Pulu söyənlər…

Əgər indi Azərbaycanda bir ovuc adam üçün…

Source:

İtalyanlar deyirlər: “İnsanı kitablardan çox illər dəyişdirir”. Haqlıdırlar. Bəzən illər hətta bir zamanlar oxuduğumuz kitabları da yenidən, özü də bu dəfə tamam başqa gözlə oxumağa məcbur edir. Dünən heyranlıqla oxuduğumuz hər hansı əsər sabah bizə bayağı görünə bilər. Belə bir əsəri səbr edib sonadək oxuduğumuza, heyran qaldığımıza görə hətta özümüzə gülə də bilərik. Ya da nə vaxtsa oxuyub bir şey anlamadığımız hər hansı əsəri illər sonra yenidən oxuduqda qazandığımız həyat təcrübəsi onu bizə sevdirə, dərindən dərk etdirə bilər.

Ona görə də illərin insanları kitablardan çox dəyişdirdiyinə əsla şübhəm yoxdur. Amma gəl gör ki, Azərbaycanda insanları illərdən də, kitablardan da çox dəyişdirən başqa bir qüvvə var. Bu – puldur.

Pulun gücünü inkar etmək çox gülməlidir.  Pulun əl çirki olduğunu deyənlər arasında səmimi olanları da yəqin barmaqla saymaq mümkündür. Pula qarşı adətən o adamlar danışırlar ki, pulun qarşısında ilk növbədə onlar əyilir, onlar sınırlar. Amerika filosoflarından birinin dediyi kimi: “Əgər bir nəfər “mənim üçün pul mühüm deyil, prinsiplər mühümdür” deyirsə, bilin ki, onun üçün mühüm olan puldur”.

Yaxın tariximizdə bunu sübut edən kifayət qədər örnəklər var. Şeirlərində “Vətəni pul kimi cibinə dürtənlərə” “üsyan” edib həyatda övladını prokuror qoymaq, səfir göndərmək üçün haqsızlığa susan, zülmü mədh edən xalqsız xalq şairi də gördük, “azadlıq”, “demokratiya”, “ədalət” deyib yeri-göyü inlətdikdən sonra gedib Kəmaləddin Heydərovdan 20 min manat alıb ona təşəkkür edən müğənni-müxalifətçi də. Bir sözlə, ehtiyac nə qədər qəhrəmanı qul elədi.

Yaranmış bu situasiyada pulu söymək yersizdir. Əksinə, buna görə pula hətta təşəkkür etmək lazımdır. O, son illərin Azərbaycanında çoxlarını öz təbii halına qaytardı. Bir tərəfində pul artdıqca, göz qamaşdırmağa başladıqca digər tərəfdə çoxları özü olmağa, “azadlıq”, “demokratiya”, “hüquq”, “ləyaqət” anlayışlarını valyuta ilə ifadə etməyə başladı. Dəyərlər dəyərsizləşdi.  Dəyərsizliklər komfort həyat və yüksək karyera mənbəyinə çevrildi.

Bu isə heç də yalnız pulun gücü deyil. Bu, daha çox insanın gücsüzlüyüdür. İnsanın özünü qul və ya əşya kimi görməyə başlamasının görsənişidir. Satılan varsa, alan əlbəttə, olacaq. Buna pul neyləsin?! Pul, bir Şərq müdrikinin təbirincə desək, sərçə kimi doğulanların qartal kimi ölməsinə kömək edə bilməz ki?!

Azərbaycanda elə bir vəziyyət yarandı – daha dəqiq desək, yaradıldı ki, oğurluq, talan, cibgirlik normaya çevrildi. Başqalarının cibinə girmək, qul haqqı yemək, məzlumun ahını almaq fərasət göstəricisi kimi qəbul edildi. İnsanın ağlı, ruhu, qəlbi, bacarığı imtina etdikləri ilə yox, əldə etdikləri ilə ölçülməyə başladı. Rüşvətin adı “şirinlik” qoyuldu. “Bir tikə çörək pulu” bəhanəsi ilə bütün əxlaqsızlıqlar legitimləşdirildi: seçki qutusuna saxta bülleten tutmaqdan tutmuş, üzəduranlığa, işverənliyədək. “Bir qarın çörək pulu” – bu indi Azərbaycanda az qala bütün yaramazlıqların vahid adıdır. Eyni sual: yaxşı, bəs indi buna pul neyləsin?!

Bəyəm bıçağın günahıdırmı ki, o hansısa zalımın, cinayətkarın əlində başqasının ürəyinə saplanır, axı bıçaq bir cərrahın əlində kiminsə həyatının xilaskarına da çevrilə bilir. Elə isə bıçağı, yoxsa onu tutan əli qınamalı?

Həqiqət də qələmlə yazılır, yalan da. Elə isə qələmi, yoxsa onu tutan əli günahlandırmalı?

Daşla baş da yarırlar, daşla ev də tikirlər. Elə isə daşı, yoxsa onu tutan əli ittiham etməli?

Pulla bağlı da belədir. O kimin üçünsə başqalarını əzmək, alçaltmaq, tabe etmək, öz pisliklərini yaymaq, həyata keçirmək vasitəsidir, ya da kimin üçünsə bütün yüksək mənəvi dəyərlərdən yuxarıdadır, həyatın ali məqsədidirsə, yenə həmin sual: buna pul neyləsin? Bunda pulun günahı nədir? Axı bir başqası da pulu yaxşı əməllər, xeyirxah niyyətlər, bəşəri ideallar üçün vasitəyə çevirə bilir. Pul da həyatda və təbiətdə var olan hər şeylə  eyni dərəcədə faydalı, eyni dərəcədə zərərlidir, sadəcə, baxır o kimin əlindədir: ziyanvericinin, yoxsa xeyirxahın, Xeyirin, yoxsa Şərin, pisin, yoxsa yaxşının?!

İnsan vətənini seçmədiyi kimi, pul da cibi seçmir. Onun Kəmaləddinin, Ziyanın cibində olub, hansısa Əhmədin, Məmmədin cibində olmamaq kimi bir məqsədi, yaxud seçimi yoxdur. Əgər indi Azərbaycanda bir ovuc adam üçün pul konfet kağızına çevrilib, çoxluq üçünsə əlçatmazda, ünyetməzdədirsə, bunun səbəbləri məlumdur: quldarlıq təfəkkürünün idarəetmə normasına çevrilməsi. Şahın qanun olması. Ədalətsizliyin hakim rolunda çıxış etməsi. Və bütün bunlara qarşı total biganəlik. Kütləvi itaətkarlıq.

Qısası, pulu ittiham edənlər bu qəzəb və nifrətlərinin mində birini acgöz idarəetmənin özünə qarşı yönəltsəydilər, mənzərə yəqin ki, indikindən qat-qat fərqli olardı.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəPulu söyənlər…