Bu malların hara yox olduğu açıqlanmır
Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan “AbzasMedia”nın üç əməkdaşı – baş redaktor Sevinc Vaqifqızı, Nərgiz Absalamova və Elnarə Qasımova ictimaiyyətə birgə məktub ünvanlayıblar.
“AbzasMedia” həmin məktubu dərc edib.
Onlar bu dəfə yazdıqları məktubda 1 saylı Bakı İstintaq Təcridxanasında baş verən pozuntu halları və həbs edilmiş şəxslərin saxlanıldığı ağır şəraitdən söz açıblar.
Məktubda qeyd olunur:
“Nəzarətçi qapını açıb kameraya yeni həbs olunmuş qadın gətirəndə məhbuslar əl-ayağa düşür. Biri ona əl-üz sabunu verir, o biri dəsmal. Biri yerini açıb ehtiyata saxladığı mələfəni yatağa sərir, o biri dəyişəcək paltarının olub-olmadığını soruşur. Əgər əşyaları gec gələcəksə, öz paltarlarını ona verirlər.
Bu qaçhaqovun içində təcridxana işçiləri gözə dəymir. Nəzarətçilər sadəcə yeni həbs olunmuş qadını kameraya salıb, qapını çırpıb gedirlər”.
Daha sonra xatırlanır ki, Nazirlər Kabinetinin “Tutulmuş və ya həbs edilmiş şəxslərin yemək və maddi-məişət normalarının təsdiq edilməsi haqqında” 18 fevral 2013-cü il tarixli 22 saylı qərarı ilə göstərilən ehtiyaclarını dövlət qarşılamalıdır.
Jurnalistlər daha sonra yazır ki, 1 saylı Bakı İstintaq Təcridxanasında 170 (yüz yetmiş) nəfər qadın saxlanılır. Qadınlar 2-ci korpusun 2-ci mərtəbəsində 27 kamerada yerləşdiriliblər.
Əslində bu mərtəbədə 30 kamera var. Onlardan biri qanunsuz olaraq cəza kamerasına çevrilib, biri istifadəsiz saxlanılıb, o birini də nəzarətçilər özləri üçün mətbəx kimi istifadə edirlər.
Ombudsman Aparatının nümayəndələri təcridxanaya gələndə cəza kamerasının və nəzarətçilərin özləri üçün mətbəxə çevirdikləri kameranın qapıları tez-tələsik qıfıllanır:
“Bu kameralar heç də lazımsız olduğuna görə başqa məqsədlər üçün istifadə edilmir. Əslində qadın məhbusların yatacaq yerə ehtiyacı var. Hazırda 25 qadın çarpayısızlıqdan ya yerdə, ya da bir çarpayıda iki nəfər bükülüb yatır. Hətta ara-sıra bu sıxlığa görə xəsarət alan qadın məhbuslar da olub. Yatağın 2-ci mərtəbəsini bölüşən məhbus qadınlardan biri yıxılıb və qolu çıxıb. Kameraya gələn psixoloq mayor Təranə Quliyeva isə qadınlara tapşırıb ki, hadisənin necə baş verdiyini heç kimə deməsinlər. Soruşan olanda qadın hamamda yıxıldığını desin”.
“Abzas”çılar yazır:
“Nazirlər Kabinetinin 22 nömrəli qərarının 13-cü əlavəsində göstərilib ki, istintaq təcridxanalarında saxlanılan şəxslərin hər birinə bir çarpayı verilməlidir. Bundan başqa, saxlanılan şəxslər adyal (yay və qış üçün), döşək (pambıq), balış (pambıq), mələfə (ildə 2 ədəd), balış üzü (ildə 2 ədəd), əl-üz dəsmalı (ildə 2 ədəd) ilə təmin edilməlidir. Amma qadınlara cəmi bir nazik adyal verilir, qış üçün adyal verilmir. Döşəklər pambıqdan deyil, keyfiyyətsiz yundandır. Hətta o qədər keyfiyyətsizdir ki, kəskin qoxusuna görə imtina edənlər var. Əl-üz dəsmalını isə yalnız iki qadın məhbus nəzarətçilərdən istəyəndən sonra onlara verildiyini eşitmişik. Amma qərarla əl-üz dəsmalı istisnasız olaraq bütün saxlanılan şəxslərə ildə 2 dəfə verilməlidir. Çünki mələfə, balış üzü və əl-üz dəsmalının istifadə müddəti 6 aydır”.
“Keçək saxlanılan şəxslərə verilməli olan gündəlik ərzaq siyahısına. Nazirlər Kabinetinin 22 nömrəli qərarının 4-cü əlavəsində yer alan bu siyahıya görə, saxlanılan şəxslərə təcridxanada balıq, ət, bitki yağı, tərəvəz, un, dəfnə yarpağı, tomat pastası verilməlidir. Bunların heç biri saxlanılan şəxslərə verilmir”, – məhbəs həyatı yaşayan jurnalistlər yazır.
Onların sözlərinə görə, məhbusların “balanda” adı verdikləri təcridxana yeməyi keyfiyyətsiz olduğundan 27 kameranın yalnız 8-i onu qəbul edir:
“Oktyabrın sonlarında qadın korpusuna baş çəkən təcridxana rəisi Elnur İsmayılova qadın məhbuslar “balanda”nın keyfiyyətsiz olduğu və adam sayına uyğun verilmədiyi haqda şikayət ediblər”.
“14 nəfərlik kameraya 4 tikə ət verilir. Mən bu 4 tikə əti 14 nəfərin arasında necə bölüm?” – deyə qadın məhbus rəisdən soruşub.
“Gələk həbs edilmiş şəxslərin geyim əşyaları ilə təminatına. Həbs edilmiş qadının münasib paltarı yoxdursa, Nazirlər Kabinetinin 22 nömrəli qərarının 5-ci əlavəsinə görə, ona isti və nazik baş yaylığı, isti gödəkçə, 2 yubka, 2 kofta, 2 don, 2 alt köynəyi, 3 pantalon, 3 döşlük, 4 kolqotka, 6 cüt qısa corab, 12 ədəd gigiyenik paket (1 ay ərzində), mövsümə görə 2 cüt ayaqqabı, 1 cüt çəkələk, 1 cüt əlcək verilməlidir.
Bu, bir il müddətində gördüyümüz o olub ki, hər dəfə təcridxana əməkdaşları “yeni gələn dustağa paltar lazımdır, sizdə olmaz?” deyə soraqlamağa başlayırlar. Burada ehtiyacı olan məhbusa təcridxanadan heç bir geyim verilmir”, – məktubda qeyd olunub.
Jurnalistlər vurğulayıblar ki, bəhs etdikləri qərarın 6-cı əlavəsində həbs edilmiş şəxslərin gigiyenik vasitələrlə təminatı yer alıb. Həbs edilmiş şəxsə 1 ay ərzində 250 qram təsərrüfat sabunu, 100 qram əl-üz sabunu, 150 qram yuyucu toz, 3 ədəd ülgüc, 2 ay ərzində bir ədəd diş pastası, diş tozu, 1 ədəd tualet kağızı, 3 ay ərzində 1 ədəd diş fırçası verilməlidir:
“Burada bir il ərzində apardığımız müşahidəyə əsasən deyə bilərik ki, cəmi 2 dəfə hər kameradan 1-2 nəfərə diş pastası, diş fırçası, yuyucu toz, təsərrüfat sabunu, əl-üz sabunu verilib. Ülgüc, tualet kağızı ümumiyyətlə verilməyib. Amma bu mallar 1, 2 və 3 ay ərzində verilməlidir və hər kəsə çatmalıdır”.
Jurnalistlər xərclərlə bağlı araşdırma da aparıb. Məlum olub ki, 2024-cü il avqustun 10-da 1 saylı Bakı İstintaq Təcridxanası ilə “Abşeron Tekstil” MMC arasında dəyəri 49 min 383 manat olan satınalma müqaviləsi imzalanıb.
Bakı İstintaq Təcridxanasının kotirovka sorğusu ilə keçirdiyi tenderdə ilkin ehtimal olunan qiymət 100 min manat olsa da, “Abşeron Tekstil” MMC ilə imzalanan müqavilənin dəyəri onun yarısı qədər olub.
Müqavilədə qeyd edilib ki, “Abşeron Tekstil” MMC avqustdan dekabra qədər təcridxananı aşağıda göstərilənlərlə təmin etməlidir.
Bəs bu sadalanan mal və məhsullar həbs edilmiş qadınlara niyə verilmir? Jurnalistlər yazır:
“Təcridxananın əməkdaşları ilə söhbətdən aydın olur ki, anbarda heç nə yoxdur. Amma məlum deyil ki, Penitensiar Xidmət qanunla verilməli olan mal və məhsulları istintaq təcridxanasına göndərmir, yoxsa göndərilən mallar istintaq təcridxanasında “yoxa çıxır”?”