Qadın olma yükü

Azərbaycanda “seksizm” və “Özgecanlar”

Source:

Öncə, “seksizm” nədir? Dəfələrlə bu barədə yazılsa da, görürsən ki xalqımız bu məsələyə hələ də biganə yanaşır, araşdırmır və hələ çoxları bu sözün başlığına görə, söhbətin intimdən getdiyini düşünür. Heç bu barədə yazılara girib, oxumur belə. Seksizm hazırda dünyada bir çox ölkənin üzləşdiyi, elə məhz “rasizm”-ə bərabər tutula biləcək qədər ağır bəladır. “Seksizm”-in hərfi mənası “cinsi ayrı-seçkilik”-dir. Necə ki, sizin rənginizə görə sizi aşağı görüb, rasistlik edirlərsə, eləcə də, cinsinizə görə sizi aşağı görüb, seksist davrana bilərlər. Bəs, cəmiyyətdə bu problemlə niyə üzləşilir? Bizim cəmiyyətimizdə əsasən yox, elə məhz qadınlara yönəlir bu tip yanaşma. Məsələn, bizim cəmiyyətdə kişiyə deyilə biləcək ən aşağılayıcı söz  “arvad”-dır, amma bu qadınlarda fərqlidir. Qadına “kişi” desəniz, bu, onu ucaltmaq kimi qələmə verilir ki, seksizm məhz buradan başlayır. Və problem, bəla böyüyə-böyüyə gedir. “Kişiyə filan şey etmək olar, qadına yox”, “qadın kimdi filan işə qarışsın” bu deyimləri uzadıb başınızı ağrıtmaq istəmirəm, yəqin ki “seksizm”-in mahiyyətini bildik.

Cəmiyyəti kim bu vəziyyətə gətirib çıxarır? Necə mübarizə aparılmalıdır? Bir az araşdırma apardım Azərbaycanla bağlı. Deməli, Dilarə Əliyeva adına Qadınların Hüquqlarını Müdafiə Cəmiyyəti var imiş. 1989-cu ildə yaranıb. Təbii ki, bu günə qədər sağ qalıbsa, “qrant yemək”-dən həbsdə deyillərsə, deməli, hakimiyyət yönümlü QHT olması ehtimalı var. Bu ayrı məsələ. Bunların keçirdiyi hər-hansı bir ciddi tədbir, seminarlar tapa bilmədim. Niyə mənim, sizin verdiyiniz vergilərdən bu adamlara dövlət qrant ayırır, bunlar heç bir iş görmürlər?. Qadınların hüquqlarını ən çətin vəziyyətlərdə qorumurlar, “seksizm” barədə seminarlar keçirib, qadınların hüquqlarını onlara öyrətmirlər? Elə məhz problem bu tipli müəssisələrdən başlayır və dövlətin yürütdüyü siyasətdə bitir. Qadınlarımızın, ümumiyyətlə, cəmiyyətimizin öz hüquqlarını bilməməsi, bilsə də, siyasətə qarışmaması da buna təkan verir. Və gəlib çıxır ağır nəticələrə.

Artıq bir aydır mətbuatda gedən Lamiyə məsələsindən xəbəri olmayan qalmayıb yəqin ki. Məmur oğlu tərəfindən azyaşlı vaxtı zorlanıb, çarəsizlikdən zorlayan şəxsi öldürüb, 12 ildir həbs yatır, içəridə uşağı olur, heç bir bəhanə tapa bilməyən Penitensiar xidmət açıqlama verir ki, sən demə, çöldən sperma göndəriblər və süni mayalanma nəticəsində uşaq olub. Açıqlamaya hamı gülsə də, əslində məsələnin dəhşətinin fərqindəsiniz. Bu ilk “Lamiyə” deyil, bu günə kimi mətbuata çıxmayan minlərlə “Lamiyə” olub və ölkədə ayaqlar altında olan qadın hüquqları onlardan da yan keçib, qadındılar deyə, ictimai nəqliyyatda, başqa yerlərdə onlara atılan sözü, zorlanmaları, atılan əl-qolları ictimailəşdirib qarşı çıxa bilməyiblər. Niyə? Çünki cəmiyyətimizdə “fılan qızın adı çıxıb” basqısından qorxublar. Heç kişilərin bu dərdi var? Xeyr.

Indi cəmiyyətimizdəki “Seksizm”-in dərəcəsinin fərqindəsiniz? Faciənin böyüklüyü hələ çox “Lamiyə”-ləri əlimizdən alacaq. Türkiyədəki Özgecan hadisəsi ilə eyni gündə, Azərbaycanda da eyni tipli hadisə baş verdi. Qadın cəsədi tapıldı körpünün altından, 15 bıçaq zərbəsi, ağzı cırılmış vəziyyətdə. İctimailəşmədi. Türkiyənin Özgecanından yazanlar, ondan yazmadılar. Ölkədə azad mətbuat, vətəndaş cəmiyyətləri qalmayıb ki, bu məsələyə münasibət bildirsinlər. Qənirəkimilər nəsli Özgecana ağlayacaq amma özümüzdəkilər heç veclərinə də olmayacaq. Fikir vermişəm, ölkədə “siyasətə qarışmıram” deyənlər elə əslində ən çox siyasətlə maraqlananlardır. Onlar çayxanalarda, sosial şəbəkələrdə, hətda milli məclisdə Türkiyəni, Ukraynanı, Rusiyanı, hətda ABŞ-dakı insan hüquqlarını lağa qoyurlar, müzakirə edirlər palaz-palaz. Amma ölkəmizə gələndə…

Yazımı ana bətnində qadın olduğu üçün abort etdirilmək istəyən, zülm və  bəla ilə dünyaya gələn, hal-hazırda da mövcud rejimin zülmünə uğrayıb həbsdə olan Xədicə İsmayılın sözü ilə tamamlayıram: “Hiss etdiyim – qadın olma yüküdür. O qadın ki, onun bu ölkədə mücadiləsi, doğuşdan əvvəl başlayır…”

Ana səhifəMənim FikrimcəQadın olma yükü