Qadın qətlləri və intiharları siyasidirmi?

Bunu bilən sistem də birincini sərt şəkildə cəzalandırarkən, ikinciyə qiyabi dəstək verir.

Foto: Meydan TV


Mental dəyərlərin güclü olduğu cəmiyyəti idarə etmək daha asandır

Son günlər gənc qızların intiharları ölkə gündəminin əsas mövzusuna çevrilib. Cəmiyyətin bu məsələdə mövqeləri haçalanıb. Bir qismi intihar edənləri, digər qismi mental dəyərləri, başqa bir qismi isə hərəkətsiz qalaraq baş verənləri təşviq etdiyi üçün dövləti ittiham edir.

Bəs əsl gerçək nədir? Kimdir günahkar? Dövlət, cəmiyyət, yoxsa fərdlər?

Aydın məsələdir ki, ardıcıl intiharlarda çox ciddi sosial-maddi sıxıntıların böyük təsiri var. Lakin bunu birbaşa səbəb olaraq göstərmək ədalətsiz olardı.

Orhan Pamukun "Qar" əsərində buna bənzər epizod yaşanır. Ucqar əyalətdə gənc qızlar bir-birinin ardınca intihar edirlər. Lakin hadisə yerinə gedən jurnalistlər öz gözləri ilə görürlər ki, məsələdə əsas səbəb dini fanatizm və adətlərdir. Dövlət acizdir.

Bizdə isə hansısa əyalətdə yox, multikulturalizmin paytaxtı elan etdiyimiz paytaxt Bakıda bu hadisələr yaşanmaqdadır.

Aydın məsələdir ki, ardıcıl qətl və intiharlarda dövlətin məsuliyyət yükü çox böyükdür. Bir kişinin öz qızına "səni öldürərəm, polisə 50 min verib bağlayaram" deməsi o deməkdir ki, bütün bu intiharların, cinayətlərin əsas səbəbkarı sistemdir.

Təbii ki mental və dini mühafizəkarlıq faktorları da var. Lakin mütləq gücə sahib olan dövlət istədiyi vaxt mental faktorun qarşısını ala bilər. Sadəcə almır. Çünki almaq istəmir. Niyə? Ona görə ki, mental dəyərlərin güclü olduğu cəmiyyəti idarə etmək daha asandır. Seçki qutusunda oğurlanan səsini deyil, qızının, bacısının şəxsi həyatı, seçimləri ilə bağlı hökm etmək hüququnu qorumağı özü üçün əsas hədəf sayan adamlar heç vaxt demokratiya tələb etməyəcəklər.

Bunu bilən sistem də birincini sərt şəkildə cəzalandırarkən, ikinciyə qiyabi dəstək verir. Nəticədə bu qədər qətllər, intiharlar ortaya çıxsa da, bu, hündür hasarların arxasında yaşayan güc sahibləri üçün təhlükə deyil. Əvəzində, onların daimi hakimiyyətini təmin edir.

Əlbəttə, təkcə, qadınlar qətl edilmir, intihar etmirlər. Törədilən cinayətlərin statistikasına baxsaq, kişilərin bir-birilərini daha çox öldürdüyünü, şiddətə məruz qoyduqlarını, eləcə də daha çox intihar etdiklərini görə bilərik. Lakin bu cinayətlərin və intiharların motivləri fərqlidir. Səbəb adətən güc, imtiyaz davası, pul, ədalətsizlik və digər sosial səbəblər olur. Ancaq hər hansı kişinin mühafizəkar cəmiyyətin bəyənmədiyi bir davranış tərzinə görə(evli qadınlarla əlaqəni çıxmaq şərtilə- bu cür cinayətlər kifayət qədərdir) öldürülməsi ilə bağlı həbsdə olduğum 6 il ərzində bircə halla belə rastlaşmamışam.

Lakin qadınlarda bu hala çox tez-tez rast gəlinir.

Həbsdə olduğum 13 saylı cəzaçəkmə müəssisəsində bir məhbus var idi. Bacısının və xalası qızının boğazını kəsmişdi. Kluba gedib canlı musiqi dinlədikləri üçün.

Klubda olan dostu görüb xəbər vermişdi. Bıçaqla boğazları kəsilən hər iki gənc xanım hadisə yerindəcə keçinmişdilər.

Hətta Azərbaycan standartları ilə belə, əxlaqsızlıq hesab olunmayan bu əməli öz "oğlannığına" sığışdırmayan gənc, dostunun da təşviqi ilə, bəlkə elə onun və digərlərinin gözündə nüfuzunu itirməmək üçün dəhşətli qətl törətmişdi.

Hadisədən sonra "nəslin qeyrətini xilas etdiyi üçün" qəhrəmana çevrilən gəncin həm öz ailəsi, həm də xalası qızının ailəsi şikayətçi olmurlar, əksinə onun yüngül cəza alması üçün bütün imkanlarını səfərbər edirlər.

Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələrinə əsasən qəsdən xüsusi amansızlıqla iki və daha artıq şəxsi öldürmə maddəsilə ittiham olunan gəncin əməli, "ehtiyatsızlıqdan adam öldürmə"yə tövsif olunur, cəmi 8 illik həbs cəzası alır. Hüquq isə onun ömürlük həbs cəzası almalı olduğunu deyirdi.

Zəngin və böyük əlaqələrə sahib olan ailəsinin kriminal aləmə və Penitensiar Xidmət rəhbərliyinə etdiyi "hörmət"dən sonra, dünənədək zadəgan həyatı yaşayan və kriminal aləmlə yaxından-uzaqdan əlaqəsi olmayan gəncə cəzaçəkmə müəssisəsinə gələn kimi avtoritet adı verilir. İçəridə xüsusi şərait yaradılır. Ayrıca otaq, playstation, şəxsi mobil telefon, şəxsi xidmətçi, dilədiyi vaxt yaxınları ilə görüş hüququ, yanına çöldən qızların gətirilməsi və s.

5 ildən sonra isə azad edilir.

Bunu görən minlərlə məhbus üçün o adam örnəkdir. Eləcə də, o adamın adını eşitmiş minlərlə məhbus yaxını və başı kriminal aləmin ideologiyaları ilə xarab edilmiş gənclik üçün.

Və ən pisi budur ki, belə adamlardan yüzlərlə var. İnsan həyatının və ləyaqətinin hər şeydən üstün sayıldığı bəşəri prinsiplərə tüpürmək belə istəməyən, qadını özünün köləsi, malı, ən yaxşı halda uşaqlarının baxıcısı, qabyuyanı, aşpazı kimi görən düşüncə üçün bu adamlar qəhrəmandırlar. Və dövlət də bu cür adamların kulta çevrilməsinə müdaxilə etmir. Yuxarıda qeyd etdiyim səbəbdən. Belə cəmiyyəti idarə etmək daha asan olduğu üçün.

Məsələnin siyasi sistemdən qaynaqlanan başqa bir psixoloji səbəbi də var.

Siyasi sistem azadlıqların, inkişaf perspektivlərinin bir çoxunu məhdudlaşdırıb. Bu gün Azərbaycanda heç bir siyasətçi müstəqi siyasət aparmaqla nəinki hakimiyyəti dinc yolla ələ ala, hətta parlamentdə təmsil oluna bilməz. Dövlətdə himayədarı olmadan heç bir biznesmen milyonluq biznes qura bilmir, qursa da tezliklə əlindən alınır. Sənət, ədəbiyyat, media, təhsil, bütün sahələr hakimiyyətin nəzarətindədir.

Və belə bir şəraitdə davamlı alçaldılan, kiçik bir qrupun idarə etdiyi kölə sürüsünə çevrilən insanlar, dövlətin onların əlindən aldıqlarını astarını üzünə çevirib öz ailələrinə yaşadırlar. Kişili-qadınlı. Dövlətə meydan oxumaq risklidir. Lakin ailədə kiçik bir dövlət qurub, onu idarə etmək həm təhlükəsizdir, həm də əvəzedici təsiri var.

Və nəticədə qüsurlu dairə yaranır. Bir tərəfdən özünü proqressiv hesab edən, mənsub olduğu cəmiyyətin mental qaydalarını, mühafizəkar dəyərlərini saya almadan dilədikləri həyatı yaşayan idarəedici sinif və güc sahibləri, digər tərəfdən isə bu güclü sinfin qarşısında ikiqat əyilən, güclü sinfə söz deməyə cəsarəti çatmayan və buna görə də bütün gücləri ilə mühafizəkarlığa sarılıb məhrumiyyət və natamamlıq duyğusundan yaranan qəzəblərini öz övladlarından çıxan kütlə-prollar.

Məsələnin bir də maddi tərəfi var. Əgər, fikir versəz, çox rahatlıqla görə bilərsiz ki, bu cür qadağalar, mental səbəblərdən qaynaqlanan qətllər, intiharlar əsasən kasıb ailələrdə olur. Varlı ailələr övladlarının seçiminə daha az müdaxilə edirlər. Çünki necə qazanılmasından asılı olmayaraq pulun, sərvətin ən üstün dəyər hesab edildiyi Azərbaycan cəmiyyətində varlı ailənin qızının "əxlaqsız" olması problem deyil. Buna görə onlara söz deyən, tənə edən olmayacaq. Əksinə hər məclisdə qarşılarında ikiqat əyiləcəklər, bütün nəsil o ailənin "əxlaqsız" qızını öz övladına almaq istəyəcək. Belə idbar və rəzil münasibətlər sisteminin olduğu ölkədə, həm sistemin, həm də mühafizəkar dəyərlərin bütün ağırlığını öz zəncirlərini sevən kasıb kölələr çəkəcəklər. Və övladlarının, xüsusilə qız övladlarının həyatlarını cəhənnəmə döndərəcəklər.

"Başa düşdük, bəs dəyişmək üçün nə etmək lazımdır?" deyə soruşanlar olacaq. Velosipedi yenidən kəşf etməyə ehtiyac yoxdur, onu artıq kəşf ediblər.

Nə vaxt ki insan ləyaqətinə hörmət edən normal sistem quracağıq, nə vaxt ki orta statistik azərbaycanlı seçki qutusunda oğurlanan səsini özünün namusu hesab edib qoruyacaq, onda da bütün bu qətllər, intiharlar tədricən azalacaq.

O vaxta qədər isə ancaq yazacaq və danışacağıq. Çarx isə öz işində olacaq və minlərlə həyatı söndürəcək…

Ana səhifəXəbərlərQadın qətlləri və intiharları siyasidirmi?