Putin yanan gəminin nüvə yüklü olduğunu təsdiqləyib

Gəmidə olan nüvə reaktoru tamamilə təcrid edilib və insansızdır.

Foto: Reuters


Rusiya səlahiyyətliləri hadisənin detallarını gizli saxlayırlar

Rusiya prezidenti Vladimir Putin bu həftə yanan dənizaltı gəminin nüvə silahıyla yüklü olduğunu deyib və qeyd edib ki, müdafiə naziri reaktorun mühafizəsi mövzusunda ona təminat verib, – Azadlıq Radiosu xəbər verir.

Kreml iyulun 4-də bəyanat verib ki, Putin hadisəni İtaliyaya getməzdən əvvəl müdafiə naziri Sergey Şoyqu (Sergei Shoigu) ilə müzakirə edib.

Hadisədən üç gün sonra Kreml görüşməsi zamanı Putin ilk dəfə olaraq bildirib ki, gizli hərbi gəmi nüvə yüklü olub. O, Şoyqudan 14 dənizçinin ölümüylə nəticələnən yanğından sonra gəminin vəziyyəti haqqında soruşub.

"Gəmidə olan nüvə reaktoru tamamilə təcrid edilib və insansızdır. Reaktorun qorunması üçün ekipaj tərəfindən lazım olan bütün tədbirlər görülüb. Reaktor işlək vəziyyətdədir, " Şoyqu Putinə deyib.

"Bu, bizə qısa müddətdə gəminin xidmətə verilə biləcəyi barədə ümid verir," o deyib.

Hadisə ilə əlaqədar araşdırma aparmaq üçün Putinin vəzifələndirdiyi Şoyqu deyib ki, yanğın gəminin sualtı batareya bölməsində baş verib. O, yanğının səbəbi barədə məlumat verməyib.

Rusiya səlahiyyətliləri hadisənin detallarını gizli saxlayırlar.

Müdafiə Nazirliyi hadisənin iyulun 1-də baş verdiyini deyib, lakin növbəti günə qədər hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

"Bəzi məlumatlar dövlət sirri kimi təsnif olunur," – Putinin sözçüsü Dmitri Peskov iyulun 3-də jurnalistlərə bildirib. O qeyd edib ki, gəminin yanmasıyla bağlı məlumat "dövlətin təhlükəsizliyi baxımından" önəmlidir.

Eyni gündə gəminin hazırda lövbər saldığı Severomorskda açıqlama verən Şoyqu deyib ki, bəzi ekipaj üzvləri və bir vətəndaş qəzadan xilas ola bilib.

Nazir neçə nəfərin xilas olduğunu da açıqlamayıb.

Müdafiə Nazirliyi əvvəllər ekipajın 14 üzvünün tüstüdən zəhərlənmə nəticəsində öldüyünü bildirib.

Ana səhifəDünyaPutin yanan gəminin nüvə yüklü olduğunu təsdiqləyib