Pulun inandırdığı istedad

Siyavuş Novruzov daha səmimi deyilmi?

Source:

Bir neçə ilin söhbətidi. 4 nömrəli xəstəxanada bir qızla tanış oldum. 20 yaşı vardı. Valideynləri öləndən sonra bacıları onu ata evindən bayıra atmışdılar. Şəkər xəstəliyinə tutulmuşdu, beş il idi ki, insulinlə yaşayırdı. Bir ay idi ki, xəstəxanada yatırdı, ordan çıxıb getməyə yeri yox idi. Həkimlərə yalvarırdı ki, onu bir az da burada saxlasınlar. Amma həkimi ona iki gün vaxt qoymuşdu palatadan çıxmaq üçün.

Əməkdaşlıq elədiyim bir saytın baş redaktoruna təklif elədim ki, sayt bu qız üçün bir xeyriyyə aksiyası keçirsin. Elan versinlər, bir qədər pul yığılsın, ev, yemək dərdi bir müddətliyə həll olunsun. Baş redaktorum ehtiyatla dedi ki, xeyriyyə söhbətlərinə girişmirik. Yuxarıların xoşuna gəlmir belə şeylər. Problemi varsa, Heydər Əliyev fonduna müraciət eləsin.

«Xaç atası» filminə yəqin ki, baxmayan tapılmaz. Mafiya başçısı Mayk Karleoninin öldürdüyü, qətlinə fərman verdiyi adamların sayı-hesabı yoxdur. Yolunun üstündə dayanan ən yaxın adamlarını belə bağışlamır. Çevrəsindəki adamların, dostlarının xəyanətindən şübhələnəndə düşünmədən onları qətlə yetirir. Doğma qardaşını öldürtdürür. Amma o həm də xeyriyyəçiliklə məşğuldur. Atasının adına yaratdığı fonda qızı rəşbərlik edir. Fond yetim, ac uşaqlara, kimsəsizlərə yardımlar edir. Mətbuat bu xeyriyyə addımlarından yazır. Məşhur mafiya başçısı fondun xeyriyyəçiliyi ilə öz qətllərinin, ləkəli keçmişinin və bu gününün üstünü örtməyə, biznesini, ailəsinin adını təmizə çıxarmağa çalışır.

Azərbaycanda xeyriyyəçilik az qala qadağan olunmuş fəaliyyət növlərindən biridir. Sağ əlinin verdiyini sol əl bilmirsə, problem yoxdu. Amma sən bunu bəyan edirsənsə, xeyriyyəçiliyinin şahidləri varsa, bunu bağışlamırlar. Hünərin var, bir yetimə əl tutduğun yerdə sənin şəklini çəksinlər. Yolunu kəsərlər, vəzifəndən atarlar, təşkilatını bağlayarlar. Azərbaycanda mərhəmət hissi inhisara alınıb. Mərhəmətli görünmək, rəhm hissini göstərmək qadağan olunub. Bu ölkədə ancaq bir ailənin üzvləri mərhəmətli insanlar kimi görünə, rəhm edə bilərlər.

Heydər Əliyevin prezidentliyi dövründə hakimiyyətin ötürdüyü mesaj bu idi: Neft bizimdi, pul bizimdi, ordu bizimdi, güc bizimdi, amma incəsənət-mincəsənət, ədəbiyyat-zad qoy sizin olsun, başınızı qatın. Bu yerdə qısa bir haşiyə çıxmaq istəyirəm. İnsanlar ata ilə oğulun hakimiyyətlərini dəyərlənlirərəkən bəzən yanlışlığa yol verirlər. Deyirlər ki, Heydər Əliyevin vaxtında bir az yaxşı idi. Əslində belə deyil. Sadəcə Heydər Əliyevin vaxtında bu qədər pul yox idi. Nə hakim ailə, nə nazirlər, nə məmurlar bu qədər varlı deyildilər. İlham Əliyev gələndən sonra vəziyyət kəskin şəkildə dəyişdi. On ildən çox müddətdə ağlasığmaz dərəcədə varlanmış nazirlər, məmurlar, bu adamların ailələri ədəbiyyata, incəsənətə də əl qoydular. Ortada ədəbiyyatla, incəsənətlə məşğul olan bir-iki yetimə də mesaj ötürdülər ki, bunu da əlinizdən alacağıq. Bu ölkədəki hər şey kimi, ədəbiyyat da, mədəniyyət də bizim olacaq. Şeiri də özümüz yazacağıq, rəsmi də özümüz çəkəcəyik. Art-kafeləri də özümüz açacağıq. Sərgiləri də özümüz təşkil edəcəyik. Mədəni tədbirləri də biz keçirəcəyik. Musiqini də özümüz bəstələyəcəyik. Ədəbiyyat saytlarını da özümüz açacağıq.

Beş-on ilin içində hamısı şair, bəstəkar, yazıçı, rəssam oldu. Cavid Qurbanov şeir yazır. Tağı Əhmədov şeir yazır. Kəmaləddin Heydərov mahnı bəstələyir. Əli Həsənovun arvadı şeir yazır. Leyla Əliyeva şeir yazır, rəssamlıq, heykəltaraşlıq edir. Nərgiz Paşayeva art-kafe açır. Nərgiz Paşayevanın qızları yaradıcılıq emalatxanaları açır. Tağı İbrahimovun qızı modelyerdir. Az qala hər nazirin, məmurun ya özü ədəbiyyatla, incəsənətlə məşğuldur, yada uşaqları, arvadı, nəvəsi.

Tez-tez deyirlər ki, bu adamlar kasıb, ac yaradıcı adamları əllərinin altında qul kimi işlədir, onların yaratdıqlarını öz adlarına çıxırlar. İnanmıram. Onların təkəbbürü buna imkan verməz. Onlar hansısa kasıbın, hansısa sadə adamın özlərindən istedadlı, yaradıcı olmağı, sənət, ədəbiyyat barədə daha çox şey bilməyi ilə barışa, bunu qəbul edə bilməzlər. Mən inanıram ki, Leyla Əliyeva şeirlərini özü yazır. Rəsmləri özü çəkir. Tağı Əhmədov, Cavid Qurbanov şeirlərini özləri yazır. Kəmaləddin Heydərov mahnılarını özü bəstələyir. Çünki əllərindəki pul, güc onları istedadlı olduqlarına inandırıb. Bu adamlar yaradıcı ruhlarının olduğuna, mənəvi zənginliklərinə, sənətdən başları çıxdığına inanıblar.

Alınan mənzərə sadəcə dəhşətlidir. Ata, ər rüşvət alır. İnsanların taleyi ilə oynayır. İşçilərini, əlinin altındakıları alçaldır, söyür, təhqir edir. Dörd tərəf yalanla, intriqa ilə, tökülən qanlar, yeyilən haqqlar, həbs olunan günahsız insanlarla doludur. Amma bununla yanaşı ailədə şeirlər yazılır, rəsm əsərləri çəkilir, yüksək, ali dəyərlərdən söhbətlər gedir. İncəsənət, ədəbiyyat barədə danışılır. Mark Zaxarovun «Sadə möcüzə» (“Обыкновенное чудо” – Марк Захаров 1978) filmində kral filmin qəhrəmanına öz qızı barədə danışır: «Sarayda intriqalar baş alıb gedir. Divarın bu tayında adamlar öldürülür, o tayında isə qızım şairləri, yazıçıları başına yığıb poeziyadan, sənətdən danışır. tökülən qanların, saraydakı intriqaların ona heç bir dəxli yoxdur»…

Kobud, cahil, savadsız insanların elədikləri nədir ki? Siyavuş Novruzov insanların evlərini sökə-sökə, orduda əskərlərin ölüdrülməsinə göz yuma-yuma, təqaüdçüsünü acından öldürə-öldürə şeir yazan, rəsm çəkən, mahnı bəstələyən, ali dəyərlərdən danışan insanlardan daha səmimi deyilmi? Bunlar bir yana, özünü əzabkeş, sufi, asket kimi göstərib, əslində hər şeyi dəqiq hesablaya bilən, prezident təqaüdü, «sot yeri»ni nə vaxt və necə almağın yolunu yaxşı bilən, müsahibələrində ölkələrindəki haqsızlıqlardan sual veriləndə ustalıqla söhbətdən yayınan Rüstəm Behrudi, Alim Qasımov kimi adamlardan səmimi deyilmi? Siyavuş Novruzov heç olmasa ali dəyərlərdən danışmır, özünü incəsənəti başa düşən, qiymətləndirən adam kimi göstərmir.

Pazolini «Salo Sadomun 120 günü» (Salò o le 120 giornate di Sodoma – Pier Paolo Pasolini 1975) filmində göstərdi ki, ali dəyərlərdən, yüksək incəsənətdən danışa bilən, zövqlü, intellektual insanların eləyə biləcəkləri qəddarlıqlar, vəhşiliklər, iyrəncliklərin yanında kobud, cahil insanların elədikləri heç nədir. Göstərdi ki, divarından təsviri sənət şedevrlərini asıb, həmin otaqda insanı zorlamaq, öldürmək, dilini kəsmək olar. Zövqlü, yaradıcılığa qiymət verən insanlar gözəl süfrədə büllür qablarda, gümüş çəngəl-bıçaqla adamlara nəcis yedirə bilərlər. Ali dəyərlərdən, fəlsəfədən, ədəbiyyatdan danışa-danışa min bir iyrəncliyi eləmək olar.

Bu ölkədə onsuz da hər şey onların idi. Qalan təkcə zövq və hisslər idi. Onlar zövqü, insan hisslərini də «monopoliya»ya aldılar…


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəPulun inandırdığı istedad