Putindən Finlandiya və İsveçin NATO-ya üzvlüyünə reaksiya

Vladimir Putin. Foto: Meydan TV

“Onların Alyansa daxil olması bizə birbaşa təhlükə yaratmayacaq”

“Rusiyanın Finlandiya və İsveçlə heç bir problemi yoxdur, ona görə də onların Alyansa daxil olması bizim üçün birbaşa təhlükə yaratmayacaq. Amma Helsinki və Stokholm Moskvadan cavab gözləməlidir”.

Bunu Rusiya Prezidenti Vladimir Putin mayın 16-da deyib.

Rusiya lideri cavabın necə olacağını açıqlamayıb.

Onun sözlərinə görə, bu ərazilərə hərbi infrastrukturun genişləndirilməsi, şübhəsiz ki, Rusiyanın reaksiyasına səbəb olacaq: “Bunun bizim üçün hansı təhdidlər yaradacağına baxacağıq”.

Bununla belə, Rusiya lideri NATO-nun genişlənməsini süni hesab edib.

Mayın 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da İsveç və Finlandiyanın alyansa üzv olmasının əleyhinə çıxdıqlarını demişdi.

O, fikrini PKK terrorçularının və onların əlaltılarının hazırda Skandinaviya ölkələrində aktiv fəaliyyət göstərmələri ikə əsaslandırmışdı.

Ancaq NATO-nun baş katibi Yens Stoltenberq mayın 15-də NATO-nun İsveç və Finlandiyanın alyansa daxil olması məsələsində Türkiyə ilə ortaq dil tapa biləcəyinə əminliyini ifadə edib.

“Əminəm ki, Türkiyənin ifadə etdiyi narahatlıqları üzvlük və ya üzvlük prosesini gecikdirməyəcək şəkildə həll edə bilərik. Ankaranın açıqladığı kimi, Skandinaviya ölkələrinin NATO-ya üzv olmaq üçün müraciətinə mane olmaq niyyətində deyil” .

Ana səhifəSiyasətPutindən Finlandiya və İsveçin NATO-ya üzvlüyünə reaksiya