Şagirdlərə paylanmalı olan kitabların necə satıldığına aydınlıq gətirən yoxdur
“Üzərində “pulsuz” yazılan dərsliyi mağazadan 7 manata almışam. Bilmirəm Təhsil Nazirliyi hara baxır. Sonra da deyirlər ki, dərsliklər məktəbdə pulsuz paylanır. Məktəbdən də deyirlər, filan yerdə satılır, get, al”.
Bu sözləri qızı 7-ci sinfə gedən Bakı şəhər sakini Mehriban Hümbətova deyir. Onunla kitab mağazasında rastlaşırıq.
Özünü Pərvanə xanım kimi təqdim edən digər alıcı də arxasında “pulsuz” yazılmış dərslikləri alır. O da gileylidir:
“Məktəb hər uşağa bir kitab verir. Deyəndə də cavab verirlər ki, gedib alın. Məcburuq alaq”.
Pulsuz, yəni satılması qadağan edilmiş dərsliklər neçə illərdir açıq-aydın satışdadır. Satıcılar etiraf edirlər ki, dərsliklər məktəb kitabxanalarına paylanmadan əvvəl mağazalara verilir.
Builki tədris mövsümündə “pulsuz”dərsliklərin qiyməti də artırılıb. Metronun “28 may” stansiyasının yaxınlığındakı kitab mağazasının satıcısı Anar Şəfiyev deyir ki, ötən il 5 manata satılan dərsliklər bu il 6 manat 50 qəpik-7 manat olub.
Təhsil Nazirliyi də üzərində pulsuz yazımış dərsliklərin satışından xəbərdardır. Amma nazirlik üzərində pulsuz yazılmış dərsliklərin mağazalara necə yol tapdığını şərh etmək istəmir.
“2017/2018-ci tədris ili üçün şagirdlərin dərsliklərlə təminatının təşkili üçün bu ilin may ayınadək respublikanın dövlət ümumtəhsil məktəblərinin şagird kontingenti və məktəblərin kitabxanalarında mövcud olan istifadəyə yararlı dərsliklərin sayı dəqiqləşdirilib. Nəticədə yeni tədris ilinə dərsliklərə olan tələbat müəyyənləşdirilib və ona müvafiq olaraq dərsliklərin bölgüsü hazırlanıb. 241 adda 4563416 nüsxə IV, VI, VIII və X siniflər üçün dərslik və müəllimlər üçün metodik vəsait çap edilib”,- nazirliyin rəsmi açıqlamasında qeyd olunur.
Nazirlik qeyd edir ki, dərsliklər mövcud tələbata uyğun olaraq çap edilir və şagirdlərə pulsuz verilir. Hazırda ümumitəhsil müəssisələrində kifayət qədər dərslik var və bu məsələdə hər hansı çatışmazlıq barədə nazirliyə məlumat daxil olmayıb.
Mağazalarda isə müxtəlif nəşriyyatların, məsələn, “Şərq-Qərb”, “Bakı nəşr”, “Təhsil”, “Çaşıoğlu” “Hədəf” nəşri olan dərsliklər var.
Çingiz adlı satıcı deyir ki, pulsuz dərslikləri nəşriyyatlar satırlar. Kitablar nazirliyin sifarişindən artıq çap edilir, buna görə də pulsuz sözünü silə bilmirlər.
“Bakı nəşr” nəşriyyatının özünü təqdim etməyən satıcısı isə deyir ki, dərsliklər çap olunaraq Təhsil Nazirliyinə verilir. Kitabların paylanmasını nazirlik icra edir. Dərsliklərin mağazalara necə yol tapmasını da yalnız nazirlik cavablandıra bilər.
Mövcud qanunvericiliyə uyğun olaraq dərsliklər yalnız tender yolu ilə hazırlanır və nəşriyyatlar tərəfindən çap edilir. Dərsliklərin çapı üçün hər il təxminən 7-9 milyon manat vəsait ayrılır. Nazirlikdən verilən məlumata görə, 2013-cü ildə büdcədən dərslik çapına 8.6 milyon, 2014-cü ildə 8 milyon, 2015-ci ildə 8,5 milyon manat ayrılıb. 2016/17-ci tədris ilində nə qədər vəsait ayrıldığı göstərilmir. Bu barədə suala da nazirlikdən cavab almaq mümkün olmadı.
Hər bir dərsliyin istifadə müddəti 4 ildir. Dərsliklərdən istifadə “Dərsliklərin nəşri, çapı və paylanılması Qaydaları”na əsasən tənzimlənir. Dərslik fondunun qorunub saxlanılması və istifadəsinə görə təhsil müəssisənin rəhbəri məsuliyyət daşıyır.
Adının aıqlanmasını istəməyən məktəb direktoru isə deyir ki, kitab çapında tiraj üzərində saxtakarlıq edilir. Yəni 100-110 min tirajla çap olunmuş dərsliyin üzərində tiraj az göstərilir. Beləliklə də, bazara çıxarmaq üçün əlavə dərsliklər çap olunur. Bu da küllü miqdarda vəsaitin ciblərə getməsi ilə nəticələnir.
Təhsil üzrə ekspert Etibar Əliyev də “virtualaz.org” saytına açıqlamasında tirajların səhv göstərildiyinə diqqət çəkib:
“Dərsliklərin orta məktəblərə çatdırılmasını Təhsil Nazirliyi həyata keçirir. Hər dərslik üzrə isə tiraj müəyyən olunur. Həmin tiraj əsasında kitablar çap edilir. Bir çox dərslikdə isə tiraj yanlış göstərilir. Məsələn, 100 min tirajla çap olunmuş dərsliyin üzərində tiraj 20-30 min qeyd edilir. Tiraj məsələsində müəyyən saxtakarlıqlar dərhal hiss olunur. Əgər dərsliklər şagirdlərin sayına əsasən çap olunursa, satışda olan pulsuz dərslikləri ancaq belə izah etmək olar ki, ya şagirdlərin hamısına dərslik çatdırılmır, ya da bazara çıxarmaq üçün əlavə dərsliklər çap olunur. Bu da çox ciddi miqdarda maliyyə vəsaitinin xərclənməsinə səbəb olur. Məncə, dərsliklər şagirdlərə paylanandan sonra nazirlik monitorinq keçirməlidir. Mənə bəzi rayonlardan da məlumat gəlir ki, şagirdlərə dərslik çatmır”.
Mətbuat hər dərs ili başlayanda mövzunu aktuallaşdırır və pulsuz satılan dərsliklərlə bağlı tənqidi məqalələr yazır. Lakin heç nə dəyişmir, nə Təhsil Nazirliyi, nə də bunun qarşısını almaqda məsul olan digər müvafiq qurumlar problemin həllinə maraq göstərmirlər.