə yeddi il müddətinə azadlıqdan məhrum edildikdən sonra hər iki uşağı Xanımın valideynləri himayəyə götürüb. Babaları Zahid Ceyranov, nəvələrinə atalarının Türkiyəyə iş dalınca getdiyini deyib.

Bir il öncə Xanımın ölümü ilə bağlı “Kviris politra” qəzetinə müsahibə verən Hacı Həsənov birgə çox mehriban yaşadıqlarından  danışıb:

”Xanım yaxşı insan idi. O, həmişə mənə kömək edirdi. Hadisə baş verəndə yaylaqda olmuşam. Əmim oğlanları onu bədəni göyərənəcən döyüblər, maşına mindirərək kəndin mərkəzinə gətiriblər və camaatın gözü qarşısında yenidən döyüblər. Ona kəndi ayaqyalın dolandırıblar. Ölümündən əvvəl uşaqları görmək istəyib. Amma uşaqlar qardaşımgildə olub. O, utandığından özünü asıb. Mənim arvadım bu cür davranışa layıq deyildi”.

Yaşının ahıl çağında övlad dərdi və nəvə yükü çəkən Z.Ceyranov deyir ki, kənar şəxslərin onların həyatına qarışmağa heç bir haqqı yox idi:

“Əgər qızımı cəzalandırmaq lazım gəlsə idi, bu, həyat yoldaşının və ata kimi mənim üzərimə düşürdü, başqa kimsənin yox”.

İnsanların linç olunmasına, yəni məhkəmənin qərarı olmadan kiminsə özbaşına cəzalandırılmasına hələ də bir çox ölkələrdə, xüsusən də şəriət qanunları ilə idarə edilən cəmiyyətlərdə rast gəlinir. Gürcüstanda isə din dövlətdən ayrı olsa da, müsəlman əhalisinin əksəriyyətini təşkil edən etnik azərbaycanlılar hələ də dünyaya şəriət qanunlarının gözü ilə baxırlar.

Qaraçöp kəndinin imamı Cəbrayıl Mirzəyev isə deyir ki, Xanımın başına gətirilənlər heç də islama yaraşmır:

“Bu olay mənə islama qədərki dövrü xatırladır. O zaman qız uşaqlarını diri-diri basdırırdılar. Məhəmməd peyğəmbər bunu yasaqladı. Peyğəmbərin hədislərindən birində deyilir ki, cənnət anaların ayaqları altındadır. İslam insanlara qarşı zorakı  davranışları qadağan edir. Bu, haramdır”.

Qaraçöp kənd məktəbinin ibtidai sinif müəlliməsi, Zöhrə Xeyrixəbərova deyir ki, ailənin başına gələnlər uşaqların da ciddi sarsıntılar keçirmələrinə səbəb olub:

“Anaları öldükdən sonra biz onlara daha çox qayğı göstərməyə çalışırıq. Amma ananın yerini heç kim əvəz edə bilməz”.

Z.Ceyranov qızının  və kürəkəninin işi ilə bağlı aparılan araşdırmadan narazıdır. O, bildirir ki, istintaq bir ildən çoxdur davam etsə də, nəticə yoxdur:

“Xanımı sui-qəsd həddinə çatdıran Telman Həsənov, Ayvaz Həsənov, Novruz Həsənov, Elçin Deyxanov və Əfqan Hüseynov məsuliyyətə cəlb olunmalıdırlar. Onlar isə hələ də azadlıqdadırlar. Həmin şəxslər vaxtında məsuliyyətə cəlb olunsaydılar, Hacı indi uşaqlarının yanında olardı. Hacını əməlinə görə tutdular. Bəs, qızımı ölüm həddinə çatdıran o adamlar niyə həbs olunmur? Mənim sualıma cavab versinlər!”

Xanım kənddə, küçədə döyülərkən də polis hadisəyə müdaxilə eməyib. Lakin kənd polisi bu haqqında açıqlama vermədi. Gürcüstan Baş Prokurorluğunun mətbuat katibi Natia Suxiaşvili isə bildirdi ki, istintaq başa çatmadığından intiharla bağlı cinayət işinə dair sualları cavablandıra bilməyəcəklər.

Xanımın küçədə döyülməsi onlarla kənd sakininin gözü qarşısında baş verdiyi deyilsə də, heç kəs bu haqda istintaqa danışmaq istəmir. Vəkil Dmitri Natsvlişvilinin sözlərinə görə, Siqnaxi şəhər Prokurorluğundan Ceyranovanın kim tərəfindən döyülməsi ilə bağlı kifayət qədər şahid ifadəsinin olmadığı bildirilib:

“İş üzrə ancaq Xanımın azyaşlı uşaqları dindirilib. Prokurorluq  işin perspektivinə inanmır”.

“Göyərçin” Demokratik İttifaqının sədri Səbinə Talıbova hesab edir ki, cəmiyyətdə qadınlara qarşı baş verən zorakılıqların qarşısını almaq üçün, ilk növbədə, qanunun tətbiqi önəmlidir:

“Xanım küçədə döyülərkən polis vaxtında işə qarışsaydı, hadisələrin miqyası bu qədər böyüməzdi. Görünür, polis başısoyuqluq göstərib. Baş verənlərə görə elə polis də məsuliyyət daşıyır. Bir-iki nəfər belə əməllərə görə cəzalandırılsa, nəyəsə nail ola bilərik. Əks halda özbaşınalığın qarşısını almaq mümkün olmayacaq ”.

Zahid Ceyranov deyir ki, övladının yuvasını dağıdanlar layiqli cəzalarını almayınca  rahatlıq tapmayacaq. Əks halda Ceyranovlar ailəsinin dramı hələ çox gözü yaşlı qoya bilər:

“Prokurorluq işi düzgün araşdırmasa, Xanımı döyən şəxsləri özüm cəzalandıracam”.

Mənbə:

Netgazeti.ge

Ana səhifəXəbərlərQadına atılan namus yüklü daş