Qadağalara etiraz edən inanclıların həbs olunduğu bildirilir

Məscidlərin bağlı qalmasına və Mərərrəmlik ayının keçirilməsinə qoyulan qadağa etiraza səbəb olub

Source: Facebook

Azərbaycanda məscidlərin qapalı olmasına və Məhərrəm ayı mərasimlərinin keçirilməsi qadağasına etiraz edən inanclılar həbs olunub.

D18 Hərəkatının sədr əvəzi, hüquq müdafiəçisi Samirə Ağayevanın Meydan TV-yə bildirdiyinə görə, Şəmkir, Bərdə, Beyləqan və Lənkəran rayonlarında, Gəncə şəhərində xeyli sayda inanclı cəzalandırılıb:

“Şəmkir rayonundan olan Ayxan Camalov və Eldar Məmmədov 25 sutka inzibati həbs cəzası alıb. Bərdədə “Müsəlman Birliyi” Hərəkatının üzvü olan keçmiş siyasi məhbus Elşən Abbasov qısa söhbət adıyla polis şöbəsinə çağrılıb, lakin oradan buraxılmayıb. Yaxınlarına deyilib ki, ona 30 sutka inzibati həbs cəzası verildi. Yevlaxda Qəzənfər Fəridə 16 sutka həbs cəzası verilib. Lənkəran rayonunda 8 nəfər polis idarəsinə aparılıb. Onlardan 7 nəfər həmin gün buraxılsa da, ilahiyyatçı Seyid Cavid Miriyev 10 günlük həbs cəzası alıb. Beyləqan rayonunda isə 20 nəfər inanclının saxlanıldığı, daha sonra cərimələnib buraxıldığı barədə məlumat var. Gəncədə 6 nəfər polis idarəsində dindiriləndən sonra buraxılıb.

Ötən həftə “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov da məscidlərin bağlı olması və Məhərrəm ayı mərasimlərinə qadağa ilə bağlı çıxışından sonra Sabunçu Rayon Polis İdarəsinə çağrılmışdı.

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bəyan edildi ki, ilin sonuna qədər məscidlərin açılması gözlənilmir. E.Qasımlı isə ilin sonuna 4 aydan çox müddət qaldığı halda, bu cür fikir səsləndirilməsini qərəzli sayır.

“Məscidlərin açılması, Məhərrəm ayı mərasimlərilə bağlı məntiqli, ağıllı, icra edə biləcəyimiz təklifləri bəyan etməliyik. Başqa ölkələrdə karantin yumşaldılmalarından sonra ibadət yerləri inanclı insanların ixtiyarına verilib. İstərdik ki, ölkəmizdə də pandemiyanın qarşısını almaq istiqamətində müəyyən tədbirlərlə məscidlərin fəaliyyəti bərpa olunsun.

Operativ Qərargahın brifində bildirildi ki, ilin sonuna qədər məscidlərin açılması müzakirə oluna bilməz. Bu fikir qərəzlidir. Çünki proseslərin inkişafını kimsə proqnozlaşdıra bilməz. Kifayət qədər müddət var. Ola bilər ki, bir həftə, bir ay sonra hansısa bu xəstəliyin qarşısını alan vasitə tapıla bilər.

Başqa məkanlarda tətbiq olunan qaydalarla məscidləri də açmaq olar. Bütün məscidlərin icmaları, xidmət göstərən şəxslər orada bu prosesləri tənzimləyə bilər – tibbi maskaya, ara məsafəsinə, dezinfeksiya işlərinə nəzarət eməklə…“, – “Müsəlman Birliyi” Hərəkatının sədr müavini müraciətində belə demişdi.

Sabunçu Rayon Polis İdarəsində dindirildikdən sonra E.Qasımov bu barədə sosial media hesabından açıqlama yayıb. İlahiyyatçının sözlərinə görə, polis idarəsində bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsinin məscidlər və Məhərrəmlik ayinlərilə bağlı qərarı var, onlara tabe olmaq lazımdır. Həmçinin Məhərrəm ayında icazə verilməyən yığıncaqlara polisin müdaxilə edəcəyi barədə xəbərdarlıq olunub.

Ana səhifəSiyasətQadağalara etiraz edən inanclıların həbs olunduğu bildirilir