Qadağa qoyulmuş xatirələr

1988-ci ilin fevralında Dağlıq Qarabağda və Ermənistan SSR-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə mitinqlər başlandı

Source:

1988-ci ilin fevralında Dağlıq Qarabağda və Ermənistan SSR-də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə mitinqlər başlandı.

20 fevralda isə Xankəndində keçirilən sessiyada yerli deputatlar Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarıb, Ermənistan tərkibinə keçirilməsinə razılıq üçün Azərbaycan, Ermənistan və SSRİ Ali Baş Sovetliyinə müraciət məktubu yazdılar.

Bu müddət ərzində Ermənistan və Dağlıq Qarabağda baş verən qarışıqlıqdan dolayı orada yaşayan etnik azərbaycanlılar öz vətənlərinə köçməyə başladılar. “Qara Bağ” kitabının müəllifi Tomas De Vaal azərbaycanlı şahidlərin sözlərinə əsasən yazır ki, etnik azərbaycanlıların köçmə prosesi hələ 1987-ci ildən başlamışdır.

Bütün bu hadisələr hər iki tərəfin müxtəlif mənbələrindən yayılan şayiələr və provakasiyalarla daha da qızışdırılırdı.

Milliyyətcə erməni olan Baqrat Aleksanyanın 35 yaşı var. 1990-cı ilin yanvarına kimi o, öz ailəsilə Bakıda – Lenin (indiki H.Əliyev ) Sarayının yanında, Mirzəağa Əliyev küçəsi 251, mənzil 14-də yaşayırdı.

Sovet dövründə bu ərazidə yaşayan azərbaycanlılar rus, ermənilər isə həm rus, həm də Azərbaycan dillərində sərbəst danışa bilirdirlər. Baqdanın sözlərinə əsasən, pis yaşamırdılar. Hamıyla mehriban, dost münasibətləri var idi. Qarabağ müharibəsinə qədər hamılıqla sadə həyat sürür, yaxşı qonşuluq edirdilər.

“Anam mağazada satıcı işləyirdi, atam isə sürücü idi. Çox yaxın qonşularımızı xatırlayıram, biz onlarla qohum kimi yaxın idik. Onları doğulandan tanıyırdıq, öyrəşmişdik, çox istəyirdik bir-birimizi. Onlar sadəcə möhtəşəm insanlar idi”- Baqrat keçmişi xatırlayaq nəql edir.

Qarabağda müharibə başlayandan sonra vəziyyət dəyişməyə başladı. Azərbaycanlıların Ermənistandan kütləvi qovulmaları, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi, Sumqayıtda ermənilərlə iğtişaş baş verdi. Vəziyyət dözülməz idi. Baqratın dediyinə görə, milliyyətcə erməni olan insanların maşınlarını partladır, onları küçədə tutub döyür, işgəncə verirdilər.

“Babamı tramvayda möhkəm döymüş, vintaçan (otvyortka) ilə vurmuşdular. Tramvayın sürücüsündən tələb eləmişdilər ki, o, tvamvayı saxlayıb babamın üstündən keçsin. Tramvayın sürücüsü azərbaycanlı idi, lakin ,o, bunu etməyərək, babamı döyən dəstədən qocanı buraxmasını xahiş etmişdi. Bu hərəkətləri eləyənlər “gəlmələr” idi”.

“Gəlmələr” deyəndə Qarabağ mövzusu aktuallaşandan sonra Ermənistandakı evlərini məcburi tərk edib, Azərbaycana gələn azərbaycanlılar nəzərdə tutulurdu. Sumqayıt iğtişaşının və Bakıdakı döyülmələrin şahidlərinin sözlərinə görə, bu dəstələr özlərini “gəlmələr” kimi qələmə verirdilər.

O zamanlar Baqrat 8 yaşında idi. O, qonşularının onları gizlətmələrini, qorumalarını, onun ailəsinin ölkəni təhlükəsiz tərk etmə yollarını axtardıqlarını xatırlayır.

“Onlar başa düşürdülər ki, bizi öldürə bilərlər. Mən uşaq idim, lakin mən də anlayırdım ki, ordan qaçmaq lazımdır. Hamı başını itirmişdi. Bilirsiniz, 8 yaşlı uşağın öz emosiyalarını izah etməsi çox çətindir. Bircə onu bilirdim ki, canımızı qurtarmaq üçün qaçıb getmək lazım idi”.

Baqratı xalası ilə təyyərədə Yerevana göndəriblər. İki həftə qonşular anasını və nənəsini saxlayaraq, sonradan paromla Krasnavodskdan keçərək Yerevana yola salıblar. Daha sonda atası və babası şəhəri tərk edib. Beləliklə, Aleksanyan ailəsi Yerevanda məskunlaşdı.

“Bizim həyatımız tamamilə dəyişdi. Əvvəlcə biz qaçqınlar üçün müvəqqəti sığınacaqda yaşadıq. Sonra hərə bir cür həyatını qurdu. Mənim ailəm hələ də yataqxanada yaşayır…”

İndi Baqrat paytaxt Yerevanda yaşayır. Hüquq müdafiəçiliyi ilə məşğuldur. O, öz qonşularını təəssüflə və xoş xatirələrlə yad edir:

“Mən ermənilərlə sülh və əminamanlıq içində yaşayan mehriban bakılıları, ziyalıları tez-tez xatırlayıram. Valideynlərimlə bir yerdə işləyən insanları yadıma salıram. Mənimlə məktəbdə bir yerdə oxuyan uşaqları və onların validenlərini xatırlayıram. Bir yerdə çörək kəsdiyimiz qonşuları xatırlayıram. Öz təhlükəsizliyi naminə münaqişədən sonra milliyətcə erməni olanlara kömək edə bilməyən insanları təəssüf hissi ilə xatırlayıram. Onlar da bu və ya digər şəkildə haqlı idilər. Etdikləri köməyə görə ciddi təqiblərə məruz qala bilərdilər. Amma bizə kömək edib, canımızı qurtarmağa yardım edənlərin də olduğunu xatırlamaq çox xoş təsir bağışlayır”.

Biz Baqratın ailəsinin yaşadığı məhəlləni tapdıq. Lakin Bakıda aparılan quruculuq işləri nəticəsində küçənin tamamilə dəyişməsi səbəbindən onun yaşadığı binanı və mənzili tapmaq mümkün olmadı.

Ruslan Bağırov (Ad və soyad şərtidir) Baqratla təqribən eyni yaşdadır. O şirniyyat məhsulları istehsal edən şirkətdə çalışır. Ruslanın ailəsi 1988-ci ilə Yerevandan Bakıya köçüb. O zaman onun 9 yaşı olub. Onun ailəsi Bakıda yaşayan qohumlarının məsləhəti ilə Yerevandakı evini Bakıdakı ermənilər yaşayan evlə dəyişmişdi. O zaman Bakı erməniləri və Yerevan azərbaycanlıları evlərini dəyişdirirdilər.

“Əmim “yaxşı” yerdə işləyirdi. O, bizə Ermənistandan rahat şəkildə çıxmanın yollarını izah elədi. Biz vasitəçilərin əli ilə evimizi dəyişdirib, əşyalarımızı toplayıb Bakıya köçdük”.

Ruslan bütün məhlənin onları yola salmasını xatırlayır. Qonşuları gözləri yaşlı Ruslanın ailəsi ilə vidalaşıblar:

“Yadımdadır ki, mərtəbə qonşumuz Asmik xala ağlayaraq anamı qucaqlayib “bacı” deyirdi. Kişilər əşyalarımızı avtobusa yerləşdirməyə kömək edirdilər. Avtobus tərpənənə kimi mən erməni uşaqlarla oynmağa davam etdim. Avtobus yerindən tərpənib gözdən itənədək qonşular gözləri yaşlı avtobusun arxasınca əllərini yelləyirdilər”.

“Münaqişəyə qədər Yerevanda necə yaşayırdınız” sualına Ruslanın cavabı belədir:

“İndi Bakıda necə yaşayırıqsa, elə. Biz balaca uşaqlar idik. Bütün günü həyətdə oynayırdıq. Bizim analarımız evdar xanımlar idi və yay axşamları həyətə düşüb söhbət edirdilər. Uşaqlardan kimsə yemək istəyəndə hansısa bir ana evə qalxıb hamıya pendir, çörək, su gətirərdi. Hərdən mən məktəbdən evə qayıdanda anam ya dükana, ya başqa bir yerə gədərdi. Mən ərklə öz erməni qonşumuzgilə gedərdim, onun qızı və oğlu mənlə yaşıd idi. Qonşumuz məni yedirdirdi, çay verirdi, daha sonra biz uşaqlarla oynayırdıq. Sonra anam gəlib məni onlardan götürürdü. Bu hal bizə o qədər adi gəlirdi ki, mən onlarda saatlarla qala bilərdim, “çox sağol” deməyə də gərək qalmırdı “.

Ruslan Yerevanda qalsaydı, nələr yaşanacağını bilmirdi. Lakin onun sözlərinə görə, valideynləri ordakı evlərini, qonşuları yada salanda çox pis olurlar.

47 yaşlı Nona Şahnazaryan Azərbaycanda – Mingəçevir şəhərində doğulub, boya başa çatıb. Hal-hazırda tarix elmləri namizədi olan Nona öz uşaqlığını və gəncliyini azərbaycanlı dostları və qonşuları arasında keçirib. O, onlara Almaniyadan hədiyyələr gətirən Tofiq əmini, bacısına cehizlik xalça toxuyan qonşu xalanı xoş xatirələrlə yada salır. Nonanın doğma xalası yazıçı Anarı o qədər sevib ki, öz nəvəsinə onun adını verib.

Sumqayıtdakı qırğın və Bakıdakı kütləvi döyülmələr onun ailəsinə də təsir edib: “Bir gün bacım məktəbdə olarkən müəllimə sinfə daxil olub, bütün erməni uşaqlarının durub evə getməsini xahiş etmiş, “bu gün onlar üçün dərs yoxdur” – demişdi. Bacım balaca idi və dərs olmadığına görə çox sevinirdi. Bunu gəlib evdə danışanda anam anladı ki, bu artıq sondur…”

Rəsmi məlumatlara görə, 1988-ci il fevral ayının 27-29 aralığında 100-150 nəfərə qədər insan Sumqayıtda ermənilərin yaşadığı yerlərə hücum etmişdi. Həmin dəstə evləri dağıdır, yandırır, insanları döyür, öldürür, zor tədbiq edirdi. SSSR Baş Prokurorluğunun yaydığı rəsmi məlumata görə, bu iğtişaşda 26 erməni, 6 azərbaycanlı dünyasını dəyişib, yüzdən çox insan yaralanıb.

Ölkələrin rəhbərliyi ilə razılaşma əsasında SSRİ Baş Prokurorluğunun verdiyi qərara əsasən vahid məhkəmə keçirilmədi. İş 80 ayrı epizoda bölünüb müxtəlif rayon məhkəmələrinə paylaşıldı. Lap başdan qərar verildi ki, bütün işlərə RSFSR ərazisində baxılsın. Bir prosesə Moskvada (SSRİ Ali Məhkəməsində), üçünə isə Volqaqrad, Kuybışev, Voronej ərazi məhkəmələrində baxıldı. Qalan işləri SSRİ prokurorluğu Azərbaycana yönləndirdi və o işlərə Bakı və Sumqayıtda baxıldı. İşlər üzrə 94 nəfər məhkəmə məsuliyyətinə cəlb olundu. 80-nə yaxın insan məhkum olundu. Onlardan biri- Əhməd Əhmədova ölüm hökmü oxundu.

Milliyətcə erməni olan və qiyamda iştirak edən Eduard Qriqoryanın məhkəmə prosesi Azərbaycanda baş tutdu. Prokuror Aslan İsmayılov Qriqoryan üçün ölüm hökmü istəyirdi. Məhkəmə isə ona 12 il iş kəsdi. Daha sonralar o, Rusiyaya ekstradisiya olunub azadlığa buraxıldı.

Sumqayıt hadisələri haqqında yüzlərlə məqalə, hesabat, kitab yazılıb. Ermənistadan və Azərbaycandan olan bir çox yerli və xarici jurnalist və politiloqlar dəfələrlə bildirmişdilər ki, Sumqayıt hadisələri milli nifrət zəminində deyil, “hansısa dairələrin marağına görə…” baş vermişdi.

Politoloq Zərdüşt Əlizadə Sumqayıt hadisələrindən 10 gün sonra orada olmuş, şahidlərlə görüşmüşdu. Politoloq deyir:

“Sumqayıtda 30-40 min erməni yaşayırdı. Əgər mehriban qonşuluq olmasaydı, o vaxt qurbanların sayı onlarla yox, yüzlərlə olardı”.

Əli Muradov (ad və soyad dəyişdirilmişdir) 76 yaşındadır, kimyaçıdır, hal-hazırda təqaüddədir. Sumqayıt qətliyamını Əli müəllim xatırlamaq istəmir. Lakin müxbirimizin inadı nəticəsində o müsahibəyə razı olur. “Bizim məhləmiz çox köhnə məhlədir. Sumqayıt yeni tikiləndə bütün ölkədən bura gənclər yığışmağa başladı: azərbaycanlılar, ruslar, ermənilər… Bizim məhlədə Natalya adlı erməni yaşayırdı. Həyat yoldaşı vəfat etmişdi, iki cavan oğlu isə Kimya Zavodunda işləyirdi. Onun hamı ilə yaxşı münasibəti var idi. Şəhərdə qırğın başlayanda, o, bizdə gizlənmişdi. O, rahatlıqda istənilən qonşunun qapısını döyə bilərdi. Bilirdi ki, bu evdə onu heç kim ələ verməz. Mən, həyat yoldaşım, uşaqlar- hamımız bayırdakı qışqırıq səslərini eşidib sakitcə bir-birimizə baxırdıq. O zaman bizim üçün iki millət var idi: bayırdakı qəsbkarlar və özünü, ailəsini, dostunu, qonşusunu qoruyanlar…”

“Erməni qonşularınızı necə xatırlayırsınız?” sualına Əli müəllim ah çəkərək cavan verir:

“Adi insanlar idi, ən adi insanlar. İndi deyirlər ki, ermənilərə görə torpaqlarımızı itirdik, bir milyon qaçqınımız oldu. Bunları deyib, nifrətlə yad edirlər. Amma mənim xatirimə bizim ermənilərlə bir yerdə mehriban yaşamağımız gəlir. Qarabağ heç kimin ağlına da gəlmirdi o vaxt. Dinimizin ayrı olması da düşündürmürdü bizi… Görəsən bu qədər taleləri sındıran, uğrunda bu qədər qan tökülən Qarabağı kim yada saldı..?”

46 yaşlı Ruzanna Avokyan Sumqayıtda doğulub böyüyüb. Anası yuyucu toz zavodunda, tikinti-montaj idarəsində işləyib. Gərginlik yarananda Ruzannanın 20 yaşı olub. O insanların qarşılıqlı mehribanlıq və sülh şəraitində yaşadığı bir vaxtda abu-havanın qəfil dəyişməsini çox gözəl xatırlayır. “Bizim aramızda çox gözəl və etibarlı münasibətlər vardı. Mitinqlər fevral ayının 26-dan başlandı. Və elə həmin gün bazarla 29-cu kvartalın arasında bir neçə ermənini döymüşdülər. Nəyin baş verdiyini bir çoxu anlamırdılar. Yaşananların Qarabağla nə əlaqəsi var?… Qiyamət fevralın 27-sindən 29-na kimi davam etdi. Üc gün ərzində insanlar dəstə halında qiyam edirdilər və onlara heç kim nəzarət etmirdi”.

Ruzanna və onun ailəsi bu hadisələrdə zərər çəkmədilər. Lakin anası xoşagəlməz hadisə ilə qarşılaşmışdı:

“Anam azərbaycanlı rəfiqələri ilə işdən evə qayıdırdı. Birdən xəstəxana və 45-ci kvartal arasından keçərkən bir tanış azərbaycanlı qadın qarşılarına çıxıb ondan soruşur: ” Sən hələ ölməmisən?” Anamın rəfiqləri onu tənbeh edərək yollarını davam ediblər”.

Ruzannaya evinin eyvanından gördüyü zorakılığı unutmaq çox çətindir. “Fevral ayında həyətə bir yük maşını gəldi. İçindən çoxlu insan düşdü- onların hamısı qara geyimli idilər. Əllərində dəmirdən döyənəklər var idi. Onların hamısına evimizin eyvanından baxırdım. Ailəlikcə qərarlaşdıq ki, atam müqavimət göstərəcək, mən isə beşinci mərtəbənin eyvanından özümü aşağı atacam. Lakin bizim binadakı hansısa qonşu onlara qarşıdakı evi göstərib, ermənilərin orda yaşadıqlarını söylədi. Həmin binada Olya adlı bir erməni qızı çıxardılar. Onlar onu tam soyundurmuşdular… Bütün bunları eyvandan görürdük.”

Baxmayaraq ki qonşulardan bəziləri qərəzli idilər, Ruzannanın ailəsini xilas edənlərdə tapılmışdı.

“Bir azərbaycanlı qonşumuz bizi öz evində gizlətmişdi. O, heç kimin bizi ələ verməsinə imkan vermədi. Bir dəfə mən bir dəstənin arasına düşdüm, lakin azərbaycanca səlist danışmağımla onların arasından çıxıb canımı qurtara bildim. Sonra bir tanış azərbaycanlı yaxınlaşıb evimizə kimi məni ötürdü. Yolda bir qocanın döyüldüyünü gördük. 4-cü mikrorayonda isə azərbaycanılılar əllərində balta qiyamçıların həyətə girməsinə qarşı durmuşdular…”

Şəhərdə qalmaq təhlükəli idi. Fevralın 29-u Ruzanna ailəsi ilə birlikdə Sumqayıtı tərk edir:

“Fevralın 29-u xəbər yayıldı ki, erməniləri gizlədən yerli əhalinin də aqibəti eyni olacaq. Artıq bizə kömək göstərilməsi imkansız idi. Kütləvi qırğınlar hər yerdə baş verirdi. Ən çox 8-ci mikrorayon ərazisində yaşayanlar əziyyət çəkdi. Qırğın törədənlər hara gedəcəklərini yaxşı bilirdilər, onların əllərində hazır siyahı var idi. Bizim evə ayın 29-unda girdilər. Lakin qonşumuz bizi qabaqcadan xəbərdar etdiyindən biz həmin günün səhəri marşrut taksisi ilə Bakıya yola düşmüşdük. Bu hadisələrdə qonşumuz yaşadığımız evimizi qoruya bilmişdi, o evin dağıdılmasına imkan verməmişdi”.

Qarabağ münaqişəsi nəticənidə hər iki tərəfin insanlarının həyatı, evi, qonşularından başqa onlar üçün ortaq olan keçmişə münasibətləri də dəyişdi. Bu dəyişiklik o qədər böyük idi ki, söhbət etdiyimiz insanlar öz ailələri haqqında ətraflı danışmaq istəmirdilər. Tanışlarının təhlükəsizliyini qorumaq üçün onların köhnə şəkillərini göstərməkdən imtina edirdilər.

Azərbaycandan olan Ruslan bu mövzuda söhbətin təhlükəli olduğunu və işində maneə yaradacağından çəkindi. O, müsahibənin tam anonim olmasını xahiş etdi və səbəbini söylədi: “Elə çıxmasın ki, mən qorxağam. Mən özümə görə qorxmuram. Mənim həyat yoldaşım, uşaqlarım, qardaşlarım, yaşlı valideynlərim var. İndi sizə erməni qonşularımızın necə yaxşı olduğundan danışıram. Bunu demək qadağandır, çünki hamı üçün onlar bizim düşmənimizdir. Məni xalq düşməni kimi qələmə verə bilərlər, yaxınlarımı isə izləyə bilərlər, xalq düşməninin ailəsi kimi təqib edə bilərlər”.

Baqrat Aleksanyanda onun bu söhbətə görə problemləri ola biləcəyini bildirdi…

Görəsən iki ölkə arasında nifrət və qorxu bu qədər böyükdür ki, insanlar öz sadə xatirələrini bölüşməkdən çəkinirlər? İnsanlara bu qorxunu hansı faktorlar aşılayır?

Azərbaycanda tanınmış hüquq müdafiəçisi, keçmiş siyasi məhbus Rəsul Cəfərov azərbaycanlılarda və ermənilərdə keçmiş haqqında xatirəri danışmaqdan qorxmağın səbəbi kimi hüquq müdafəçilərinə qarşı total repressiyanın mövcudluğunu və hər iki hakimiyyətin münaqişənin həlli prosesində monopoliya yaratmasında görür.

“Əsas səbəb cəmiyyətdə qorxu ab-havasının olmasıdır. Son illərin hadisələrinə nəzər salsaq görərik ki, Azərbaycandakı repressiyaya bilavasitə sülh yaratma istiqamətində fəaliyyət göstərən təşkilatlar deyil, bütün QHT-lər uğradı. Bütün bu hadisələr ölkə əhalisinin gözü qarşısında oldu. İnsanlar gördülər ki, bəzən bu haqda ixtisaslaşmış qurumların nümayədələri danışmağa ehtiyat edirlər. Təbii ki, onlar da bu mövzuda açıq danışmağa, suallara cavab verməyə, şəhr etməyə özlərini hazır bilmirlər”.

Rəsul Cəfərovun sözlərinə əsasən, digər tərəfdən Azərbaycandakı kimi Ermənistanda da hakimiyyət bu münaqişədən siyasi dividentlər əldə etmək və müxtəlif növ manipulasıyalar üçün istifadə edir: “Hakimiyyətlər onlara dolayı yolla tabe olan KİV və QHT-lər, hakim partiyaya tabe olan millət vəkilləri və digər müxtəlif yollar vasitəsi ilə cəmiyyətdə bu mövzu ilə bağlı açıq münasibətlərin bildirilməsinə maneə törədirlər”.


Məqaləni hazırlayanlar:


Ayaz Kərimov- Bakı



Qayane Mkrtçyan- Yerevan



Mətnin müəllifi- Günel Mövlud

Ana səhifəXəbərlərQadağa qoyulmuş xatirələr